Şrift:
“Azərbaycanda xalqla hakimiyyət arasında birlik mövcuddur”
11.09.2015 [00:59] - Gündəm, Siyasət
"Cənab prezidentimizin çıxışına münasibətimiz çox müsbətdir. İlham Əliyevin sərgilədiyi mövqe, fikir və açıqlamaları onu deməyə əsas verir ki, onun siyasəti nəticəsində Azərbaycan daima öz sözünü demiş ölkələr arasında olacaq”.
Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin ötən gün iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilən müşavirədəki fikirlərinə münasibətində açıqlayıb.
Partiya sədri qeyd edib ki, dünyada baş verən iqtisadi böhran daim Azərbaycandan yan keçib: "Xüsusən də neftin qiymətinin aşağı düşməsi dünya iqtisadi böhranı daha da şiddətləndirib. Bir yandan Yaxın və Orta Şərqdə gedən müharibələr, postsovet məkanındakı münaqişələr, yaxın qonşularımızın daxilindəki problemlər və s. amillər iqtisadi maraqlara da böyük zərbə vurub. Bu təsirlər Azərbaycandan yan keçib, çünki bizim siyasətimiz və iqtisadiyyatımız möhkəm təməllər üzərində qururlub. Cənab prezidentin dediyi kimi bizim güclü siyasi iradəmiz var. Biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. Bu il "Fitch Ratings” agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim BBB səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir”.
F.Əliyeva onu da vurğulayıb ki, Azərbaycanda stabillik və əmin-amanlıq bəzi xarici və daxili qüvvələrin narahatlığına səbəb olduğundan ölkəmizdə "ərəb baharı”nı planlaşdıranların istəyi baş tutmayıb: "Cənab prezident də bu məsələyə toxundu. Bildirdi ki, Yaxın Şərqdə baş verənlərin Azərbaycanda da təkrarlanması planına imkan verilmədi. Prezident düz buyurdu ki, bu gün Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı. 2011-ci ildə, daha sonra 2012-ci ildə bəzi xarici dairələr Azərbaycanda da "ərəb baharı”nın yetişdiyi haqda danışırdılar və deyirdilər ki, bu, qaçılmazdır. Amma Azərbaycanın hüquq-mühafizə orqanları bütün bu işlərin üstünü açıb. Azərbaycanda "Maydan hərəkatı” yaratmaq istəyidilər. Amma bütün planlar alt-üst oldu”.
Partiya sədri dünyadakı iqtisadi böhranın Azərbaycandan yan keçməsini və antiAzərbaycan qüvvələrinin niyyətlərinin baş tutmamasını prezidentin siyasətinin xalq tərəfindən dəstəklənməsi ilə bağlayıb: "Xalqla hakimiyyət arasında birlik mövcuddursa heç bir kənar qüvvə həmin ölkədə təxribat törədə bilməz. Xalqımız ümummilli lider Heydər Əliyev siyasətini və onun layiqli davamçısı prezident İlham Əliyevin fəaliyyətini dəstəklədiyindən ölkəmizdə iqtisadi və siyasi sabitlik hökm sürür”.
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed