Şrift:
"Kifayət qədər düşünülmüş bir yanaşmadır"
21.10.2015 [12:10] - Gündəm, Siyasət
"Fövqaləda hallarda olan yoxlamalar istisna olmaqla digər yoxlamaların iki il müddətinə dayandırılması süründürməçiliyin, məmur özbaşınalığının, sahibkarların, hüquqi və fiziki şəxslərin fəaliyyətinə mane olan məsələləri aradan qaldıracaq”.

Bunu açıqlamasında millət vəkili Əli Məsimli deyib. Deputat bildirib ki, sahibkarlara lisenziyaların "ASAN Xidmət”də verilməsi onların işini daha da asanlaşdıracaq.

""ASAN Xidmət”in beynəlxalq aləmdə yaxşı nüfuzu var. Bu baxımdan "ASAN Xidmət”in dairəsinin genişləndirilməsi vacibdir. "ASAN Xidmət” mükəmməl işləyir. Burada rüşvət yoxdur. Ölkə başçısının yeni addımlarında "ASAN Xidmət”in dairəsinin genişləndirilməsi özünü göstərir. Lisenziya verilməsinin "ASAN Xidmətə” həvalə olunması kifayət qədər düşünülmüş bir yanaşmadır”.

Qeyd edək ki, ötən gün Milli Məclisin son iclasında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması təsdiq edilib. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsinə əsasən yoxlamaların dayandırılması noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Layihədə qeyd olunur ki, həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed