Şrift:
Azərbaycanda saytları nəzarətdə saxlayan layihənin müəllifi danışır
14.05.2014 [09:50] - Gündəm, Sosial
Elşad Yusifli 1979-cu ildə Bakıda anadan olub. Türkiyənin Qazi Universitetində kompüter və elektronika müəllimliyi ixtisası üzrə təhsil alıb. Həmin universitetdə və özəl şirkətdə proqramçı kimi çalışıb. Azərbaycana qayıtdıqdan sonra bir neçə il mobil operatorların birində mühəndis kimi fəaliyyət göstərib, daha sonra Nettrends.az layihəsini yaradıb.

- “Nettrends”i yaratmaq ideyası necə meydana gəldi?

- Bazarda həmişə monitorinq şirkətləri olub. Onlar xəbəri tapır, oxuyur və bəzi şirkətlərə həmin xəbərlərin hesabatını verirlər. Azərbaycanda fəaliyyət göstərən belə şirkətlərin heç birində texnologiya infrastrukturu yoxdur. Burada işçilər saytlardan xəbəri əllə toplayıb hesabat hazırlayır və şirkətlərə göndərirlər. Türkiyədə, Avropanın bir sıra ölkəsində bu işi görən proqramlar var. O proqramlar saytları avtomatik yoxlayır, hansısa kompaniyadan yazılıb-yazılmadığını araşdırırlar. Əvvəl fikirləşdik ki, proqramı Türkiyədən hazır alaq, getdik “Ajanspress”lə görüşdük. Dedilər bizdə elə proqram yoxdur, işçilərimiz saytları oxuyub hesabat hazırlayırlar. Bu, bizə çox qəribə göründü və qərara gəldik Türkiyədən almayaq, elə özümüz hazırlayaq. Azərbaycana qayıdandan işə başladıq və təxminən bir ilə proqramı yazıb tamamladıq.

- Proqramı kimlə birgə hazırladız?

- Özüm yazdım. Layihədə 2 nəfərik: Samir Qənirli və mən. O əsasən satış, menecment işinə baxır, müştərilərlə əlaqədə çalışır. Texniki tərəfsə mənlikdir. Proqramın işi ölkədəki bütün xəbər agentliklərini, saytları, bloqları nəzarətdə saxlamaqdır; yeni bir xəbər çıxan kimi onu bizim bazaya atır. Beləcə, Azərbaycanda çıxan bütün xəbərlərin bir versiyası da bizim bazada yığılır. Daha sonra biz oradan müxtəlif hesabatlar çıxarırıq: hansı firmalarla bağlı yazıblar, ümumiyyətlə, mediada nə haqqında yazılır, “trend”də nədir və sair.

- “Nettrend”i yaradanda sizi maliyyələşdirən var idimi? Piar işlərini necə həyata keçirirdiz?

- Proqramı yazmağa başlayanda mən istəyirdim bir maliyyə mənbəyi tapaq. Çox yerə getdik, dedik belə bir layihəmiz var, bu proqramı hazırlamaq istəyirik, amma heç kim fikrimizi bəyənmədi, heç kim bizə maliyyə ayırmadı. Bundan sonra proqramı özümüz yazdıq, o müddətdə reklam, elan işlərini heç kimdən kömək almadan etdik. Reklam işində, müştərilərin bizi tanımasında işimizə yarayan yeganə cəhət bu idi ki, bazarda onsuz da bu xidmət vardı, sadəcə avtomatik deyildi. Şirkətlərə xidməti ya firmalar göstərirdi, ya da özləri məlumatları izləyirdi. Biz gedirdik, piar işçisi deyirdi mən hər gün, ələlxüsus da hansısa tədbirimizdən sonra saytlara baxıram, onların nə yazdığını araşdırıram. Biz də təklif elədik ki, bu qədər vaxt xərcləməkdənsə elə proqram sizin yerinizə bunları araşdırsın. Bu həm tez, həm də ucuz başa gələcək. Əvvəlcə test xidmətləri göstərdik, firmalara o dəqiqə müqavilə təklif eləmədik, proqramın işlərinə yarayıb-yaramadığını öyrənmələri üçün onlara vaxt verdik.

- Hesabatlarda təxminən 180-185 sayt göstərirsiz, amma bu yaxınlarda Mətbuat Şurası Azərbaycanda 300 xəbər saytının olduğunu elan edib. Deməli, sistemə bütün saytları əlavə eləmirsiz...

- İşləyən saytların hamısını əlavə etməyə çalışmışıq. Ola bilsin, 300 sayt xəbər saytı kimi qeydiyyatdan keçib, amma onların böyük hissəsi gündəlik xəbərçiliklə məşğul deyil.

- Proqrama spesifik saytları da əlavə edirsiz? Məsələn, ancaq informasiya texnologiyasından, iqtisadiyyatdan, yaxud mədəniyyətdən yazan. Yoxsa bunlar sizin maraq dairənizə daxil deyil?

- Onlar da bizim marağımızdadır. Azərbaycanda gündəlik xəbər çıxaran bütün xəbər saytları, bloqlar siyahımızdadır. Çünki müştərilər də fərqlidir. Məsələn, bəzi şirkətlər üçün texnologiya xəbərləri maraqlıdır, bəziləri üçün idman.

- Belə görünür biznesiniz perspektivli biznesdir...

- Böyük şirkətlər hamısı bu xidmətləri alır, bundan heç kim imtina etmir. Ola bilər kiçik firmalar xidmətdən xəbərsiz olsun, onlar da yeni-yeni bundan istifadə etməyə başlayır. Şirkət böyüdükcə, rəqabət artdıqca bu xidmətlərdən istifadədə daha maraqlı olurlar.

- Dövlət qurumları sizinlə əməkdaşlıq edirmi?

- Müştərilərimizin arasında dövlət müəssisələri də var. Onlar da hansı sektorla işləyirsə, onunla bağlı xəbərləri alır.

- Dövlət qurumlarının adı çox uzun olur və adətən saytlarda qısaldılmış formada verilir. Avtomatlaşdırılmış sistem o adları tanıya bilirmi?

- Sistem belə qurulub: orada açar sözlər və bu sözlərin elastiklik payı var. Məsələn, siz deyə bilərsiz ki, sadəcə “diaspor” sözü olan, yaxud həm “diaspor”, həm də “Azərbaycan” sözü olan xəbərləri tap. Sistemdə belə imkanlar çoxdur. Bunları müştəri müəyyənləşdirir.

- Bəzən proqram yazılır, bir müddət sonra hansısa qüsur üzə çıxır, ya da zamanın tələbinə cavab vermir. Siz bu proqramı daim təkmilləşdirirsiz, yoxsa hansısa versiya yaranır və sonra bunun yeni versiyasını yaratmağı planlaşdırırsız?

- Proqram hər zaman yenilənir. Müştəri çatışmazlıq görəndə bizə məlumat verir, biz də o dəqiqə onu düzəldirik.

- Deyəsən, layihəni “Start up”a da təqdim etmişdiz...

- Keçən il birinci dəfə Azərbaycan İnternet Forumu “Start up” layihəsi keçirdi və biz orada qalib gəldik. Yaxşı layihələr çox idi. Qalib olmağımızın bir əsas səbəbi vardı: biz şirkətləşə bildik. Oradakı bir çox layihə hələ yeni-yeni şirkətləşir.

- Şirkətləşmək nə deməkdir?

- “Start up” deyiləndə əsasən müəyyən bir ideyanın olması nəzərdə tutulur. Əsas məqsəd o ideyanı həyata keçirmək, şirkət olub onu sata bilməkdir. “Start up Azərbaycan”da yer tutmağımızın digər səbəbi də bu oldu ki, biz ideyadan bir addım irəli gedib proqram yazdıq, həm də onu müştərilərə satmağa başladıq.

- “Start up”ın mahiyyəti nədir? Müəyyən bir maliyyə ayrılır, sonra o geri qaytarılır, yoxsa ümumiyyətlə təmənnasız verilir?

- “Start up” nədir? Kiminsə bir ideyası varsa, onu həyata keçirmək istəyirsə, ona şərait yaradılır. Şəraitin yaradılması pulsuz başa gəlir. Dövlətin yaratdığı Yüksək Texnologiyalar Parkı tam pulsuzdur. Siz layihənizi təqdim edirsiz, orada münsiflər heyəti baxıb qiymətləndirir. Əgər doğrudan da perspektiv vəd edən ideyadırsa, sizə bir yer ayırırlar, orada işinizə başlayırsız.

- Deməli, ideya mütləq gəlir gətirən olmalıdır...

- İdeyalar müxtəlif olur. Olur sırf biznes ideyası. Bizim ideya biznes ideyasıdır. Bir də ekoloji, ictimai ideyalar var. Burada konkret gəlir yoxdur, ancaq böyük qurumlar onu maliyyələşdirir. Bu cür ola bilər - dənizlərin çirklənməsinin qarşısının alınması ilə əlaqəli, yaxud şəhərin təmizlənməsi ilə bağlı. Belə layihələrə əsasən böyük firmalar qrant ayırır.

- Müsahibələrinizin birində yaxın gələcəkdə sosial şəbəkələrdə işləyəcəyinizi demisiz. Yəni müştərilərin adının oralarda hallanıb-hallanmadığını araşdıracaqsız. Bu iş nə yerdədir, bir irəliləyiş varmı?

- Onu bu ilin fevralına planlaşdırmışdıq. Ancaq bəzi səbəblərə görə hazırlaya bilmədik. İndi bunun üzərində işləyirik. İşin böyük qismi tamamlanıb, yaxın gələcəkdə firmalar sosial şəbəkələrdə onlar haqda nə yazılıbsa, hamısını görə biləcək.

- Bunun üçün sizin sosial şəbəkələrlə əlaqə qurmağınız lazımdır, yoxsa sistem özü prosesi həyata keçirə biləcək?

- Burda iki mərhələ var. Hansısa hesabatlar üçün sadəcə bizim sistem kifayət edir. Daha geniş məlumatlar üçün isə sosial şəbəkələrlə əməkdaşlığa ehtiyac olacaq.

- Hansı sosial şəbəkələri nəzərdə tutursuz - Facebook, Twitter, ya qeyrisi?..

- Dünyada əsasən Facebook, Twitter və İnstagram-dan istifadə edilir. Ancaq bizim regionda Odnoklassniki və Vkontakte də məşhurdur, odur ki, sistemə bunları da inteqrasiya etməyi düşünürük.

- Azərbaycanda böyük bir rusdilli təbəqə var. Siz sistemə rus dilini də daxil etmisiz?

- Biz “Nettrends”də Azərbaycandakı bütün mətbuatı nəzərdə tutmuşuq: həm rusdilli, həm ingilisdilli, həm də azərbaycandilli. Hazırda “Nettrends” bu üç dildə olan mətbuatı nəzarətdə saxlayır. Müştərilər də müxtəlif dillərdə yayılan xəbərlərdə maraqlıdırlar. Ümumiyyətlə, biz bu layihəni tək Azərbaycan üçün yox, ən azı bütün MDB ölkələri üçün nəzərdə tuturuq. Hazırda Gürcüstanda fəaliyyətə başlamışıq.

- Gürcüstan mətbuatını Azərbaycan üçün izləyirsiz, yoxsa Gürcüstandan sifarişçiləriniz var?

- Gürcüstan mətbuatını “Nettrends”ə inteqrasiya edəndən sonra biz bunu həm gürcü şirkətlərinə, həm də Gürcüstanda iş görən Azərbaycan şirkətlərinə sata bilirik. Sistemə gürcü dilini də inteqrasiya eləmişik. Amma Gürcüstanda iş görən Azərbaycan şirkətləri əsasən oradakı rusdilli informasiyalarda maraqlıdır. “Nettrends”in istənilən dillə işləmək xüsusiyyəti var, burada dil məhdudiyyəti yoxdur.

- Dövlət sifarişi olsa, “Nettrends” erməni mətbuatını da izləyə bilərmi?

- Burada problem yoxdur. “Nettrends”də infrastruktur elə qurulub ki, istənilən ölkənin mətbuatını sistemə inteqrasiya edə bilərik. Amma bu, vaxt tələb edən işdir. Qısaca desəm, müəyyən açar sözləri bilmək kifayətdir. Məsələn, ermənicə “Azərbaycan” sözünün necə yazıldığını bilmək kimi. Bunu da çox zaman maraqlı olan tərəf özü bilir. Onlar bu sözləri müəyyənləşdirirlər. “Nettrends”ə dil bilməyə ehtiyac yoxdur. Biz sadəcə dilləri inteqrasiya edirik. Müştəri hansısa “təq”i axtarırsa, onu ora özü yazır.

- Deməli, müştərinin bir idarə paneli var, ora istədiyi sözü daxil edib məlumatları alır?

- Müştərinin bir şəxsi kabineti var, ora daxil olandan sonra sözləri dəyişdirə bilir, yeni sözlər əlavə edir, hansı ölkədəki hansı media quruluşunu izləməyi seçə bilir, hesabatları nə vaxt almaq istədiyini tənzimləyir və sair.

- Təhlükəsizlik məsələləri nə yerdədir?

- Biz bütün tədbirləri görmüşük. Ümumiyyətlə, bizdəki məlumatlar çox özəl olmur, bunlar hamısı mediada çıxan xəbərlərdir. Özəl olan hansı müştərinin nəyi oxumaq istəməsidir. Təbii ki, biz bunları saxlayırıq.

- Mətbuat özü də sizin xidmətinizdən istifadə edirmi?

- Bəli, belə müştərilərimiz də var. Bunlar əsasən kiçik saytlardır. Tutaq bir idman saytıdır, mətbuatda çıxan bütün idman xəbərlərinin ona gəlməsini istəyir. Gedib bir-bir axtarmaq yerinə elə oradan götürüb öz saytına yerləşdirir.

- Layihənin mahiyyəti aydındır. Prinsipcə, maraqlı ideyadır. Bəzən mətbuatın yazdığı gedib ünvanına çatmırdı, ancaq belə bir layihə bu işdə böyük irəliləyişə səbəb olacaq. Bu, hər iki tərəf üçün yaxşıdır…

- Bəli, hər iki tərəfə sərfəlidir. Mətbuat bilir ki, nə yazsa, ünvanına çatacaq, yəni şirkət mətbuatda haqqında nə gedibsə, ondan xəbərdar olacaq. Saytların, bloqların çoxaldığı bir vaxtda xəbərə nəzarət etmək çox çətin olur. Hər iki tərəf qazanır burda.

- Perspektivdə nəsə bir yenilik planlaşdırılırmı?

- Dediyim kimi, ilk növbədə MDB ölkələrində fəaliyyətimizi genişləndirmək istəyirik. Bundan başqa, bəzi hesabatları avtomatikləşdirməyi planlaşdırırıq. Məsələn, sizinlə əlaqəli 100 xəbər çıxıb; bunların neçəsinin neqativ, neçəsinin pozitiv olması maraqlıdır. Hazırda bu xidmət var, ancaq avtomatlaşdırılmayıb. Bu xidməti də avtomatikləşdirəcəyik, yəni “Nettrends” özü başa düşəcək, bu xəbər neqativdir, yoxsa pozitiv.

- Sistem bunu necə müəyyənləşdirəcək?

- Həmin texnologiyaları artıq araşdırmışıq. Bu, dünyada mövcud olan şeylərdir. Sadəcə, onları Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. Bununla bağlı araşdırmalar eləmişik artıq. İşlərimiz yekunlaşandan sonra sistem özü xəbərin neqativ, yaxud pozitiv olduğunu müəyyənləşdirəcək. Bunun kimi bir sıra başqa hesabatlar da var, hazırda biz onları fiziki yolla həyata keçiririk, gələcəkdə hamısını avtomatlaşdırmağı planlaşdırırıq.

- Məsələn, məhkəmə işləri neqativdir, yoxsa pozitiv?

- Çox maraqlı sualdır. Məhkəmə işləri bir tərəf üçün neqativ, digəri üçün pozitiv ola bilər. Ona görə də, sistem bunların hamısını başa düşəcək. Deyəcək ki, bu xəbər, məsələn, “A” şirkəti üçün pozitivdir, “B” üçün neqativ.

Faiq Tahirov
İsmayıl İsmayılov
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed