Şrift:
Milli Məclisdə Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası ilə bağlı dinləmələr keçirilir
13.05.2015 [15:57] - Gündəm, Siyasət
Bu gün Milli Məclisdə Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı artan qarayaxma kampaniyası və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmə cəhdlərinə həsr olunmuş dinləmələr keçirilib.

Dinləmələrdə millət vəkilləri, QHT və KİV rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, Avropa Oyunları Azərbaycanın böyük uğurudur: "Hər ölkəyə belə bir etimad göstərilmir. Hər bir ölkənin böyük yarışlara ev sahibliyi etmək potensialı və təcrübəsi yoxdur. Azərbaycan gənc ölkə kimi belə bir möhtəşəm tədbirə ev sahibliyi edir. Bununla bağlı ölkəyə qarşı aparılan kampaniya siyasi qısqanclıqdan irəli gəlir. Əlbəttə ki, bu işlər üzücüdür".

A.Quliyev qeyd edib ki, Azərbaycan bu Oyunları keçirməyi xoş niyyətlə öz üzərinə götürüb: "Təbii ki, Avropada insanlar bu Oyunların keçirilməsini dəstəkləyir. Əfsuslar olsun ki, Azərbaycana qarşı belə münasibətlər də var, təbii ki, burada bir çox amillər, o cümlədən geosiyasi məsələlər, siyasi qısqanclıq da var".

Ötən gün Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrə gəlincə, A.Quliyev deyib ki, onların bütün iddiaları əsassızdır: “Deyirlər ki, niyə Azərbaycan xarici jurnalistlərin ölkəyə gəlməsinə qadağa qoyur? Amma halbuki Avropa Oyunlarında iştirak etmək üçün 1500 xarici jurnalist qeydiyyatdan keçib və onlar Azərbaycana gələcəklər. Yəni buradan aydın olur ki, Avropa Parlamenti məsələləri öz istədiyi kimi qələmə verir".
Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed