Şrift:
Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbuluna başlanır
27.03.2014 [10:59] - Gündəm, Gənclik
2014/2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2014-cü ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu aprelin 1-dən 30-dək aparılacaq. Göstərilən müddət ərzində abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub və təsdiqini təmin etməlidirlər.



Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Azərbaycanın ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirənlər, ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər, 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini aprelin 1-dən 30-dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq etməlidirlər.


Digər abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən 30-dək müvafiq SQK-larda təsdiq etdirməlidirlər.



SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed