Şrift:
Novruz Məmmədov: Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın gələcəyini təmin edəcək
17.03.2016 [10:47] - Xəbərlər, Siyasət
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər dinamik inkişaf edir. Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

PA rəsmisi vurğulayıb ki, Prezident İlham Əliyevin Avropa İttifaqının rəhbər şəxsləri ilə mühüm konfranslarda, forumlarda apardığı danışıqlar, eyni zamanda Aİ rəhbərlərinin son zamanlar Azərbaycana səfəri və aparılan danışıqlar da münasibətlərin dinamik inkişafını nümayiş etdirir.

N.Məmmədov qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən dünyada gedən proseslərdə öz yerini tutub: "Azərbaycan Avropa ilə daha sıx əməkdaşlıq prinsipi üzərində öz dövlətçiliyini inkişaf etdirməyi qarşısına məqsəd qoyub və bu istiqamətdə uğurla gedir. Lakin rəsmi Bakının bu münasibətlərdə əsas mövqeyi ondan ibarət olub ki, münasibətlərimiz bərabərhüquqlu, ədalətli olsun. Bir-birimizə qarşılıqlı hörmət və anlaşma üzərində qurulsun. Belə olmasa, bu əməkdaşlıq uğurlu ola, gələcəyini təmin edə bilməz. Şükür ki, son zamanlar bu istiqamətdə Azərbaycanla Avropa İttifaqı arasında anlaşma var. Son illər gedən prosesin nəticəsi olaraq, ən azı Şərq Tərəfdaşlığına üzv olan dövlətlərin içərisində hərə öz yolunu seçdi".

N.Məmmədov əlavə edib ki, Azərbaycan öz maraqlarını qorumaq istiqamətində addımlar atdığı və buna nail olduğu üçün Azərbaycanla Aİ arasında müəyyən tərəfdaşlıq, əməkdaşlıq əlaqələrinin inkişafını özündə əks etdirən bir sənəd üzərində iş gedir: "Düşünürəm ki, müəyyən bir zamanda bu, həyata keçiriləcək və Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın gələcəyini təmin edəcək. Artıq mənim buna şübhəm yoxdur. Çünki az əvvəl Avropa İttifaqının xarici siyasət məsələləri və enerji məsələləri üzrə komissarları ölkəmizə gəldilər və münasibətlərin mahiyyəti ilə bağlı öz mövqelərini ortaya qoydular. Təkcə söz və bəyanatlar deyil, "Cənub Qaz Dəhlizi" ilə bağlı atılan addımlar da bunu göstərir. Azərbaycanın Qərblə münasibətlərində müəyyən məsələlər olub, bu gün bu məsələlərin hamısı aradan qalxmaq üzrədir".
Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed