Şrift:
İstiqlal Abidəsindəki yanlışlıq (video)
27.05.2014 [09:31] - Gündəm, Türkün şanlı tarixi, Siyasi partiyalar
İstiqlalçılarımızın adları niyə gizlədilir?!

Fərəc Quliyev: “Mən hesab edirəm ki, ciddi problemləri və hədəfləri olan Azərbaycanda bu cür məsələlərə həssaslıqla yanaşmaq lazımdır.”


Dünən Milli Dirçəliş Hərəkatı Partiyası “28 May – Respublik Günü”-nə həsr edilmiş “28 May – şərəf tariximiz və İstiqlal Abidəsindəki yanlışlıq” mövzusunda tədbir keçirdi. Partiyanın Mərkəzi Qərərgahının Akt Zalında keçirilən tədbirdə MDHP rəhbərliyi ilə yanaşı, alimlər, həmin dövrün araşdırmaçıları, ictimaiyyətçı və siyasətçılərin də iştirakı ilə mövzuyla bağlı çıxış və müzakirələr oldu. MDHP sədrinin ideoloji məsələlər üzrə müvini Həbib Ələkbərsoy tədbiri açıq elan etdikdən sonra, istiqlalımız uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İstiqlal gününə həsr olunmuş tədbir MDHP-nin İdeologiya şöbəsi, Güney Azərbaycan Departamenti və Qərdbi Azərbaycan Departamentlərinin birgə təşkilatçılığı ilə keçirilirdi ki, bunun da simvolik xarekter daşıdığını deyən aparıcı, MDHP-nin əsas ideoloji hədəflərinin Bütöv Azərbaycanın istiqlalı olmasıyla əlaqələndirdi. Daha sonra Həbib Ələkbərsoy giriş nitqində dönəmin tarixinə qısa nəzər salaraq, o dövrün qarışıq bir mühitindən şərəflə çıxmağımızla istiqlalımıza nail olmağımızın şanlı bir tarix olduğunu bildirdi və bu şanlı bayram münasibətiylə tədbir iştirakçılarını təbrik etdi. O, bu tarixin şanlı səhifələrindən birinin də həm Şərqin, həm də Türk Dünyasının demoqratik cümhuriyyətçilik yolunda bir çığır olmaqla bərabər bu yolun ideoloji mənbəyinin də olduğunu vurğuladı. Natiq çıxışnda onu da vurğuladı ki, paytaxtda istiqlal abidəsinin ucaldılması olduqca təqdirəlayiq haldir. Lakin, abidənin üzərində bütün istiqlalçılarımızın adlarının verilməməsi tarixi ədalətsizlikdir və bu yanlışlıq aradan qaldırılmalıdır. Tədbir iştirakçılarına tarixi sənədlər təqdim edən partiya funksioneri bildirdi ki, istiqlal bəyannəməsinə Milli Şuranın 24 üzvünün səs verməsinə baxmayaraq, İstiqlal Abidəsinin üzərində onlardan yalnız 8-nin adı həkk olunub. Natiq onu da əlavə etdi ki, biz hesab edirik ki, Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadənin Turkiyənin nümayəndə heyəti ilə görüşməsi üçün Batumidə olması səbəbindən 28 may 1918-ci il tarixində Miili Şuranın iclasında iştirak etməməsi onun adının İstiqlal Abidəsində hər hansı bir şəkildə göstərilməməsinə haqq qazndırmır. Bu yanlışlığın aradan qaldırılması üçün Milli Dirçəliş Hərəkatı Partiyasının qəbul etdiyi bəyanatı tədbir iştirakçılarının diqqətinə çatdıran natiq bildirdi ki, partiya bununla bağlı bütün cavabdeh orqanlar qarşısında məslə qaldıracaq ki, istiqlalçılarımızın hamısının adı abidənin üzərində göstərilməklə ədalət öz yerini tapsın.
Bundan əlavə Həbib Ələkbərsoy onu da bildirdi ki, nəinki, 1918-ci il istiqlalçılarının adları əbədiləşdirilməli, eyni zamanda 1991-ci il istiqlalçılarının da adlarını əbədiləşdirmək bu millətin borcudur. O, 1991-ci ilin 18 oktyabırında Azərbaycanın müstəqilliyinə səs vermiş istiqlalçı deputatların da şərəfinə bir abidənin ucaldılması təşəbbüsünün ictimai dəstək alacaqına inadığını bildirdi.
Tədbirin mövzusu və verilmiş bəyanatla bağlı məruzəçi kimi söz MDHP sədri, millət vəkili, istiqlalçı deputat Fərəc Quliyevə verildi. Fərəc Quliyev “28 May - Respublika Günü” münasibətiylə tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik etdi və bildirdi ki, “bizim bayramların arasında ən gözəl bayramlardan biri elə məhz bu bayramdı, çünki millətin istiqlala qovuşmasından böyük bir bayram olmaz” İstiqlalçı deputat bildirdi ki, hər bir xatırlatma həm də tarixə hörmətdi, ona görə də bu cür tədbirləri təqdirəlayiq qiymətləndirir və alqışlayır. O, bizim istiqlalımıza ləkə yaxmağa çalışanların arxasında duran qövvələrin Azərbaycanın öz müstəqilliyinə olan inamını sarsıtmaq məqsədi güddüyünü bildirdi. Azərbaycan bölünəndən o taylı-bu taylı bütövlükdə xalqımızın həmişə bütövləşmək və istiqlaliyyət uğrunda davamlı mübarizəsindən ətraflı danışan MDHP sədri bildirdi ki, “millətin bir qisminin istiqlala qovuşması bitmiş hədəf sayıla bilməz, biz tarixi coğrafi ərazimizdə Bütöv Azərbaycanı qurmalıyıq.” İstiqlal Abidəsindəki yanlışlıqdan danışan millət vəkili bunu örnək olaraq doğru olmadığını bildirdi: “1918-ci il istiqlalçılarımızın bir qisminin adının İstiqlal Abidəsində göstərilib qalanlarının kənarda qoyulması doğru bir örnək deyil. Vətən savaşı aparan insanların qədri bilinməyəndə millətə pis bir örnək verilir və gələcəkdə insanlar buna baxıb dava adamlarının sonunun belə olmasından pis bir nəticə çıxarmış olurlar. Mən hesab edirəm ki, ciddi problemləri və hədəfləri olan Azərbaycanda bu cür məsələlərə həssaslıqla yanaşmaq lazımdır.”
Sonra mövzunun və bəyanatın müzakirəsi üçün cıxışlar və təkliflər səsləndirilməyə başladı. Türkoloq-alim Aydın Mədətoğlu, Azərbaycan Milli Elmlər Akademiyasından Xalidə Xalid, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından Uğur Polat, Ümid Partiyası sədrinin müavini Taleh Əliyev, Milli Dövlətçilik Naminə Hərəkatın sədri Taryel Faziloğlu, “Tərəf” xəbər portalının baş redaktoru İlkin Şakiroğlu, şair Maqsud Əsədov, MDHP Qarabağ Departamentinin sədri Şakir Ağayev, MDHP Qərbi Azərbaycan Departamentinin sədri Bayram Abbasov, MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli, MDHP sədrinin mədəniyyət məslələri üzrə müşaviri Niftalı Göyçəli, MDHP Gənclər təşkilatı adından Hənif Məmmədov və digər çıxışçılar öz təbriklərini çatdırmaqla bərabər müxtəlif təkliflər verdilər ki, bu təkliflər arasında partiyanın sözügedən bəyanatının Prezidentə ünvanlanması, bununla bağlı imzatoplama kompaniyasının başlanmasını uğurlu hesab edənlər oldu. Bundan əlavə, Gəncə şəhərinin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmasından dolayı orda istiqlal abidəsinin ucaldılması təşəbbüsünün vacibliyi və 1991-ci il istiqlalçılarımıza da abidənin ucaldılması təklifləri səsləndirildi.
Sonda isə, tədbir iştirakçıları Cümhüruyyətimizin şəhidlərin və qazilərin çiyinlərində qurulmasını simvolizə etmək üçün, onların ruhunun yad edilməsiylə başlanmış bu tədbiri istiqlalımızın atributlarından olan himnimizin oxunmasıyla yekunlaşdırdılar və bildirdilər ki, “28 May –Respublika Günü” ərəfəsində 28 may istiqlalçılarımızın şərəfinə ucaldılmış İstiqlal Abidəsindəki yalnışlığın düzəldilməsiylə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının qəbul etdiyi bu bəyanatın ictimai dəstək alacaqına və tarixi yalnışlığın aradan qalxacağına inanırlar.
MDHP-nin həmin bəyanatının tam mətnini və tədbirin videosunu təqdim edirik:

“İstiqlal Abidəsindəki yanlışlıq

Milli Dirçəliş Hərəkatı Partiyasının
BƏYANATI


Şərqin ilk demoqratik respublikasının Azərbaycan xalqına məxsus olması xalqımız üçün qürur mənbəyidir. Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin 93 illiyi münasibətilə xalqımızı təbrik edir.
Milli Dirçəliş Hərəkatı Partiyası Prezidentin “28 May-Respublika günü” ilə bağlı imzaladağı bütün sərəncamları təqdirəlayiq qiymətləndirir ki, bu sərəncamlardan biri də İstiqlal Abidəsinin ucaldılması ilə bağlı oldu. Paytaxtın İstiqlaliyyət küçəsində inşa edilmiş bu abidə şərəf tariximizi özündə əks etdirir. Lakin, təəssüf doğuran bir məqam var ki, icra zamanı ya yanlışlıq, ya da hansısa bir səbəbdən 1918-ci il 28 may tarixində, Tbilisi şəhərində qəbul edilmiş İstiqlal Bəyannaməsinə imza atmış səxslərin hamısının adı abidənin üzərində əks olunmamışdır.
Xatırladaq ki, Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal Abidəsinin üzərində İstiqlal Bəyannaməsinə imza atmış 8 nəfərin – Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyov, Camo bəy Hacınski, Səfi bəy Rüstəmbəyov, Nəriman Nərimanbəyov, Cavad Məlik Yeqanov və Mustafa Mahmudovun adları verilmişdir.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən hazırlanmış və 2006-cı ildə çapdan çıxmış “Zaqafqaziya seyminin müsəlman firaksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları” sənədlər toplusunda Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə elan etdiyi İstiqlal Bəyannaməsində isə 26 nəfərin adına rast gəlinir ki, bunlar: Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Mirhidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Eybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxulislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik Yeqanov və Hacı Molla Səlim Axundzadədir. Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin “Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918-1920)” nəşrində göstərilir ki, iki nəfər – S.M.Qəniyev və C.Axundovun bitərəf qalması ilə, 24 səslə İstiqlal Bəyannaməsi qəbul edilib.
Milli Dirçəliş Hərəkatı Partiyası hesab edir ki, bu yanlışlıq ən qısa zamanda aradan qaldırılmalıdır. Belə ki, İstiqlal Bəyannaməsini 24 nəfərin qəbul etməsinə baxmayaraq həmin günün şanına ucaldılmış İstiqlal Abidəsində cəmi 8 nəfərin adının qeyd olunması ədalətli deyil. Biz həm də hesab edirik ki, Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə həmin gün Batumidə Türkiyənin nümayəndə heyəti ilə görüşməyi səbəbindən Şuranın iclasında iştirak etmədiyi üçün, İstiqlal Abidədəsində onun adının hər hansı bir şəkildə qeyd edilməməsi doğru deyildir. Əgər bu tarixi səhv düzəldilməzsə, biz partiya olaraq bütün cavabdeh orqanlar qarşısında məsələ qaldıracağıq ki, istiqlalçılarımızın hamısının adı abidənin üzərində göstərilməklə ədalət öz yerini tapsın.

MDHP İdeologiya Şöbəsi
26.05.2014”


Bu xəbər oxucular tərəfindən 2918 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed