Şrift:
Dövlət ittihamçısı Leyla Yunusa 11, Arif Yunusa isə 9 il iş istədi
06.08.2015 [12:59] - Gündəm, Hüquq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Əvvəlcə dövlət ittihamçısı Fərid Nağıyev təqsirləndirilən şəxslərə ittihamları səsləndirib və bu ittihamların məhkəmə yolu ilə tam sübuta yetirildiyini bildirib.

Dövlət ittihamçısı L.Yunusun 11 il, A.Yunusun isə 9 il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasını istəyib.

F.Nağıyev qeyd edib ki, L.Yunus və A.Yunus fəaliyyət göstərdikləri müddətdə dələduzluq, qanunsuz sahibkarlıqla məşğul olub və vergidən yayınıblar: "Belə ki, onlar 896 min manat məbləğində qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyiblər. Qrantları banklarda nağdlaşdırarkən heç bir maliyyə uçotu aparmayıblar. Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşlarının birgə keçirdikləri yoxlamalar nəticəsində məlum olub ki, Leyla Yunus və Arif Yunus maliyyə uçotu qaydalarını kobud şəkildə pozublar. Bankdan nağdlaşdırdıqları vəsaiti heç bir mədaxil qəbzinə qeyd etməyiblər".

Dövlət ittihamçısı əlavə edib ki, onlar bu qrant vəsaitlərini banklarda şəxsi depozit hesablarına qoyaraq faizlər hesabına şişirtdikdən sonra xaricdəki - Çexiya, Almaniya və Türkiyədə olan bank hesablarına qeyri-qanuni köçürüblər: "Onlar həmin qrant vəsaitləri hesabına Türkiyədə, Çexiyada mülklər, o cümlədən torpaq sahələri, yaşayış evləri alıblar. Bütün bunlar təsdiq edir ki, onlar qrant vəsaitlərinin istiqamətini qeyri-qanuni yolla dəyişərək xaricdə özlərinə mülk almağa yönəldiblər. Beləliklə, onlar qrant müqavilərini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməməklə külli miqdarda vergidən yayınıblar. O cümlədən, Leyla Yunus işçilərə əməkhaqqı verərkən onlar üzrə heç bir vergi və sosial müdafiə xərcləri ödəməyib. Onlar, həmçinin bank köçürmələrini qeyri-qanuni yolla aparıblar".

Xatırladaq ki, L.Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxs barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Bu xəbər oxucular tərəfindən 1139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed