Şrift:
Elşən Manafov: “Rusiya bölgədə Azərbaycanın söz və güc sahibi olduğunu gözəl başa düşür”
12.09.2015 [10:03] - Gündəm, Siyasət
Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Vladimir Putinə son vaxtlar cəbhə xəttində vəziyyətin gərginləşməsindən şikayətlənib. Düzdür, təmas xəttində vəziyyəti gərginləşdirən məhz Ermənistanın özüdür. Ermənistan tərəfi elə bir gün olmur ki, cəbhə xəttində atəşkəsi pozmasın. Hətta erməni işğalçıları dinc sakinləri də daim atəşkəs altında saxlayır.
O da faktdır ki, ermənilər cəbhədə vəziyyəti gərginləşdirdiklərinə görə hər dəfə də Azərbaycan Ordusu tərəfindən layiqli cavablarını alıblar və alacaqlar. Son zamanlar baş verən atışmalarda işğalçı tərəfin ciddi itkilərə məruz qalması da əyani şəkildə göstərir ki, Azərbaycan Ordusu Ermənistan tərəfinin cavabını layiqincə verir. Bundan isə Ermənistan rəhbərliyi əməlli-başlı narahat olmağa, qorxmağa başlayıb.Elə bu səbəbdəndir ki, Sarkisyan Putinlə görüşdə cəbhə xəttindəki durumdan şikayət edir.


Politoloq Elşən Manafov bildirdi ki, Sarkisyanın Putinə cəbhədəki gərgin durumdan şikayət etməsi, ondan yeni-yeni güzəştlər qoparmasına hesablanıb və bu da Moskvanın Azərbaycanla əlaqələrinin genişlənməsindən narahat olmalarından qaynaqlanır: "Nəzərə almaq lazımdır ki, bir müddət əvvəl Sarkisyan bütün beynəlxalq normaları pozaraq Dağlıq Qarabağa səfər etmişdi. Bunun özü də Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini göstərən açıq bir mesaj idi. Ermənistan prezidentinin beynəlxalq birlik tərəfindən tanınmayan əraziyə səfəri, əslində, Dağlıq Qarabağda baş verən olayların arxasında məhz İrəvanın və onun havadarlarının siyasəti və marağının dayandığını bir daha göstərdi. Sarkisyanın Putinlə görüşdə cəbhədəki hazırkı duruma işarə vurmasına və bu zaman müəyyən mənada Rusiyadan kömək istəməsinə gəldikdə, bunu adi qarşılamaq olar. Ermənistan Rusiyanın patronajlıq etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür. Bu baxımdan cəbhədəki vəziyyətlə bağlı Ermənistanın Rusiyaya müraciət etməsində anlaşılmayan bir məsələ yoxdur. Məsələ ondadır ki, Azərbaycan tərəfi Ermənistana qarşı müharibə aparmır. Həmçinin, atəşkəs rejimi məhz Ermənistan tərəfdən hər gün 80-100 dəfələrlə pozulur. Bu da Azərbaycanı müvafiq tədbirlərə əl atmağa məcbur edir. Digər tərəfdən, Qərb Gürcüstan vasitəsilə bölgədə möhkəmlənir. Hansı ki, bu amil də Moskvanı qıcıqlandırır. Habelə, Ermənistan daxilində iqtisadi, siyasi durum daha da pisləşməkdə davam edir. Bu mənada Ermənistan rəhbərliyini daha çox narahat edən bir məsələ də Rusiya xarici işlər nazirinin Bakıya səfəri və onun doğurduğu məqamlarla bağlıdır. Buradan da görünür ki, Moskva Azərbaycanla münasibətlərə ciddi önəm verir. Onlar Azərbaycanın strateji mövqeyini, müstəqil siyasət yürütməsini, balanslaşdırma siyasəti aparmasını, onun artan imkanlarını, Bakı ilə razılaşdırılmadan regional əhəmiyyətli heç bir layihəni həyata keçirməyin mümkün olmadığını gözəl bilirlər. Bütün bunlar Rusiyanın diqqətini cəlb etməyə bilməz. Eyni zamanda, məlum oldu ki, Sarkisyan iqtidarı çox sürüşkəndir. Yəni, Kreml ilə münasibətdə bir balaca problem yaranan kimi Ermənistanın Qərbə boylanması da artıq Putini narahat etməyə bilməz. Bütün hallarda güman etmirəm ki, Sarkisyanın Putinlə görüşdə cəbhə xəttində vəziyyətin gərginləşməsindən şikayətçi olması və bu fonda Rusiyadan dəstək istəməsi, Moskvanın Bakı ilə münasibətlərinə bu və ya digər dərəcədə hansısa bir problem yarada bilər. Rusiya bölgədə Azərbaycanın söz və güc sahibi olduğunu gözəl başa düşür”.
Bu xəbər oxucular tərəfindən 974 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed