Şrift:
MTN İran-Azərbaycan marşrutu üzrə narkotik qaçaqmalçılığı ilə məşğul olan qrupu ifşa edib
13.12.2011 [16:43] - Köşə yazarları
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən bu günlərdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığında və qanunsuz dövriyyəsində təqsirli bilinən şəxslər tutulub.

MTN-i İctimai Əlaqələr Mərkəzində verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları - Bağırov Ramiz Qəzənfər oğlu, Quliyev İmran Ələkbər oğlu, İran İslam Respublikasının vətəndaşı Nasirzadə Noşahr Oruc Mohammadalı oğlu və digərləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.

Müəyyən edilib ki, Ramiz Bağırov hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşına külli miqdarda narkotik vasitə sifariş verib və həmin narkotikin qaçaq yolla Azərbaycana gətirilməsini qrupun digər üzvü İmran Quliyevə tapşırıb. Bu məqsədlə qrupun üzvləri arasında külli miqdarda narkotik vasitənin sərnişin avtobusunun sürücüsü İran İslam Respublikasının vətəndaşı Noşahr Nasirzade ilə Azərbaycana göndərilməsi barədə razılıq əldə olunub. Bundan sonra, Noşahr Nasirzade idarə etdiyi “SKANİA” markalı avtobusda içərisində 500 qramdan artıq heroinin gizlədildiyi xüsusi hazırlanmış dörd ədəd laminat taxta hissələrini Azərbaycana gətirib Lənkəran şəhəri yaxınlığında İmran Quliyevə təhvil verib, həmin heroindən 27,7 qramını isə özündə saxlamışdır. İmran Quliyev MTN əməkdaşları tərəfindən yaxalanıb, baxış zamanı qeyd olunan dörd ədəd laminat taxta hissələrinin içərisində gizlədilmiş 500 qrama yaxın heroin aşkar edilərək götürülüb. Noşahr Nasirzade də saxlanılıb və üzərindən 27,7 qram heroin aşkarlanıb.

MTN-in narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşları - Səmədzadə Ənvər Ramiz oğlu, İlyazov Seymur Bariz oğlu, Kalayev Ramin İbrahim oğlu, Şərifov Mikayıl Hidayət oğlu, Kərimov Sair Rafael oğlu, İran İslam Respublikasının vətəndaşı Mostafaei Mohammad Tagı Hossein oğlu, Azərbaycan Respublikasının vətəndaşları - Abbasov Arif Salman oğlu və Abbasov Məmməd Salman oğlu saxlanılıb. Müəyyən edilib ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.
Məlum olub ki, qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən Mohammed Mostafaei külli miqdarda, yəni təxminən 500 qram heroinə görə ödənməli olan 4 min ABŞ dollarından 2 min 800 dolları aldıqdan sonra əldə etdiyi həmin narkotiki “Peugeot” markalı avtomobilində gizlədərək qaçaq yolla İrandan Azərbaycana keçirib və Bakı şəhərinə gətirib.

Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed