Şrift:
“Bu gün bütün dünyanın diqqəti Azərbaycana yönələcək”
12.06.2015 [13:33] - Gündəm, Siyasət
“İlklər həmişə tarixə yazılır. Azərbaycan da bu gün növbəti tarixini yazdı”.
Bunu Demokratik Azərbaycan Dünyası (DADP) Partiyasının sədri Fatma xanım Əliyeva bu gün Bakıda ilk Avropa Oyunlarına start verilməsinə münasibətində deyib.
DADP sədri qeyd edib ki, daxili və xarici destruktiv qüvvələrin əngəllərinə, qarayaxmalarına baxmayaraq rəsmi Bakı ilk Avropa Oyunlarını keçirməyə müvəffəq oldu: “Bu gün bütün dünyanın diqqəti Azərbaycana yönələcək, dünyanın əksər dövlət televiziyaları ilk Avropa Oyunlarını yayımlayacaq. Bu gün dünya Azərbaycanın ayağına gəldi, bu bizim uğurumuz, sevincimiz, gücümüzdür. Bu həm də Azərbaycan prezidentinin müdrik və uzaqgörən siyasətinin nəticəsidir”.
F.Əliyeva həmçinin qeyd edib ki, Bakıda ilk Avropa Oyunlarına bu gün startın verilməsi antiAzərbaycan qüvvələrin, Azərbaycanın inkişafına, güclənməsinə yarasa gözü ilə baxan dövlətlərin, beynəlxalq təşkilatların məğlubiyyəti deməkdir: “Bununla da Azərbaycan ikiqat qələbəsinə imza atmış oldu. Həm idman sahəsində tarix yazdı, həm də düşmənlərini yerində oturtdu. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki 40-a yaxın prezident və hökumət başçısının açılış tədbirində iştirak edəcəyini açıqlayıb. Bunun özü Azərbaycanın dünyadakı nüfuzunun artmasından, Azərbaycana hörmətdən xəbər verir”.
DADP sədri bu münasibətlə bütün dünya azərbaycanlılarını təbrik edib, idmançılarımıza uğurlar, Azərbaycanın adını, bayrağını bu kimi mötəbər beynəlxalq yarışlarda ucaltmalarını arzulayıb: “Mən başda olmaqla partiya üzvlərimizin əksəriyyəti oyunları izləyəcəyik və Azərbaycan idmançılarımıza dəstək olacağıq”.
Xatırladaq ki, Bakı-2015 Avropa Oyunlarında Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcək. İlk Avropa Oyunlarının açılışı Bakı Olimpiya Stadionunda axşam saatlarında baş tutacaq. Açılış mərasiminə bir sıra ölkələrin dövlət başçıları və hökumət nümayəndələri qatılacaqlar.
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed