Şrift:
İran xarici işlər naziri Ketrin Eştonla görüşməkdən imtina edib
19.03.2014 [09:29] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran xarici işlər naziri ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında martın 17-də Vyanada bir işgüzar şam yeməyi zamanı keçirilməsi planlaşdırılan görüş ləğv edilib.

İran mətbuatının verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif Ketrin Eştonun İrana səfəri zamanı martın 9-da Avstriyanın Tehrandakı səfirliyində azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və il yarım əvvəl zindanda işgəncələr altında öldürülmüş bloqçu Səttar Behiştinin anası Gövhər Eşqi ilə görüşməsinə etiraz olaraq belə bir addımı atıb.



Nəticədə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtin növbəti nüvə müzakirələrinin gündəliyini müəyyənləşdirmək üçün bir araya gəliblər.



Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri martın 18-də saat 11:00-da Vyanada öz işinə başlayacaq. Danışıqlarda Ərak ağır su nüvə reaktoru, dinc məqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq, yəni Birgə Fəaliyyət Proqramındakı addımlar və “altılıq” ölkələrinin üzərlərinə düşən öhdəliklərin ikinci bəndinin dördüncü maddəsi, sanksiyaların aradan qaldırılması, o cümlədən Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) uyğun olaraq nüvə silahlarının istehsalı və yayılması məsələləri müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed