Şrift:
Rusiyanın şərtlərinə Türkiyənin cavabı nə olacaq?
16.12.2015 [14:34] - Gündəm, Siyasət
Elşən Manafov: "İnanmıram ki, Türkiyə tərəfi baş vermiş hadisəyə görə rəsmən üzr istəsin"

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov bəyan edib ki, birincisi, təyyarənin vurulması, pilotun ölümü ilə bağlı üzr istənməli, ikincisi, buna məsul olan şəxslərin tapılması və lazım olan cəzaların verilməsi, üçüncüsü isə Rusiyanın üzləşdiyi zərərin ödənilməsi. "Bu şərtlərimiz yerinə yetirilməsə, Türkiyənin digər açıqlamaları nəticəsiz qalacaq", deyə Rusiya səfiri bildirib. Türkiyə tərəfi isə dəfələrlə bildirib ki, Rusiyadan üzr istəməyəcək. Baş verən prosesləri politoloq Elşən Manafov şərh etdi.
Politoloqun sözlərinə görə, Rusiyanın sürdüyü şərtlər dəymiş ziyanın əvəzinin ödənilməsi və Türkiyə iqtidarının baş vermiş hadisələrə görə rəsmən üzr istəməsi ilə bağlı məsələləri ehtiva edir: "Amma görünür ki, Rusiya iqtidarı müəyyən amilləri nəzərə alaraq təbii ki, geri çəkiləcək. Əslində rəsmi Moskvanın geri çəkilməsi də anlaşılandır. Məsələ burasındadır ki, son bir ildə Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin ümumi məbləği təxminən 18 milyard dollardan yuxarı olmuşdu ki, bunun da 15 milyard dolları məhz Rusiyanın Türkiyəyə ixrac etdiyi məhsulları özündə ehtiva edir. Yəni ticarət dövriyyəsinin 15 milyard dolları Rusiyanın, 3 milyard dollara yaxını isə Türkiyənin üzərinə düşür. Məsələ burasındadır ki, bu Rusiyanın ixrac etdiyi 15 milyard dollarlıq məhsulun da təxminən yeddi milyarda yaxınını yalnız silah-sursat təşkil edir. Qalanları da təbii ki, neft və qaz məhsullarıdır. Halbuki Rusiyanın Türkiyədən idxal etdiyi məhsullar təxminən toxuculuq məhsullarıdır, tikinti materiallarıdır və kənd təsərrüfatı məhsullarıdır. Məsələ burasındadır ki, Rusiyanın tətbiq etdiyi sanksiyalar Türkiyə üçün ciddi bir problem yaşatmaya bilər. Türkiyə bu silah-sursatı əslində digər ölkələrdən də ala bilər. O cümlədən enerji təminatı ilə bağlı məsələləri də əlbəttə Azərbaycan və İranla aparılan danışılqlarda müəyyən mənada kompensasiya edə bilər. Düzdür, İranın son iki gün ərzində bəyanatları göstərir ki, əslində İran bu və ya digər mənada Rusiyaya dəstək verir və Türkiyə bazarında rəsmi Moskvaya məxsus yeri tutmağa o qədər də tələsmir. Hərçənd İranın Türkiyəyə ixrac edəcəyi qazın məbləğinin artırılması ilə bağlı məsələlərdən gedə bilər söhbət. Türkiyənin bu məsələdə necə mövqe tutacağı ilə bağlı məsələlərə Türkiyə prezidenti Ərdoğan artıq birmənalı mövqe sərgilədi. Bildiyiniz kimi Rusiya iqtidarı konkret elə Putinin timsalında Türkiyə prezidenti Ərdoğanın ailəsinin İŞİD-lə bağlı bu və ya digər münasibətlərdə olması ilə bağlı fikirlər açıqlayıb. Təbii ki, ciddi faktlar ortalığa qoymadan. Ərdoğan da əslində oğlunun ictimai iaşə sahəsində kiçik bir biznesinin olması ilə bağlı məsələləri qabartdı. Bəyan etdi ki, onun ailəsi heç bir vəhclə İŞİD-lə bağlı deyil. İŞİD-lə neft biznesi ilə bağlı ilişkilər yoxdur. Əksinə son bir ay ərzində Ərdoğan Türkiyənin İŞİD-dən aldığı təxminən 900 milyon tona yaxın məhsulun dünya bazarına tamamilə leqal yollarla çıxarıldığı ilə bağlı məsələni ortalığa qoydu. Bəyan etdi ki, Türkiyənin mövqeyi 26 mindən yuxarı İŞİD əsgərinin Türkiyəyə keçməsinin qarşısına yönəlmişdi. Faktlar göstərir ki, təbii ki, Türkiyə iqtidarının İŞİD-lə bağlı ciddi biznes layihələri mövcud deyil. Hər halda Ərdoğanın ortalığa qoyduğu faktlara münasibətdə hələlik Rusiyanın faktlara müraciət etməsini müşahidə etmirik. Görünür ki, Rusiya hər halda bu və ya digər güzəştlərə gedəcək".
Manafov qeyd etdi ki, dekabrın 17-də Rusiya prezidenti Putin Rusiya KİV-ləri, dünya mətbuat qurumları və əlbəttə Rusiya ictimaiyyəti ilə birbaşa yayımda bir neçə saatlıq təmasda olacaq: "Güman edirəm ki, Putinin iki gün sonra həmin bu mətbuat yayımında söyləyəcəyi fikirlər Rusiya-Türkiyə münasibətlərini bundan sonra hansı kontekstdə inkişaf edə biləcəyi ilə bağlı məsələlərə aydınlıq gətirəcək. Amma Peterburqda keçirilən foruma Türkiyənin dəvət olunmaması və Ərdoğanın da buna görə gəlməməsi göstərir ki, hər halda münasibətlərdəki gərginlik qalmaqdadır. İnanmıram ki, Türkiyə tərəfi baş vermiş hadisəyə görə rəsmən üzr istəsin. Çünki Türkiyənin mövqeyinə görə rəsmi Ankaranın hava məkanı Rusiya tərəfindən pozulmuşdur. Rusiya da bunu təbii ki, arxadan vurulan zərbə kimi endirir. Amma turizm sahəsində Türkiyənin itirəcəyi gəlirlər istisna olmaqla əslində Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyaların Türkiyə iqtisadiyyatı üçün ciddi problemlər doğura biləcəyini düşünmürəm. Çünki Türkiyə həmin silahı da başqa ölkələrdən ala bilər, üstəgəl enerji təhlükəsizliyi ilə bağlı problemləri də tamamilə başqa bir kontekstdə həll etmək iqtidarında olan dövlətdir. Amma Rusiya təbii ki, Türkiyədən idxal etdiyi məhsulları Çin və ya digər ölkələrin hesabına təmin edə bilsə də, burada söhbət keyfiyyətdən və qiymətlərdən gedəcək ki, bu da Rusiyanın bazarında həm iri şirkətlərin ciddi narazılığına səbəb olacaq. Və artıq Rusiyanın sadə vətəndaşları da Türkiyə ilə münasibətlərdə tətbiq edilmiş sanksiyaların sıravi rusiyalı istehlakçılara vurduğu ziyanla bağlı artıq etiraz səslərini ucaltmaqdadırlar. Güman edirəm ki, bu məsələdə Rusiya ictimaiyyətinin fikri də Rusiya iqtidarı tərəfindən nəzərə alınmalıdır".

Günel MEHDİ
Bu xəbər oxucular tərəfindən 1081 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed