Şrift:
Cəbhə xəttində vəziyyət arzuolunmaz həddə çatacaq - POLİTOLOQ
27.11.2015 [11:37] - Gündəm, Siyasət
Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik Azərbaycanın xarici siyasətinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsir göstərə bilər. Bu da hər iki ölkənin Cənibi Qafqazda strateji maraqlarının olması ilə bağlıdır. Azərbaycan nəinki bu regionda, bütövlükdə dünyada Türkiyənin ən yaxın strateji müttəfiqidir. Eyni zamanda, son illər rəsmi Bakının xarici siyasətində ABŞ və Avropadan uzaqlaşma Rusiya ilə yaxınlaşması ilə müşahidə olunur. Bu baxımdan, Azərbaycanın mövcud situasiyada hansı mövqeni seçəcəyi diqqəti cəlb edir. Baş verən hadisələr Azərbaycanın çətin durumla üzləşdiyindən xəbər verir. Rəsmi Bakı konkret seçim etməli olsa, digər tərəfin siyasi təzyiqinə məruz qala bilər.

Siyasi ekspertlərin proqnozlarına görə, Türkiyə-Rusiya münasibətlərində tezliklə yumşalma baş verməsə, bu qarşıdurma özünü Ermənistan-Azərbaycan cəbhə xəttində hərbi əməliyyatlarda göstərəcək.

Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirib ki, Türkiyə ilə Rusiya arasında baş verən hərbi-siyasi qarşıdurmadan Azərbaycanın zərər çəkməsi ehtimalı daha böyükdür. Bu, ilk növbədə erməni diaporunun fəallaşması və Azərbayacana qarşı təzyiqlərin artması ilə müşahidə olunacaq: “Bu gərginlik Yaxın və Orta Şərqdə, o cümlədən Cənubi Qafqazda da regional təhlükəsizlik problemlərinə təhdid yaratmaya bilməz. Azərbaycanın Türkiyə və Rusiya ilə münasibətləri strateji müttəfiqlik səzviyyəsində qiymətləndirilir. Çox təəssüf ki, indiki qarşılıqlı ittihamlar şəraitində biz gərginliyin artmasını müşahidə edirik. Əlbəttə, Türkiyənin öz hava məkanını pozan Rusiya təyyarəsini vurmaq ixtiyarı var idi. Ancaq Rusiya tərəfi də bəyan edir ki, təyyarə Türkiyə ərazisində cəmi 17 saniyə qalıb və Suriya ərazisində xəbərdarlıq edilmədən vurulub. Artıq Rusiya tərəfinin atdığı radikal addımlar göz qabağındadır. Türkiyənin il ərzində turizmdən əldə etdiyi 40 milyard dollar gəlirin 3 faizi Rusiyanın payına düşür. Turistlərin sayına görə Rusiya tursitləri çoxluq təşkil edir. Bundan başqa baş verən hadisələr iki ölkənin birgə həyata keçirməli olduqları və dəyəri bir neçə milyard dollar olan layihələrə ciddi problem yarada bilər. Eyni zamanda, Türkiyə anlayır ki, istehlak etdiyi təbii qazın 50 faizi Rusiya tərəfindən ödənilir. Mən güman etmirəm ki, Rusiya “Cənub axını” ilə Türkiyəyə verməkdə olduğu qazın nəqlini dayandıracaq. Bu, Rusiyanın maraqlarına uyğun deyil. Hər halda Türkiyənin belə bir addım atması Türkiyədən daha çox ABŞ-ın maraqlarına cavab verir. Eyni zamanda, Rusiya türkmənlərin də mövqelərinə aviazərbələr endirirdi və bu baxımdan Türkiyə öz soydaşlarını müdafiə etmək hüququna malikdir. Amma Türkiyənin bu addımı regional təhlükəsizliyə problem yarada bilər. Sanki Türkiyə NATO-nun və ABŞ-ın atmağa cəsarət etmədiyi addımı atdı. Güman edirəm ki, belə şəraitdə Azərbaycanın manevr imkanları artır. Çünki Azərbaycan iqtidarı yaxşı başa düşür ki, erməni diplomatiyası və Ermənistan dövləti situasiyadan istifadə etməyə çalışacaqlar. Rusiya diplomatiyasına, siyasi elitasına təsir etmək etmək imkanı olan erməni siyasətçiləri Azərbaycan-Türkiyə alyansına qarşı çoxdan düşünülmüş bir ssenariyə start veriblər. Mən Rusiyanın sifarişi ilə Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyin artacağını istisna etmirəm. Çox təəssüf ki, Türkiyə bu addımı atmaqla öz müttəfiqi Azərbaycanı çətin vəziyyətə salıb. Güman edirəm ki, Azərbaycan dövlətinin Türkiyə və Rusiya arasında vasitəçilik etmək imkanları var. Düşünürəm ki, Azərbaycan yaxın vaxtlarda milli təhlükəsizliyin gücləndirilməsi istiqamətində xüsusi addımlar atacaq. Prezident İlham Əliyevin həm Türkiyənin, həm də Rusiyanın rəhbərliyi ilə xoşməramlı münasibətlərinin olmasını nəzərə alsaq, Azərbaycan Qərbin edə bilmədiyi belə bir barışdırıcı missiya ilə çıxış edə bilər”.

Politoloq hesab edir ki, Türkiyə və Rusiyanın geosiyasi maraqlarının Cənubi Qafqazda toqquşması Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 1-də Parisdə keçiriləcək görüşünə də mənfi təsir göstərə bilər: “Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək planlarını həyata keçirməyə çalışan Putin nə Fedrasiya Şurasının, nə də digər qurumların Azərbaycanla münasibətlərin pozulmasına yol verər. Amma biz yaxın vaxtlarda Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin arzuolunmaz həddə çatacağını müşahidə edəcəyik. Mövcud durumda Ermənistan hakimiyyətinin Azərbaycana ünvanlanmış bəyanatları daha kəskin həddə çatarsa, dövlət başçılarının dekabr ayında gözlənilən görüşü baş tutmaya bilər. Hər halda hadisələrin gedişi yaxın bir həftə baş verəcək hadisələrin gedişindən asılı olacaq”.

Müşfiq Abdulla

Cebhe.info
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed