Şrift:
Azərbaycan "Gənclər paytaxtı"nı seçir
13.01.2012 [16:52] - Gənclik
Gənclərin paytaxtı hansı şəhər olacaq?

DAVAM.AZ-ın Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1 yanvar tarixindən etibarən gənclər www.genclerpaytaxti.az saytına daxil olmaqla səsvermə yolu ilə “Gənclər paytaxtı” nı seçə biləcəklər. Səsvermə 30 yanvar 2012-ci il saat 23.59-a kimi davam edəcək. Göstərilən saatdan sonra verilmiş səslər qeydə alınmayacaq.
Gənclər seçdikləri paytaxtın adını 2 fevral Azərbaycan gəncləri günü Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi edilən elan nəticəsində öyrənəcəklər.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla, ölkənin şəhər və rayonlarından biri “Gənclər paytaxtı” elan olunacaqdır.
“Gənclər paytaxtı”nın elan olunmasının əsas məqsədi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişafına şəraitin yaradılmasıdır.
1 il müddətinə seçilən “ Gənclər Paytaxtı” nda gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin etmək, onların intellektual və yaradıcılıq potensialını artırmaq əsas şərtlərdən biridir. Bu seçim gənclərin imkan və bacarıqlarının nümayişinə, yaranan ideyaların reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir.
Azərbaycanın “Gənclər Paytaxtı” nın seçimində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Qeyd edək ki, bir kompyüterdən yalnız bir nəfər (bir şəhər və ya rayona) səs verə bilər. Hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.
2012-ci ilin Azərbaycanın Gənclər Paytaxtının səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib. Onlar saytda Azərbaycanın regionları üzrə göstərilib. Hər regionun daxilində şəhərlər (rayonlar) əlifba sırasına görə ardıcıllıqla düzülüb.
Bu xəbər oxucular tərəfindən 1357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed