Şrift:
Azərbaycan və Türkiyə islamafobiyanın qarşısını birgə alacaqlar
19.03.2016 [15:04] - Gündəm, Siyasət
Elşən Manafov: “Prezident İlham Əliyevin Türikyəyə son səfərindən sonra iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq mövcud dünyada olan islamafobiya proseslərinə qarşı mübarizədə də daha da güclənəcək”

Prezident İlham Əliyev Türkiyə səfərində bildirdi ki, Azərbaycan və Türkiyə islamafobiyaya qarşı bərabər, birgə səylərlə mübarizə aparır: "Bu gün islamafobiya bəzi ölkələrdə dövlət siyasətinə çevrilibdir. Əfsuslar olsun ki, bir çox media qurumları İslama, İslam mədəniyyətinə, bizim adət-ənənələrimizə qarşı məqsədyönlü şəkildə kampaniya aparır. İslamı ləkələmək, qaralamaq, terrorla eyniləşdirmək cəhdləri gözümüzün önündədir. Bu, dözülməzdir. Bu, dünyada sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır".
Həqiqətən də son illər Qərb dünyasını islamofobiya təzahürləri bürüyüb. Özlərini demokratiyanın beşiyi sayan bu ölkələrdə İslam dünyasının peyğəmbəri təhqir edilir, məscid və məbədlər hücuma məruz qalırlar. Avropa orta əsrlərdə olduğu kimi yenə də İslam dünyasına qarşı sanki səlib yürüşünə çıxıb. Azərbaycan və Türkiyə kimi İslam ölkələrində isə əksinə, dilindən, dinindən asılı olmayaraq hər kəs öz inancını azad şəkildə həyata keçirməkdə sərbəstdir. Bu mənada maraqlıdır, Azərbaycan və Türkiyənin islamafobiyaya qarşı bərabər, birgə səylərlə mübarizəsi sözügedən problemi həll edə bilərmi?
Politoloq Elşən Manafovun fikrincə, Azərbaycan və Türkiyəyə qarşı məkrli qüvvələrin çirkin niyyətlərinin puça çıxmasında islamofobiyaya qarşı birgə səylərlə mübarizənin mühüm əhəmiyyəti olacaq: "Hər iki qardaş dövlət mahiyyət etibarı ilə eyni problemlərlə üz-üzə qalıb. Türkiyə neçə illərdir, PKK amilindən, onun terror aksiyalarından əziyyət çəkir. Habelə Suriya böhranının dərinləşməsi və Rusiya ilə məlum münasibətlərin gərginləşməsi fonunda, Türkiyəyə təhlükə yaradacaq amillər kifayət qədər artıb. Azərbaycan da Ermənistan tərəfindən həyata keçirilən dövlət terrorrizmindən əziyyət çəkir. Eyni zamanda, ölkəmizdə maraqları olan müxtəlif dairələr Azərbaycanda iqtidarın səyi nəticəsində formalaşan ictimai sabitliyi pozmaq üçün mövqelərini ortaya qoyurlar.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində çözülməməsinin əsas səbəblərindən biri də ölkəmizin müsəlman ölkəsi olmasıdır. Ayrı-ayrı dövlətlər, o cümlədən Minsk qrupunun həmsədr dövlətlərinin bu münaqişənin çözülməsilə bağlı prosesə məhz xristian təəssübkeşliyi marağından yanaşmasıdır. Bu, bir faktdır və görünən dağa bələdçi lazım deyil.
Gün kimi aydındır ki, Ermənistanla bağlı məsələnin arxasında böyük dövlətlərin regionla bağlı geosiyasi maraqları, eyni zamanda xristian təəssübkeşliyi dayanır. Zamanında çar Rusiyasının səylərilə ermənilərin Cənubi Qafqaz, o cümlədən Azərbaycan ərazisinə yerləşdirilməsi də məhz Moskvanın bölgə ilə bağlı maraqlarından irəli gəlmişdi. Digər amil isə o idi ki, Rusiya bölgənin müsəlman xalqlarına etibar etmədiyindən ermənilərdən bir təsir vasitəsi kimi istifadə edir. Yaradılan Ermənistan da Türkiyə ilə digər türkdilli ölkələr arasında bufer rolunda çıxış etmək üçün yaradılıb. Nahaq yerə deyil ki, böyük Atatürk Naxçıvanı türkün qapısı adlandırmışdı. Bu qapının ağzında Rusiya və məlum Avropa dövlətlərinin səylərilə erməni dövlətinin yaradılması adı çəkilən dövlətlərin bölgə ilə bağlı geosiyasi maraqlarından, həm də xristian təəssübkeşliyindən irəli gəlib. Bu mənada tarix təkrar olunur. Belə olan halda Azərbaycanla Türkiyənin birgə səylərlə islamafobiyaya qarşı mübarizə aparması adı çəkilən dövlətlərdə irqi və milli zəmində qarşıdurmalar yaratmaq və bu kontekstdə də onları daxildən sarsıtmaq üçün müəyyən iş planlarına malik olan və onu həyata keçirmək istəyən qüvvələr qarşısında ciddi bir mesajdır. Bu mənada Ankara ilə Bakının həmin mesajı onlar üçün ciddi siqnaldır.
Azərbaycanın Türkiyənin yanında olması islamofobiya adı ilə bu dövlətlərdə stabilliyi pozmağa istiqamətlənmiş addım atan
qara qüvvələrə qarşı xüsusi bir mesajdır. Prezident İlham Əliyevin Türikyəyə son səfərindən sonra iki qardaş ölkə arasında bütün sahlərdə əməkdaşlıq mövcud dünyada olan islamafobiya proseslərinə qarşı mübarizədə də daha da güclənəcək və hər iki dövlətin qarşılıqlı maraq doğuran münasibətləri genişlənəcək. Ən əsası bu mesajı məlum dövlətlər qəbul edəcəklər. Bu mesaj müəyyən mənada Türkiyəni Avropa Birliyində görmək istəməyən dövlətlərə, Ermənistan vasitəsilə Azərbaycana təsir imkanlarını saxlayan Moskvaya, İranda fars şovinizmi eşqilə alışıb yanan müəyyən qüvvələr üçündür. Həmin mesaj Türkiyə və Azərbaycan xalqlarına o mənada da qəbul olunmalıdır ki, bu dövlətlər dünyəvi dövlətlərdir, burada yaşayan bütün xalqlara bərabər hüquqlar verilib.
Təbii ki, Azərbaycanla Türkiyə arasındakı mövcud razılaşmalar Avropadakı islamofobiya amilinə də bu və ya digər dərəcədə təsir edir. İslamofobiyanın doğurduğu amillər Suriya böhranı ilə yaranıb. Avropa isə keçən əsrin 20-30-cu illərində baş verən hadisələrə doğru yuvarlanmaqdadır. Məsələ ondadır ki, islamafobiya amilinin qabardılmasında ABŞ-da müəyyən maraqları var. ABŞ görür ki, Angela Merkelin başçılıq etdiyi Almaniya artıq Avropa Birliyinin aparıcı dövlətinə çevrilib. Onlar Merkelin timsalında Üçüncü Reyxin yenidən dirçələcəyindən ehtiyat edirlər. Habelə, Fransanın da nə zamansa Şarl de Qol siyasətinə qayıdacağından narahatdırlar. Belədə ABŞ Avropa üçün millətçilik problemlərini doğurmaqla, qitənin öz təsir dairəsindən çıxmasına maneə olmaq istəyir”.




Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed