Şrift:
Partiya sədri: Azərbaycan atəşkəsin davam etməsini uzun müddət gözləməli deyil
14.08.2014 [11:04] - Gündəm, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
“Ermənilər, o cümlədən onların prezidenti kimi görünən Serj Sarkisyan heç bir qərarvermə imkanına malik deyil. Çünki, Ermənistan "forpost" dövlətdir və Rusiya nə istəsə o da olur. Bu səbəbdən də Soçi görüşündən fərqli bir nəticə gözləmirdim”. Bu fikirləri SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, Soçi və keçirilən digər görüşlərin əhəmiyyəti Azərbaycanın siyasi iradəsinin nümayişi ilə yekunlaşıb: “Azərbaycan tərəfi hər zaman bildirib ki, biz haqlı tərəfik. Çünki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində göstərilir ki, Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları qeyd-şərtsiz azad olunmalıdır. Azərbaycan istəyir ki, işğal olunan torpaqları dinc yolla geri qaytarılsın. Bu isə beynəlxalq təsisatların üzərinə böyük məsuliyyət qoyur. Əgər, sülh yolu ilə torpaqlarımız geri qaytarılmasa, biz bunu müharibə yolu ilə edəcəyik. Bunu isə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib”.

F.Quliyev deyib ki, Soçi görüşündə erməni tərəfinin hər hansı bir güzəşt edəcəyi gözlənilmirdi: “Azərbaycan dünyaya mesaj verdi ki, danışıqlardan çəkinmir, ədalətli sülh istəyir. Bu isə danışıqlara getməyin başqa bir avantajlı tərəfidir. Bununla belə Azərbaycan NATO, Türkiyə və digər müttəfiqləri ilə danışıqlar apararaq əməkdaşlığı dərinləşdirməlidir. Çünki, ermənilərin arxasında dayanalar görsünlər ki, Azərbaycan yalnız deyil”.

Millət vəkili bildirib ki, atəşkəsə əməl edərək mövcud "status-kvo"nu qoruyub saxlamaq ermənilərə sərf edir: “Soçi görüşündən sonra da cəbhədə atəşkəs pozulur. Ancaq, ermənilər üçün atəşkəsə əməl edərək "status-kvo"nu saxlamaq sərf edir. Ancaq Azərbaycan atəşkəsin davam etməsini uzun müddət gözləməli deyil”.

Soçi görüşündən sonra ermənilərin Azərbaycanı fərqli istiqamətdə təxribata çəkmə cəhdlərinə toxunan millət vəkili deyib ki, Ermənistan işğal altında olan torpaqlarımızı “yandırılmış torpaq siyasəti” ilə məhv edir: “İşğal nəticəsində ermənilər soydaşlarımızı torpaqlarımızdan qovub. İndi də mədəni abidələrimizi məhv edir. Bizə aid olan hər nə varsa, düşmən tərəfindən məhv edilməsini gözləmək olar. Çünki bunlar vandalist siyasət yürüdürlər”.

Elvin Abdulqədirov
Bu xəbər oxucular tərəfindən 1187 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed