Şrift:
“Tərs bucaq” haqqında zəruri açıqlama
08.07.2014 [20:55] - Gündəm, Sosial, DAVAMın yazıları
Artıq bir ildən çoxdur ki, Xəzər TV-də “Tərs bucaq” adlı bir verilişlə tamaşaçıların görüşünə gəlirəm. Veriliş, əsasən, xarici ölkələrdə baş verən və siyasi əhəmiyyət kəsb edən məsələlərin şərhini təqdim edir. Əsas məqsəd də ondan ibarətdir ki, dünyada informasiya inhisarçılığını həyata keçirən CNN, BBC, New York Times, Associated Press, Reuters və s. kimi iri xəbər kanallarının üzərindən sükutla keçdiyi məsələlər haqqında tamaşaçıları bilgiləndirək. Çünki Azərbaycan auditoriyasına uzun illər təbliğ edilib ki, Qərb ölkələrində hər şey hər zaman əladır, amma bizdə, sən demə, hər şey bərbaddır. Bizsə düşünürük ki, Azərbaycanda bir çox sahələrdə ciddi problemlər olsa da bizi hər addımda gözümçıxdıya salan Qərb ölkələrində də hər şey yolunda deyil. Bəzən bəzi tamaşaçılarımız bundan yanlış nəticə çıxarır, bizi Azərbaycandakı problemlərə göz yummaqda qınayırlar. Biz də yorulmadan izah edirik ki, “Tərs bucaq” verilişinin məqsədi ölkəmizdə baş verənləri ört-basdır etməkdən ibarət deyil. Bu, sadəcə xarici ölkələrdə baş verənlərə yönəlik bir verilişdir.

İş belə olanda da iddia edirlər ki, Qərb ölkələri barədə yalan məlumatlar yayırıq. Dəfələrlə olub ki, bu cür iddialara cavab vermək üçün sosial şəbəkələrdə müzakirə və mübahisələrə ortaq olmuşuq. Hətta məcbur qalıb verilişdə səsləndirdiyim faktların mənbələrini də paylaşdıqdan sonra məni ittiham edən dostlarım rahatlanıblar və səhv düşündüklərini anlayıblar.

Bir də onu qeyd edim ki, hər dəfə veriliş efirə getdikdən bir neçə dəqiqə sonra onun videoyazısını dərhal YouTube-da yayınlayır, ardından da sosial şəbəkələrdə paylaşırıq ki, baxmaq imkanı olmayanlar, yaxud da təkrar baxma ehtiyacı duyanlar baxa bilsinlər. Bütün bunlarla bərabər Facebook-da “Azər Həsrətlə Tərs bucaq” adlı ayrıca səhifə də açmışıq. Və bu səhifədə hər həftənin başlanğıcında izləyicilərə müraciətlə növbəti bazar günü müzakirə edəcəyimiz məsələlərlə bağlı fikir mübadiləsi aparırıq. Örnək üçün, son həftələr ərzində bir neçə mövzunu məhz Facebook səhifəmizin izləyicilərinin xahişilə ekrana daşımışıq. Yəni bütün bunları ona görə edirik ki, tamaşaçılarımız da ekrandan göstərilən məsələlərin müzakirə və şərhində iştirak edə bilsin.

Amma yenə də bizdən narazı qalanlar var. Və yenə də iddia edirlər ki, niyə Azərbaycandan danışmırıq. İndi mən bunlara necə izah edim ki, verilişin məqsədi məhz xarici ölkələrdə baş verən proseslərə işıq tutmaqdır? Axı mən Xəzər TV-yə məhz xaricdə baş verən və elə də geniş işıqlandırılmayan məsələləri şərh etmək üçün dəvət edilmişəm. İndi durub necə deyim ki, bunu deyil, Azərbaycanda baş verənləri şərh edəcəm? Zatən bu kanalda və başqa TV-lərimizdə ölkəmizdə baş verən olaylar eninə-boyuna müzakirə və şərh edilir axı. Hə, əgər o şərh və müzakirələrdən narazısınızsa, tənqid edəcəyiniz şəxs mən deyiləm. Həmin müzakirə və şərhlərin müəlliflərini tapın, onlarla mübahisə və müzakirə açın.

İş ondadır ki, məni tənqid edənlər ölkə içi olaylardan xəbər verənləri elə də tənqid edə bilmirlər. Bu da çox sadə bir səbəbdən baş verir: həmin şəxslər bu cür tənqidlərə, müəyyən istisnalarla, fikir belə vermirlər. Amma mən hər kəsin fikirlərinə, ən sərt tənqidlərinə təmkinlə yanaşır, mütləq reaksiya verir və qarşı tərəfə sayğıda qüsur etmirəm. Di gəl ki, qarşı tərəf olduğunu iddia edənlərdən bəziləri (yaxşı ki, onların sayı çox deyil – A.H.) normal müzakirə qaydalarından kənar, bəzən də küçə səviyyəsində ifadələrlə başlarını başlara qoşmaq istəyirlər. Bax, bu adamlarla mənim müzakirə edəcəyim heç bir məsələ ola bilməz! Maraqlısı da odur ki, bu cür küçə səviyyəli ünsürlər hər şeydən, özəlliklə də hakimiyyətdən narazılardır və iddia edirlər ki, onların təmsil etdiyi qüvvələr hakimiyyətə gəlməlidir! Bunun adı fəlakət olsa gərək! İndi belələrinə necə izah edim ki, siz hələ adamla adam kimi müzakirənin nə olduğunu anlamırsınız, hakimiyyət başına necə gələ bilərsiniz?

Sonda bir daha qeyd etmək istərdim ki, “Tərs bucaq” xarici ölkələrdə, özəlliklə də qüsursuz demokratiya olduğunu iddia edən ölkələrdə bizim kimi ölkələrin insanlarından gizlədilən məsələlərə işıq tutmaq üçündür. Bunu anlamaq çətin olmasın gərək, deyilmi?

Bu mövzuda müzakirə açmaq istəyənlər üçün:

Facebook səhifəmiz: facebook.com/tersbucaq
Twitter kanalım: twitter.com/azerhasret
YouTube kanalımız: goo.gl/2hAIZS

Azer Hasret

Yedi Devlet - Bri Millet Konseyi Başkanı
Yalquzaq gazetesi sahibi
Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed