Şrift:
Türk liseyləri ilə bağlı hökumətə təklif
08.07.2014 [12:19] - Gündəm, Sosial
Təhsil “Bütün siniflərdə partalar, kömpüterlər, yazı lövhələri var. Bir sözlə təhsil almaq üçün bütün lazımi şərait qalıb. Bircə müəllimlər çatmır, bir də şagirdlər”.

Bu sözləri Bakıda bağlanan türk liseylərindən birində təhsil alan şagirdlərdən birinin valideyni Südabə Əliyeva ANS PRESS əməkdaşı ilə söhbətində dedi. Övladını başqa məktəbə yerləşdirəcəyini deyən S.Əliyeva bunu könülsüz etdiyini dedi. “Kim zəmanət verə bilər ki, başqa məktəbdə təhsil yaxşı olacaq”, deyə valideyn şikayət edib.

Südabə Əliyevanın oğlu kimi Azərbaycanda 3204 nəfər var. Hər birinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi planlaşdırırılır və prosesə artıq start verilib. Azərbaycanda bağlanan 11 türk liseyi var ki, onlardan 3-ü ancaq Bakıdadır. Hazırda bu təhsil ocaqlarının hər birində maddi-texniki baza mövcuddur. Daha dəqiq, hər birində təhsil almaq üçün lazımi şərait var. Lakin burada dərslərin keçirilməməsinə, şagirdlərin başqa ali təhsil müəssisələrinə yerləşdirilməsinə qərar verilib. Türk liseylərində təhsil alan şagirdlərin başqa məktəblərə yerləşdirilməsi təbii ki, vaxt aparacaq. Bakı şəhəri üzrə Təhsil idarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva ANS PRESS-ə açıqlamasında bildirdi ki, şagirdlərin dövlət ümumtəhsil müəssisələrinə yerləşdirilməsi prosesinin nə vaxt başa çatacağı dəqiq bilinmir. Elə Təhsil Nazirliyi də açıqlama verdi ki, hələ ki, 58 şagirdin digər məktəblərə yerləşdirilməsi qeydə alınıb.

Hesab edək ki, şagirdlərin yerləşdirilməsi prosesi başa çatdı. Bəs, 11 liseyin binası və bu binada olan maddi texniki bazanın aqibəti necə olacaq?

Məsələn, Türkiyədə bağlanan Gülən məktəbləri Türkiyə Təhsil Nazirliyinin nəzarəti altına keçdi və “Təməl Lisey” adı altında fəaliyyət göstərməyə başlayacaq. Həmin təhsil müəsssələrində maddi-texniki baza saxlanılaraq Təhsil Nazirliyinin təqdim etdiyi proqramlar əsasında dərslərin keçirilməsinə davam etdiriləcək.

Təhsil eksperti Məlahət Mürşüdlü hesab edir ki, Azərbaycanda da eyni variantı tətbiq etmək olar. Onun sözlərinə görə, Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrinə lisenziya verməli və həmin məktəblər yenidən fəaliyyətə başlamalıdır.

“Çünki bu təhsil müəssisələrinin maddi-texniki bazasından maksimum yaralanmaq lazımdır. Bu məktəblər müasir tələblərə cavab verən yüksəksəviyyəli maddi-texniki bazaya malikdir. Burada dərslər davam etdirilməlidir. Sözsüz ki, dərslər Təhsil Nazirliyinin təqdim etdiyi proqramlarla, vəsaitlərlə keçirilməlidir”, deyə Məlhaət Mürşüdlü ANS PRESS-ə bildirib.

Onun sözlərinə görə, ikinci variant bundan ibarətdir ki, maddi texniki bazası zəif olan ümumtəhsil müəssisələrinin həmin məktəblərin binasına köçürmək olar. Və ya çoxlu sayda iş adamları var ki, özəl məktəblər açaraq təhsilə töhfə vermək istəyirlər. Onlara bu imkanları yaratmaq lazımdır.

“Hesab edirəm ki, bağlanan türk liseylərində oxuyan şagirdlərin digər məktəblərə yerləşdirilməsi birinci mərhələdir. Düşünürəm ki, ikinci mərhələdə, həmin məktəblərin binaları və maddi-texniki bazası boş qalmayacaq”, deyə təhsil eksperti bildirib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ANS PRESS-ə açıqlamasında türk liseylərinin binalarının və orada mövcud olan maddi-texniki bazanın aqibətini müəyyənləşdirməyin Təhsil Nazirliyinin səlahiyyətində olmadığını deyib: "Biz şagirdlərin yerləşdirilməsi prosesi ilə məşğuluq".

Ümid edirik Azərbaycanda bağlanan 11 liseyin binası boş qalmayacaq və həmin liseylərin maddi texniki bazasından maksimum istifadə ediləcək. 20 ildən çoxdur qurduğumuzu bir anda vurub dağıtmayacağıq.
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed