Şrift:
Azərbaycan Avropanın əsas enerji tərəfdaşına çevrilir
02.03.2016 [13:05] - Gündəm, Siyasət
Elşən Manafov: “ Cənub-Qərbi Avropa ölkələrini maraqlandıran məqamlardan biri də Azərbaycanın TANAP və TAP layihələrilə Qərbin enerji təminatında oynaya biləcəyi roludur ”

Fikrət Sadıqov: “Azərbaycan regionun mühüm bir oyunçusu olaraq Avropanı tam mənada qəne edən dövlət kimi artıq dünya meydanına çıxmaq istiqamətində növbəti bir addımı atır”


Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci iclasında yekun bəyannamə qəbul olunub. Bəyannamədə Avropa bazarının Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı təhlükəsizlik və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşməsi məqamı vurğulanıb.
Politoloq Elşən Manafov düşünür ki, baş tutan toplantı və burada əldə olunan nəticələr Azərbaycanın Qərblə əlaqələrinə yeni bir impuls gətirə bilər: "Azərbaycan indiyə qədər Avropa Birliyilə apardığı danışıqlarda Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi məsələsinə zamanında aydınlıq gətirib. Zamanında Avropanın enerji təminatında «Nabucco» layihəsinin ciddi rolu ola bilərdi. Lakin Avropa Birliyi «Nabucco»nun maliyyələşdirilməsilə bağlı məsələlərə birmənalı münasibət sərgiləmədiyindən, habelə onun reallaşmaması üçün Rusiyanın həyata keçirdiyi siyasət ölkəmizin üçün bu layihənin gerçəkləşməsində müəyyən problemlər yaratdı.
Amma indi Avropa Birliyi, xüsusən də Cənub-Qərbi Avropa ölkələrini maraqlandıran məqamlardan biri də Azərbaycanın TANAP və TAP layihələrilə Qərbin enerji təminatında oynaya biləcəyi roludur. Güman edirəm ki, qarşılıqlı maraq doğura biləcək məsələlər ətrafında tərəflər razılığa gələcəksə, «Nabucco»dan fərqli olaraq Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanın təklif etdiyi marşurutlar üzrə məlum kəmərlərin iqtisadi baxımdan rentabelli olması yolunda müvafiq addımlar atacaqsa, həmin kəmərlərin tikintisi və qazımızın sözügedən bazara çıxarılması üçün maliyyə vəsaiti buraxılacaqsa və bu yük ancaq dövlətimizin üzərinə düşməyəcəksə, layihənin gerçəkləşməsi istiqamətində Bakının Moskva ilə münasibətlərində ciddi problemlər yaşanmayacaqsa, ən azından Türkmənistan qazının Avropa məkanına çıxarılması baş verəcəksə, bütün bunlar ölkəmiz üçün yaxın perspektivdə rentabelli olacaq yeni kəmərlərin istifadəyə verilməsi, dövlət büdcəmizə əhəmiyyətli şəkildə təsir göstərəcək maliyyə faktoru olacaq.
Onu da nəzərə almaq lazımdır ki, Avropa Birliyi Azərbaycanla danışıqlarda İran qazının da ölkəmiz vasitəsilə öz bazarlarına çıxarılması məsələsini gözdən keçirə bilər. Bu gün Avropa üçün də İran qazının Azərbaycandan keçməklə Avropaya daşınmasında Bakının hansı addımlar ata biləcəyi maraqlıdır. Bakı ilə Tehran arasında danışıqlar və ardınca iki prezidentin telefon danışıqları da güman ki, Azərbaycanın Avropa Birliyilə münasibətlərində bölgə karbohidrogen ehtiyatlarının Qərbə çıxarılmasında tərəflərin hər birinin üzərinə düşəcəyi güc və məsuliyyət, öhdəliklərlə bağlı məsələyə aydınlıq gətirəcək. Azərbaycanla olan bu əlaqələrdə məqsəd Avropanın enerji baxımından Rusiyadan olan asıllığını aradan qaldırmağa yönəlib.
Azərbaycan balanslaşdırılmış xarici siyasəti elə uğurla həyata keçirir ki, bu siyasət ölkəmizin karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılması ilə yanaşı, ölkəmizin Rusiya ilə münasibətlərində də problem yaratmır. Əlbəttə, bu məsələyə geosiyasi və geoiqtisadi faktorlardan yanaşmaq lazımdır. Hər iki halda Azərbaycan ciddi siyasi-iqtisadi dividendlər əldə edə bilər. Bu kəmərlərin reallaşması Qərbin Azərbaycanla münasibətlərinə yetərincə müsbət təsir edəcək. Belədə həmin danışıqların uğurla başa çatmasında şübhəsiz ki, ABŞ da maraqlı olmalıdır. Bu da geosiyasi anlamda Vaşinqtonla Bakı arasında münasibətlərin mahiyyətcə yeni bir mərhələsinin başlanmasına şərait yaradır”.
Politoloq Fikrət Sadıqovun fikrincə, Avropa Azərbaycan enerji işbirliyi yüksələn xətlə davam edəcək: "Azərbaycan regionun mühüm bir oyunçusu olaraq Avropanı tam mənada qəne edən dövlət kimi artıq dünya meydanına çıxmaq istiqamətində növbəti bir addımını atır. Digər tərəfdən Azərbaycanı Avropanın enerji təhlükəsizliyini təmin edən dövlət olaraq da qəbul edirlər. Bu da öz-özlüyündə Avropa Birliyilə Azərbaycan arasında digər sahələrdəki münasibətlərə də müsbət təkan verəcək. Həm siyasi, həm humanitar, həm də iqtisadi əlaqələrin inkişafı istiqamətində.
Təbii ki, Azərbaycan bu münasibətləri inkişaf etdirməyə çalışacaq. Lakin Avropadan da real və ədalətli bir mövqe eşitmək istəyir və onların Qarabağ münaqişəsinə ədalətli yanaşma sərgiləməsini gözləyirik. Dövlət başçısı da Məşvərət Şurasındakı çıxışında qeyd etdi ki, münaqişə ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələr hələ də yerinə yetirilməyib, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Avropa ilə bütün münasibətlərimizin yaxınlaşması və inkişafı diplomatik formada hücumedici siyasətimizin bir tərkib hissəsidir”.

Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed