Şrift:
Hərbi komissarlıqların ləğvi nəyi dəyişəcək?
15.02.2012 [13:23] - Hərb
Ekspertlər hərbi çağırış sistemində edilən əsaslı dəyişikliklə bağlı fikirlərini açıqlayıb

Azərbaycanda hərbi çağırış sistemində əsaslı dəyişiklik edilib. Belə ki, prezident İlham Əliyevin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi ilə bağlı imzaladığı fərmana əsasən, Müdafiə Nazirliyinin tərkibində olan hərbi komissarlıqlar ləğv edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2 ay müddətində Xidmətin strukturu, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və ali zabit heyəti vəzifələrinin siyahısı barədə təkliflərini prezidentə təqdim etməlidir.
Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Qeyd edək ki, bu qurum həm çağırışa qədərki gənclərin qeydiyyatı, həm hərbi xidmətə çağırış, həm də xidmətini başa vuran və ehtiyatda olan hərbçilərin mütəmadi toplanışlarının keçirilməsi ilə məşğul olacaq. Mütəxəssislər bu qurumun əsas müsbət cəhətinin də məhz bu olduğunu deyirlər.
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli düşünür ki, bundan sonra hərbi toplanışlar keçiriləcək: “Türkiyə ordusunda və digər ölkələrin ordularında da belədir. Düşünürəm ki, Azərbaycanda da belə bir qurumun olması çox yaxşı haldır”.

Millət vəkili Çingiz Qənizadə isə bu islahatın korrupsiya hallarının azaldılması baxımından əhəmiyyətli olduğunu düşünür. O hesab edir ki, hərbi komissarlıqların ləğvi korrupsiya ilə mübarizə prosesində şəffaflığı təmin edəcək. Onun sözlərinə görə, bu, hərbi çağırışda olan neqativ halları aradan qaldıracaq: “Bu, həm də çağırışla bağlı prosedurları asanlaşdıracaq və mövcud olan bir çox problemləri həll edəcək”.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc isə hesab edir ki, bu qərar həm Azərbaycanın ordu quruculuğu ilə bağlı beynəlxalq standartlara keçidi, həm də NATO-nun “Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində üzərinə götürdüyü öhdəliklər baxımından mühüm addımdır. Millət vəkili yeni quruma işçilərin yeni prinsiplərlə götürülməli olduğunu deyir. Onun sözlərinə görə, bir necə müddət əvvəl bir neçə hərbi komissar rüşvətlə bağlı həbs edilib: “Bir sıra yüksəkçinli hərbçinin korrupsiya hallarında adlarının hallanması ordu quruculuğuna mənfi təsir edirdi”.
Millət vəkilinin sözlərinə görə, yeni yaradılmış qurumun işçilərinə dövlət qulluqçusu statusu verilməlidir və onlar işə xüsusi imtahanla götürülməlidir.

Qeyd edək ki, bu dəyişiklik nəticəsində hərbi komissarlıqların əməkdaşları iş yerlərini itirməyəcək. Onlar yeni yaradılmış qurumda işlərini davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 1518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed