Şrift:
Cəbhə xəttində gərginliyin artması Rusiya tərəfindən atılan qisas addımı ola bilərmi?
12.12.2015 [08:28] - Gündəm, Siyasət, DAVAMın yazıları
Elşən Manafov: "Azərbaycan dövlətçiliyinin tutmuş olduğu müstəqil yoldan sapındırmaq, hansısa bir Azərbaycan maraqlarına cavab verməyən layihələrə qoşulmaq təhdidləri nəticə verməyəcək"

Son günlər cəbhə xəttində vəziyyət gərginləşib. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 86 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 90 dəfə atəş zərbəsi endirib. Rusiya Türkiyə münasibətlərinin gərginləşməsi ərəfəsində cəbhədə vəziyyətin gərginləşməsi ortaya bir sıra sualların çıxmasına səbəb olub. Belə ki, cəbhə xəttində gərginliyin artması Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi ərəfəsində Azərbaycanın Türkiyəni dəstəkləməsinə görə Rusiya tərəfindən atılan qisas addımı ola bilərmi?

Məsələyə münasibət bildirən politoloq Elşən Manafov qeyd etdi ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin gərginləşməsi fonunda Azərbaycan iqtidarının atdığı addımlar rəsmi Moskvanı narahat etməyə bilməzdi: "Xatırlayırsınızsa bir müddət əvvəl Türkiyədən Mərkəzi Asiyaya və Çinə tranzit yolnan yollanan Türkiyəyə məxsus tırların Rusiya ərazisindən keçirilməsinə yasaq qoyuldu. Azərbaycan prezidentinin sərəncamı ilə həmin iri maşınlar Xəzər vasitəsilə Türkmənistana, sonra Mərkəzi Asiyaya və Çinə yollandı. Azərbaycan tərəfi burada gömrük tariflərini qardaş Türkiyəyə görə xeyli aşağı saldı. Təbii ki, rəsmi Ankaranın Mərkəzi Asiya və Çinlə ticarət münasibətlərinin həyata keçirilməsində yüklərin daşınmasında Rusiya tərəfi müəyyən problemlər yaratmaq istəyirdi ki, Azərbaycan dövləti dərhal operativ bir qərar qəbul edərək qardaş Türkiyə üçün yarana biləcək problemin qarşısını aldı. İkincisi, hal-hazırda Rusiya Cənub axını vasitəsilə Türkiyəyə ötürdüyü qazın nəqlini dayandırmaq istəyir. Artıq bu arada məlum olub ki, Türkiyə həmin qazı İrandan , xüsusilə də Azərbaycandan ala bilər. TANAP layihəsi ilə Azərbaycan tərəfinin Türkiyəyə ötürə biləcəyi qaz rəsmi Ankaranın enerji təhlükəsizliyində müəyyən bir rol oynaya bilər. Təbii ki, Azərbaycanın Türkiyə bazarında Rusiyaya məxsus yeri tutması da heç şübhəsiz ki, rəsmi Moskvanı narahat edir və bu mənada Rusiya tərəfinin sifarişi ilə vassal, satellit dövlət olan Ermənistanın Azərbaycan-Ermənistan təmas xəttində son vaxtlar atəşkəsi pozması artıq bütün bu halların daha intensiv xarakter alması göstərir ki, hər halda Azərbaycan-Ermənistan təmas xəttində gərginliyin artması təbii ki, Rusiyanın dolayısı yolla Azərbaycan iqtidarına mesajı kimi də qəbul oluna bilər. Hərçənd ki, Azərbaycan tərəfi bir qayda olaraq Rusiya ilə ikitərəfli münasibətlərə həmişə böyük önəm verib. Türkiyə bizə qardaş dövlət olsa da, Azərbaycan anlayır ki, Rusiya ilə münasibətlərin hər iki tərəfin maraqlarına cavab verə bilməyəcəyi bir müstəvi üzərinə çıxarılmasından daha çox Azərbaycan tərəfi əziyyət çəkə bilər. Söhbət ondan gedir ki, Qarabağ probleminin çözülməsi ilə bağlı danışıqlarda təbii ki, ATƏT-in Minsk Qrupundan təmsil olunan dövlətlərdən biri kimi Rusiyanın bu danışıqlara təsir etmək imkanları kifayət qədər yetərlidir, güclüdür. Etiraf etmək lazımdır ki, Cənubi Qafqazda Rusiya özünün strateji müttəfiqi kimi məhz Ermənistanı nəzərdən keçirir. Ona görə də təbii ki, atəşkəs xəttində son vaxtlarda əldə edilmiş razılığın intensiv şəkildə təbii ki, Rusiyanın sifarişi ilə ermənilər tərəfindən pozulması heç şübhəsiz ki, Azərbaycan dövlətçiliyinə, Azərbaycan iqtidarına Rusiyanın müəyyən mesajı kimi qəbul oluna bilər. Rəsmi Moskvanı narahat edən məsələ Azərbaycan tərəfinin Türkiyə və Mərkəzi Asiya arasında Böyük İpək yolunda qardaş ölkə üçün problemləri aradan qaldırması istiqamətində atdığı addımlardır ki, Azərbaycan iqtidarı operativ şəkildə bu məsələyə müdaxilə edib, qardaş Türkiyəni yarana biləcək problemlər məngənəsindən çıxardı. Daha sonra Azərbaycanın Türkiyə bazarında əvvəllər Rusiyaya məxsus ola biləcək yeri müəyyən mənada doldurmaq imkanları belə bir sözü deməyə bizlərə əsas verir".

Politoloq bildirdi ki, Cənub axını ilə Rusiyanın Türkiyəyə nəql etdiyi qazın miqdarı təxminən 61 milyard kubmetrdən yuxarı idi: "Azərbaycan ən yaxşı halda hələlik 18-20 milyard kubmetr quru ilə Türkiyəyə qazı nəql edə bilər. Ona görə də rəsmi Ankara məcburdur ki, qazın qalan hissəsini İrandan alsın. Bu mənada Azərbaycan tam mənada Türkiyənin enerji bazarında rəsmi Ankaraya məxsus ola biləcək yeri doldura bilməsə də, hər halda Azərbaycanın Türkiyəni yaranmış vəziyyətdən çıxarması üçün atdığı və ata biləcək addımlar da təbii ki, Rusiya iqtidarını narahat edir. Xatırlatmaq istəyərdim ki, 2008-ci ildə də Gürcüstan və Rusiya arasında yaşanan ciddi qarşıdurma zamanı Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan iqtidarının atdığı addımlar o zaman Rusiya tərəfindən çox böyük qısqanclıqla qarşılanmışdı. Yəqin ki, buna görədir ki, son vaxtlar Günəşli neft yatağında baş vermiş hadisə ilə bağlı bəzi ekspertlər Rusiya tərəfindən həmin yataqda müəyyən terror hadisələrinin həyata keçirilməsi ilə bağlı amilləri də istisna etmirlər. Hətta mətbuat konfransında Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə də belə bir variantı istisna etmədi. Qeyd etdi ki, ona görə də komissiyanın tərkibində MTN-nin nümayəndələri təmsil olundular. Amma etiraf etmək lazımdır ki, hər halda Rusiya nə qədər ki, Azərbaycanı Avrasiya İttifaqı, Gömrük İttifaqı ilə bağlı layihələrə cəlb etmək istəyir və Azərbaycan tərəfi də bu məsələyə birmənalı mövqe sərgiləməyib. Güman edirəm ki, Rusiya da anlamamış deyil ki, Azərbaycanla belə ciddi təzyiqlərlə, təhdidlərlə danışmaqla Azərbaycan dövlətçiliyinin tutmuş olduğu müstəqil yoldan sapındırmaq, hansı bir Azərbaycan maraqlarına cavab verməyən layihələrə qoşulmaq təhdidləri də nəticə verməyəcək. Hər halda Rusiya iqtidarı güman edirəm ki, Azərbaycan tərəfi ilə münasibətləri hər iki tərəfin maraqlarına cavab verən bir çərçivə üzərində qura bilərsə, bu həm Azərbaycanın, həm Rusiyanın, həm də bölgədə təhlükəsizliklə bağlı amillərin xeyrinə ola bilərdi".

Günel MEHDİ
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed