Şrift:
“Hökumət qanunsuz tikililərlə bağlı qərar hazırlayır”
18.01.2012 [11:57] - Sosial
«Biz bu görüşü ona görə keçirdik ki, bildirək - bizim məqsədimiz kiminsə evini sökmək yox, onun təhlükə mənbəyi olması barədə vətəndaşları xəbərdar etməkdir».

Bu barədə Keşlə qəsəbəsində seçicilər və qanunsuz tikililərin sahibləri ilə keçirilən görüşdən sonra Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, vətəndaşlar bilməlidir ki, gələcəkdə bu ərazidə baş verə biləcək xoşagəlməz hadisəyə görə ARDNŞ heç bir cavabdehlik daşımır
“Keşlə qəsəbəsində ən pis vəziyyət «Şanxay» deyilən zonadadır - orda biabırçı vəziyyət var. Artıq hökumətdə bu məsələnin həlli ilə bağlı müzakirələr və hazırlıq gedir. Ümumiyyətlə, indi hökumətdə bütün evlərin siyahısı və onların planları toplanır. Bu məsələdə fərdi yanaşma mümkün deyil. Bu böyük problemdir və təkcə Keşlədə deyil, Azərbaycanın bir sıra yerlərində vaxtilə belə tikililər tikilib” - deyə ARDNŞ prezidenti qeyd edib.

R.Abdullayev hansı tikililərin sökülüb-sökülməyəcəyini dəqiqləşdirməyib: “Mən bunu deyə bilmərəm. Ona görə ki, hökumət bununla bağlı qərar çıxaracaq - indi hazırlıq gedir. Belə vəziyyətdə bunu qabaqcadan demək tez olardı. Amma cənab prezidentin göstərişi ilə bu məsələ vətəndaşların xeyrinə həll olunmalıdır”.

İndiyədək köçürülən insanların hamısına kompensasiya ödənildiyini bildirən ARDNŞ prezidenti həmin prinsipin burda da qorunacağını vurğulayıb: “Hansı tikilinin yerində qalması mümkündürsə, onlar qalacaq, sökülənlər isə torpaq və ya başqa formada kompensasiya ediləcək”.
Bu xəbər oxucular tərəfindən 1132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed