Şrift:
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yenidən işlənməsinə ciddi zərurət yaranır
12.03.2016 [13:49] - Gündəm, Siyasət
Elman Nəsirov: “Müsəlman dövləti olduğumuzdan da ölkəmizə qarşı ikili standartlar özünü daha qabarıq şəkildə göstərir”

Elşən Manafov: “Münaqişənin həllində böyük dövlətlərin siyasi iradəsinin olmaması məhz onların siyasi maraqlarından qaynaqlanır”



Martın 10-da Azərbaycanın paytaxtında "Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir: "Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür".
Milli Məclisin deputatı Elman Nəsirov da düşünür ki, sözügedən problemin kökündə də ikili standartlar məsələsi durur: "IV Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev bir daha Dağlıq Qarabağ münaqişəsilə bağlı son vəziyyətə diqqəti cəlb edərək qeyd etdi ki, bir çox hallarda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlər qısa zamanda ərzində yerinə yetirilir. Amma Ermənistanın təcavüzkar siyasətilə bağlı qəbul edilən 4 qətnamə bu günə qədər icra olunmayıb. Prezident olduqca vacib məsələ kimi bildirdi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrinin yerinə yetirilməsilə bağlı konkret mexanizmi olmalıdır. Mexanizm olmadıqda isə burada siyasi motivlər ön plana keçir, ikili standartlar tüğyan edir.
Necə ola bilər ki, eyni hadisəyə münasibətdə bir xətt, ona oxşar başqa hadisəyə münasibətdə isə fərqli yanaşma tərzi nümayiş etdirilsin? Bu qəbuledilməzdir. Belə yol tutmaqla beynəlxalq təşkilatlar ilk növbədə öz imiclərinə ciddi zərbə vururlar. İnsanlarda haqlı olaraq bu təşkilatlara qarşı bir inamsızlıq formalaşır. Prezident çıxışında o məqama da diqqət yetirdi ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin siyasi iradəsi olmalı və onlar məsələyə münasibətdə konkret mövqe ortaya gətirməlidirlər. İlk növbədə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək addımlar atmalıdırlar. Təəssüf ki, belə bir yanaşmanın şahidi ola bilmirik. Bunun da səbəbi ikili standartların mövcud olmasından qaynaqlanır. Cənab Prezident bundan öncəki çıxışlarının birində qeyd etmişdi ki, əslində, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın müsəlman dövləti olması səbəbindən öz həllini tapa bilmir.
Müsəlman dövləti olduğumuzdan da ölkəmizə qarşı ikili standartlar özünü daha qabarıq şəkildə göstərir. Nə qədər ki, belə yanaşmalar qalacaq, münaqişənin həlli də mümkün olmayacaq. Yəni problemi öyrənib, beynəlxalq hüquq prinsiplərindən çıxış edərək onu həll etmək lazımdır. Daha münaqişə tərəflərindən birinin bir dinə, digərinin isə başqa bir dinə mənsub olduğunu nəzərə alıb problemin həll edilməsinə çalışmaq çox yanlış seçimdir və bu heç bir halda nəinki regionda, bütövlükdə qlobal miqyasda sülhə, təhlükəsizliyə xidmət etməyəcək, əksinə, sülh üçün ciddi problemə çevriləcək”.

Politoloq Elşən Manafov qeyd etdi ki, münaqişənin həllində böyük dövlətlərin siyasi iradəsinin olmaması məhz onların siyasi maraqlarından qaynaqlanır: "BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı verdiyi qətnamələrinin bu günə qədər icra edilməməsinin səbəbinin onu qəbul edən dövlətlərin siyasi maraqlarından qaynaqlandığını düşünürəm. Prezident özü də qeyd etdi ki, lazım olanda həmin tipli qətnamələr dünyanın ayrı-ayrı bölgələrində, ayrı-ayrı dövlətlərə münasibətdə qısa zaman kəsiyində həyata keçirilir. Necə olur ki, Liviyaya, İraqa, Ukrayna, Gürcüstana münasibətdə həmin dövlətlərin siyasi rəhbərliyi dərhal siyasi iradə nümayiş etdirə bilir, amma Qarabağ konfliktinin dinc yolla və beynəlxalq hüququn müəyyən etdiyi prinsiplər üzərində tənzimlənməsi üçün nədənsə həmin siyasi elitada siyasi iradə çatışmır. Yəni həmin dövlətlərin də bu yanaşması daha çox siyasi maraqlarla bağlıdır.
Cənubi Qafqazda dövlətlərin siyasi rəqabəti Ermənistamdakı etirazlar nəzərə alınmaqla yeni bir fazaya keçməkdədir. Təbii ki, qısa zamanda Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq da mümkün olmayacaq. Diqqət edək ki, məhz Suriya probleminin çözümündə Rusiya faktoru Bəşər Əsəd rejiminin duruş gətirməsinə səbəb oldu. Burada da məhz siyasi maraqlar nəzərə alınaraq siyasi iradə nümayiş etdirildi. Əslində, Qarabağ münaqişəsinin indiyə kimi dondurulmuş konfliktlərə aid edilməsi də həmin dövlətlərin daha çox siyasi iradələrilə bağlıdır. Həmin siyasi iradə də onların siyasi maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Burada maraqlar fərqlidir. Yəni heç bir geosiyasi güc mərkəzi Cənubi Qafqazda bir-birinə güzəştə getmək istəmir. Bildiyimiz kimi, Ermənistan Rusiyanın təsir dairəsindədir, məhz onun geosiyasi mövqedə yerləşməsi Moskvanı daha çox maraqlandırır. Belədə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi də əngəl olaraq qalacaq”.




Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed