Şrift:
"İkinci Müsavat" da dağılır - istefa verdilər
20.02.2015 [12:07] - Gündəm, Siyasət
Gənclər üzrə Təşəbbüs Qrupunun sədri və üzvləri birgə bəyanatla çıxış edib.

Müsavat Partiyası sədrliyinə sabiq namizəd, bir qrup keçmiş müsavatçı ilə partiyadan kənarlaşan Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri və üzvləri birgə bəyanatla çıxış edib.

“DAVAM” Media Qrupu bəyanatı təqdim edir:

“Əziz həmvətənlər!,

Dövlət quruculuğunun yeni mərhələsinə daxil olan respublikamızda fəaliyyət göstərən bütün ictima və siyasi qüvvələrin ideoloji müxtəlifliyi, eyni zamanda onların fəaliyyətinə şəraitin yaradılması vətəndaş cəmiyyətinin formalaşmasında əsas amil olmaqla yanaşı həmçinin plüralizmin, söz azadlığının, vicdan azadlığının təminatı üçün vacib şərtlərdəndir.

Müstəqillik əldə edən və bu gündə müstəqilliyini saxlamaq istiqamətində böyük çabalar göstərən Azərbaycan Respublikasının gələcəkdə tam müstəqilliyini qoruyub saxlamaq üçün ölkəmizdə fəaliyyət göstərən ictimai-siyasi qurumların fəaliyyətlərinin əsasında milli maraqlar, milli hədəflər olmaqla yanaşı xalqımızın milli- mənəvi dəyərlərini qoruyub saxlamaq və inkişaf etdirmək dayanmalıdır. Təəssüf ki, hazırda fəaliyyət göstərən bir çox siyasi partiya və hərəkatlar Milli Fəaliyyət Konsepsiyasına deyil, dünya xalqlarının milli-mənəvi dəyərlərinə basqı olaraq yönələn Qloballaşma Prossesi və bunun təsiri altında olan, təfəkkürümüzü işğal edən Liberalizm Dəyərlərini fəaliyyətlərində başlıca məqsədə və prioritetə çevirir. Biz, ADR Hərəkatına qoşulan millətinə bağlı gənclər olaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasında təməl prinsiplərdən birinin də xalqımızın milli mənəvi dəyərlərini təbliğ etmək, həmin dəyərləri xarici və yad elementlərin basqısından qorumaq və sahib çıxmaq kimi Milli-İdeoloji hədəflər olacağına əmin idik. Lakin, gedən proseslər Hərəkatın Milli-İdeoloji baxımdan bizim Milli-İctimai baxılarımız ilə ilə üst üstə düşmədiyini göstərdi. Biz, həm də öz gizli maraqlarını güdən, bu maraqları naminə bütün çirkin oyunlara gedən məlum dünya gücləri ilə yaxınlaşmayan, ancaq Millətimizin milli-mənəvi iradəsinə söykənən bir təşkilatda təmsil olunmaq üçün ADR-i seçdik, amma bunun əksinə olaraq ADR Hərəkatının açıq Qərbmeylli mövqeyi bizi bir daha düşünməyə vadar etdi. Bu səbəbdən biz, elan olunmaq mərhələsini yaşayan ADR hərəkatının iştirak, təşkilatlanma və quruculuq prossesindən rəsmən ayrıldığımızı bəyan edirik”.

Bəyanatı ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri Xəyyam Məmməd, ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun üzvü Ceyhun Bəhramov, ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun üzvü Vüsal İsayev, ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun üzvü Asiman Əlili, ADR Hərəkatının Gənclər Üzrə Təşəbbüs Qrupunun üzvü Əfqan Əhmədov imzalayıblar.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed