Şrift:
İcbari tibbi sığorta bizi nəyə məcbur edir?
11.07.2014 [13:25] - Sosial
Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqi planlaşdırılır.İqtisadçı ekspert Vüqar Bayramov deyib ki, icbari sığortanın tətbiqi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azalmasına səbəb olacaq: “Bu sistemin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə, o cümlədən aztəminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq”.

İcbari tibbi sığorta bütün vətəndaşların məcburi qaydada sığorta olunması deməkdir. Bu zaman işsiz statusu olan və ya ünvanlı sosial yardım alan ailələr üçün sığorta haqları dövlətdən alınır. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan zaman sığorta sənədini göstərməklə pulsuz müalicə oluna biləcək.

Bəs icbari tibbi sığortanın səmərəli tətbiqi üçün nələrin edilməsinə ehtiyac var?

Vüqar Bayramov bildirib ki, qanunvericiliyin, o cümlədən normativ hüquqi aktların uyğunlaşdırılmasına ehtiyac duyulur: “Belə ki, səhiyyə nazirinin 1 fevral 2008-ci il tarixli qərarına əsasən, dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Səhiyyə xidməti pulsuzdursa, nə üçün icbari tibbi sığortanın tətbiqinə ehtiyac var? Səhiyyə Nazirliyinin qərarlarının Azərbaycanın bu sahədəki qanunvericiliyinə uyğunlaşdırılması olduqca vacibdir.

İkincisi, sığorta ödənişlərinin işəgötürənlə işçi arasında bölüşdürülməsi mexanizmlərinin aydın formalaşdırılmasına ehtiyac var. Sığortanın yalnız işçinin üzərinə düşməsi işçi üçün sosial ağırlıq yarada bilər. İşəgötürənin icbari tibbi sığortanın ödənilməsinə məsul edilməsi isə işçilərlə müqavilə bağlanması məsələsini xeyli yubandıracaq. İşəgötürənlər işçilərlə müqavilə bağlamaqda maraqlı olmayacaqlar. Buna görə də bir sıra Avropa ölkələrində olduğu kimi icbari tibbi sığortanın işəgötürən və işçi arasında bölüşdürülməsi məqsədəuyğun hesab olunur.

Üçüncüsü, xəstəxanalar prosesə hazır olmalıdır. Təəssüf ki, bu gün xüsusilə dövlət xəstəxanaları sığorta şirkətləri ilə işləmək təcrübəsinə tam malik deyillər. Hətta vətəndaşın sığortası olduqda bəzi xəstəxanalarda ondan əlavə ödənişlər tələb olunur. Xəstəxanaların bu prosesə hazırlanması, onların sığorta şirkətləri ilə işləmə ənənəsi formalaşmalıdır.

Dördüncüsü, tədqiqatlar göstərir ki, “Tibbi sığorta haqqında” qanun indiki tələbləri tam şəkildə ödəmir. Qanunda bir sıra boşluqlar var ki, onlar icbari tibbi sığortanın tətbiqinə imkan vermir. Qanunvericilikdə icbari tibbi sığortanın tətbiqi mexanizmləri göstərilməlidir. Eləcə də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Agentliyin statusunun təkmilləşdirilməsinə ehtiyac var. Çünki bu agentlik icbari tibbi sığortanın tətbiqinə birbaşa məsul olan qurumdur.

Beşincisi, işləməyən və eləcə də ünvanlı sosial yardım alan vətəndaşlar üçün ödənişlərin dövlət tərəfindən və eləcə də hansı icraedici qurum tərəfindən necə ödənilməsi qanunvericilikdə aydın şəkildə əksini tapmalıdır. Əmlakın icbari sığortasının tətbiqi praktikası göstərir ki, bu sahədə aydın və şəffaf mexanizmlərin tətbiqinə ciddi ehtiyac var.

Altıncısı, tibbi sığorta sisteminin inkişafı üçün əhalinin gəlirlərinin strukturunun dəyişdirilməsi olduqca vacibdir. Əhalinin tibbi sığortaya yönəldəcəyi vəsaitlər çox azdır. Hazırda Azərbaycanda əhalinin gəlirlərinin 70 faizə qədəri istehlak mallarının alınmasına, 10 faizi vergi və rüsumların ödənilməsinə sərf edilir. Yerdə qalan vəsait az olduğundan əhali sığortalanma işində çətinlik var. Avropa və Amerikada sığortalanmanın yüksək olması əhalinin gəlirləri ilə bağlıdır. Bu səbəbdən əhali gəlirlərinin üçdəbirini sığorta və digər bu kimi məsələlərə sərf edə bilir. ABŞ-da hazırda ÜDM-in 8 faizini, Avropada 11 faizini sığorta ödənişləri təşkil etsə də, Azərbaycanda bu rəqəm hələlik 1 faiz intervalındadır.

Yeddincisi, səhiyyənin maliyyələşdirmə mexanizminin dəyişdirilməsinə ehtiyac var. Azərbaycanda hər min nəfərə 7,6 xəstəxana çarpayısı düşür. Bu göstərici Almaniyada 3,8, Türkiyədə isə 2,3-dür. Ölkəmizdə çarpayıların sayının çox olmasına baxmayaraq ondan istifadə göstəricisi başqa dövlətlərlə müqayisədə xeyli aşağıdır. Çarpayıların cəmi 26,1 faizi istifadə edilir. Bu göstərici Almaniyada 89,5, Rusiyada 86, Türkiyədə 61,9 faizdir. Avropa Birliyi üzrə həmin göstərici 76,9, MDB üzrə isə 85,9 faizdir. Buna görə də icbari tibbi sığortanın tətbiqi ilə yanaşı səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi olduqca vacibdir.

Nəhayət, nəzərə almaq lazımdır ki, icbari tibbi sığortada üç tərəf var: sığorta şirkətləri, xəstəxanalar və vətəndaşlar. Bu gün bu üç tərəf arasında sığorta münasibətlərinin tam formalaşdığını demək çətindir. Sığorta edənlə sığorta olunanaların tibbi sığortanın əhəmiyyəti ilə bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır. Bu o deməkdir ki, ölkədə tibbi sığorta mədəniyyəti zəifdir Təbii ki, bu münasibətlərin yaxşılaşdırılması və ya sivil müstəviyə keçməsi üçün sığortalıların maarifləndirilməsinə ehtiyac var. Sığorta şirkətləri ilə dövlət xəstəxanaları arasında da münasibətlərin qurulmasında müəyyən problemlər var: hələ də sığorta şirkətləri ilə dövlət xəstəxanalarının əksəriyyəti arasında münasibətlər sivil səviyyədə qurulmayıb. Sığorta sənədlərinin xəstəxanalarda qəbulu ilə bağlı problemlər qalmaqdadır. Bütövlükdə tibbi sığorta ilə bağlı biliklərin aşağı olması icbari tibbi sığortanın inkişafını tormozlayan faktorlardan biridir”.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed