Şrift:
Kitab yarmarkaları bizə nə qazandirir?
05.10.2011 [12:38] - Mədəniyyət
Və ya bədii qiraət üçün yarmarkalar lazımdırmı?

Oxumaq, doğulduğu andan etibarən durmadan nəsə öyrənməyə çalışan insan üçün ən asan və ən təsirli öyrənmə yoludur. Sahib olduğu məlumatların 60%- ini bu yoldan istifadə edərək əldə edən inkişaf etmiş ölkələrin vətəndaşları, indiki dövrdə daha çox oxuma vərdişinə sahib olmağın təmin etdiyi üstünlükləri hər bir sahədə yaşayırlar. Geri qalmış cəmiyyətlərin qarşılaşdıqları problemlərin bir çoxunun qaynağında isə kitaba barmaqarası baxmaq dayanır. Bu cəmiyyətlərdə insanlar, oxuyaraq keçirəcəkləri vaxtı əsasən faydasız məşğuliyyətlərlə keçirməkdədir. Halbuki, oxuma vərdişi əvvəlcə insanların özü üçün əldə edilməsi mütləq lazım olan bir vərdişdir. Kitab seçmək isə kitab sərgilərinin və yarmarkaları vasitəsi ilə olur.


İnsanlar burda yeni kitablarla tanış olub öz erudisiyalarını artırırlar. Son illərdə ölkəmizdə də belə kitab yarmarkaları və sərgiləri keçirilir. Həmin sərgilərdən ikincisi də 29 sentyabrda Bakı şəhərində baş tutub. Oxucular bu yarmarkada müxtəlif kitablarla tanış olaraq, həmin kitabların müəllifləri ilə canlı görüşmək imkanı əldə ediblər. Bəs, yazarlar necə fikirləşir? Bu yarmarkalar oxuculara necə təsir edəcək? Bu sualla yazarlarımıza müraciət etdik. Fikirlər fərqli və maraqlı oldu.
Yazar Narıngül hesab edir ki, bu tipli tədbirlərin kitab oxumağımıza müsbət təsiri var: “Sözsüz ki, müsbət təsiri var. Hər ay müxtəlif yarmarkalar keçirilir. Mənə elə gəlir ki, kitab yarmarkası onlardan daha əhəmiyyətlidir. Mən iki gün iştirak etdim. Deyim ki, adi oxuculardan yazarlar daha çox idi. Ancaq tədricən bu da öz həllini tapacaq. Kitabı təbliğ etmək həllini gözləyən vacib məsələlərdən biridir”.

Yazar Könül Səid isə bir az fərqli düşünür: “Paytaxtımızda bu cür yarmarkaların tez-tez keçirilməsi zəruridir. Amma kitabı sevən və oxuyan üçün bu heç də əsas göstərici deyil. Şəxsən mən, kitabı yarmarka olmasa belə, oxuyuram. Amma belə yarmarkaların bir müsbət cəhəti də var ki, burda bütün kitabları bir arada görə bilirsən. Yəni, bütün mağazaları gəzmirsən ki, istədiyin kitabı tapasan. Son dövrlər kitaba maraq çox aşağı səviyyədədir, bunu da internetlə əlaqələndirirlər, istənilən mövzunu internetdə axtarış verib, tapmaq olar deyə, insanlar kitab almırlar. Həm də, son dövlər çıxan kitabların qiymətləri də problemlər yaradır, insanlar bahalı kitabları ala bilmirlər. Kitabların baha olması da kitaba marağın azalmasına səbəb ola bilər”.
Yazar Habil Yaşar bu cür tədbirlərin tez-tez keçirilməsinin tərəfdarıdır: “Hər il ən azı, dörd dəfə, üç aydan bir olmaq şərti ilə keçirilsə, bu cür yarmarkalar oxucu kütləsinin artımına xüsusi təkan verməklə yanaşı, intellektin, savadın daha da kütləviləşməsinə səbəb olar. İnsanlarımızın şou-verilişlərinə olan marağını azaldar və bir daha bilərlər ki, əsl həyat gözəl mütailə ilə əldə edilir”.
Şair Hacı Arif Buzovnalının fikrincə bu yarmarkalar hər il keçirilir, amma heç bir təsiri olmur: “Çunki satışa çıxarılan kitablar cəmiyyətin bu gününü əks etdirmir. Bir də yarmarka keçirməklə kitab oxucusunu artırmaq olmaz. Nə qədər ki, orta məktəb dərsliklərində şagirdin bədii-estetik zövqünü formalaşdırmağın əksinə istifadə olunan müəllif və əsərlər var, kitab oxuyan çox az olacaq. Düzdür, mən oxucumdan şikayətçi deyiləm, amma televiziya olmasaydı, mən də oxucusuz qalacaqdım”.
Yazar-dramaturq Firuz Mustafa: “Azərbaycanda kitab satışı iflic vəziyyətdədir. Mən satış-yarmarkada iştirak etdim. Təbii ki, bu kimi tədbirlər kitab təbliğatı baxımından çox əhəmiyyətlidir. Yarmarkada bir çox ölkənin onlarla nəşriyyatı təmsil olunurdu. Yaxşı olardı ki, bu cür tədbirlər TV-lərdə daha geniş şəkildə təbliğ olunaydı. Və belə yarmarkaların rayonlarda da təşkilinə ehtiyac duyulur. Amma bütün bu sadalanan və deyilməyən bir çox müsbət cəhətlərinə baxmayaraq, mənə elə gəlir ki, bu, kampaniya təbliğatdan o yana gedə bilməyəcək.
Çünki bizdə kitab satışı iflic vəziyyətdədir: nə qədər ki, bir neçə il öncə dağıdılmış, soyqırıma məruz qalmış "Azərkitab" təzədən bərpa edilməyib, kitab istehlakında ciddi dönüş yaranmayacaq”.
Yazar Varis hesab edir ki, çox gözəl, mükəmməl bir tədbir idi: “Kitab həvəskarları həm stendlərlə tanış olurdular, həm də tədbirlərə qatılırdılar. Məsələn, Ukrayna səfirliyinin kitab təqdimatı, qızıl kəlmə mükafatı laureatları ilə oxucuların görüşü, Gənc ədiblər məktəbinin üzvləri ilə görüş çox maraqlı alındı. Məncə, bizə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi bu tədbiri yalnız dəstəkləmək düşər”.
Yazar Əkbər Qoşalı düşünür ki, Bakıda növbəti kitab satış yarmarkasının keçirilməsi alqışalayiq haldır: “Belə yarmarkalar ilk növbədə ölkəmizin mədəni həyatında bir hadisə kimi dəyərləndirilməlidir və çox yaxşıdır ki, artıq gələnəksəl xarakter almışdır. Sizə deyim, belə tədbirlər nəşriyyat və ədəbi qurumlar arasında, sözün yaxşı mənasında, bir yarış ruhu yaratmaqdadır və rəqabət öz-özülüyündə stimullaşdrıcı amil kimi xarakterizə oluna bilər. Bax, bu da bir sonuc olaraq dəyərləndirilə bilər. Bu hadisə bütün başqa özəllilkləri, sonucları ilə yanaşı, heç şübhəsiz, insanlarlmızın, ilk növbədə gənclərin kitaba dönüşünə də təsirsiz ötüşməyəcəkdir”.
Zaur Qəriboğlu
Bu xəbər oxucular tərəfindən 1868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed