Şrift:
Azərbaycanlı deputatlar və sabiq millət vəkilləri cəbhəyə getmək istəyirlər
05.04.2016 [11:23] - Xəbərlər, Siyasət
Azərbaycanlı deputatlar və sabiq millət vəkilləri cəbhəyə getmək istəyirlər
Kəlbəcərin sabiq deputatı Əlövsət Ağalarov artıq ön xəttə gedib

Ermənistanın təmas xəttinə yaxın ərazilərdəki hərbi hissələrində şəxsi heyət qıtlığı müşahidə olunur. Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıblar. Onların yazdığına görə, bu problemi həll etmək üçün hərbi komandanlıq orduya Dağlıq Qarabağ əhalisi arasından könüllülər cəlb etmək qərarına gəlib.

Məsələn, “Erkir media” telekanalı xəbər verir ki, “Erkrapa” Könüllülər Cəmiyyəti hazırda Birinci Qarabağ Müharibəsi iştirakçılarının könüllü şəkildə orduya cəlb edilməsi və bu işin koordinasiya olunması ilə məşğuldur. Ermənistan parlamentinin deputatı, “Erkrap” birliyinin sədri, general-leytenant Manvel Qriqoryan bir qrup könüllü döyüşçü ilə birlikdə Dağlıq Qarabağa gəlib.

Xəbər verilir ki, bir neçə gündür “Erkrap”ın ofisinin önünə çoxlu könüllü toplaşıb və onlar Qarabağa gedərək Azərbaycan ordusuna qarşı döyüşmək istədiklərini bildiriblər. “Erkrap” rəhbərliyi Ermənistanın Müdafiə Nazirliyinə müraciət edərək erməni könüllüləri Qarabağa döyüşə göndərmək üçün şərait yaradılmasını istəyib. Xatırladaq ki, Manvel Qriqoryan I Qarabağ müharibəsində də iştirak edib və dinc əhaliyə qarşı qırğınlara komandirlik etmiş əliqanlı keçmiş hərbçilərdəndir.

Azərbaycanın hazırkı deputatları və keçmiş deputatlarının da cəbhəyə döyüşə getməyə hazır olub-olmadıqlarını araşdırdıq. Deputat Fərəc Quliyev bildirdi ki, deputatlar da Azərbaycanın əsgərləridir: “Biz bir əsgər kimi döyüşə getməyə hazırıq. Bu gün bizim Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ departamenti toplantı keçirib və qərar qəbul edib ki, biz torpaqlarımızın azad olunması uğrunda savaşa hazırıq, keçmiş döyüşçülərə toparlanmaq üçün müraciət edilib. Ali baş komandan nə vaxt əmr etsə döyüşə getməyə hazırıq. Şəxsən özüm döyüşə hazıram. Cəmiyyətimiz vətən uğrunda savaşa hazırdır. Eyni zamanda hesab edirəm ki, bu gün Azərbaycan ordusu kifayət qədər gücə malikdir. Terrorçu erməni deputatların dəstə toplaması bizim orduya təsir göstərməz artıq. Azərbaycan ordusunun bircə hücumu qarşısında darmadağın oldular, deputatlarının gətirdiyi dəstələri də ancaq darmadağın olmaq aqibəti gözləyir”.

Deputat Fəzail Ağamalı da döyüşə getməyə hazır olduğunu bəyan etdi: “Azərbaycanın bütün vətəndaşları statusundan asılı olmayaraq torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olmalıdır. Millət vəkilləri də Qarabağ uğrunda savaşa getməyə hazırdır. Deputatlardan biri kimi mən yaşımın bu vaxtında çox böyük məmnuniyyətlə, heç bir tərəddüd etmədən Ali Baş Komandanın döyüş çağırışına qoşulmağa, vətən uğrunda döyüşə atılmağa hazıram. Hələ Azərbaycan ordusuna səfərbərlik elan olunmayıb. Bu gün Azərbaycan ordusu yüksək döyüş qabiliyyətinə, peşəkarlığa malikdir. Hazırda düşmənin qarşısında mərdliklə peşəkar ordumuz dayanıb. Buna baxmayaraq, ehtiyac olarsa, əsgərlərimizin sıralarına qoşulmağa hazıram. Deputatların böyük əksəriyyəti bu təşəbbüsə qoşula bilər. Çünki bu, vətən uğrunda savaşdır. Damarlarında azərbaycanlı qanı axan hər bir Azərbaycan vətəndaşı torpaqlarımız uğrunda canından keçməyə hazır olmalıdır”.

Keçmiş deputat və döyüşçü, Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, tərəddüdsüz cəbhəyə getməyə hazırdır: “Müdafiə Nazirliyinin yaydığı bəyanatda var idi ki, hələlik səfərbərlik və bu kimi addımlara ehtiyac yoxdur. Ehtiyac olacağı halda sağlamlığımız da, yaşımız da, təcrübəmiz də imkan verir ki, cəbhəyə gedək. Mən döyüşə getməyə hər zaman hazıram. Gənc, təcrübəsiz insanlardansa mənim və mənim kimi minlərlə keçmiş döyüşçünün orada olması daha fayda verər”.

Keçmiş deputat, AXP sədri Pənah Hüseyn bildirdi ki, hər bir azərbaycanlı torpaqlarımızın azad olunması uğrunda vuruşmağa getməyə hazır olduğunu ifadə edir: “Biz də bu mövqedəyik və cəbhəyə getməyə hazırıq. Dağlıq Qarabağda ermənilərin faktiki terrorist tipli təşkilatları mövcuddur. Həmin Ermənistan deputatları da terrorist tipli təşkilatların başında dayanan terrorçudurlar. Ona görə də oradakı proseslərin Azərbaycandakı proseslərlə müqayisə olunması o qədər də doğru olmazdı. Amma əlbəttə ki, bu barədə rəsmi məlumatlar da gedir ki, Azərbaycan ordusunda canlı qüvvə, zabit baxımından heç bir çətinlik yoxdur. Lazım bilinərsə, hərbi əməliyyatların gedişində ehtiyac yaranarsa, bizlərin də cəbhəyə getməyimizdə heç bir problem olmayacaq”.

Kəlbəcər rayonunun sabiq deputatı, keçmiş döyüşçü Əlövsət Ağalarov isə artıq cəbhə xəttinə gedib. Bu barədə Əlövsət Ağalarov özünün facebook səhifəsində yazıb. Sabiq deputat bunları yazıb: “Əziz dostlar, heç nədən narahat olmayın. Şəhidlik ən yüksək məqamdır! Cəbhədə də vəziyyətimiz normaldır. Özüm də burdayam. İnformasiyam da ilk qaynaqdandır. Hamınıza salamlar! Nə qədər qürurluyam! Bütün millətimiz ayaqdadır. Sizin hər birinizin ürəyi Vətən həsrətilə döyünür. Şərhləriniz, münasibətiniz təkcə məni yox, bütün əsgərlərimizi ruhlandırır. Hər birinizin salamını, arzularınızı, dualarınızı görüşdüyüm əsgərlərə, zabitlərə çatdırmışam. Hamısı yüksək ruh yüksəkliyindədir. Döyüş bölgəsində qəhrəman oğlumuz İbad Hüseynovla görüşdük. Əsgərlərə öz hədiyyəsi ilə bərabər ölməz ruh gətirmişdi! İbad indi də döyüşə hazırdır! Allah qorusun!”

Əlövsət Ağalarov sonda onu da bildirib ki, Kəlbəcərin azad olunmasında orduya dəstək üçün kəlbəcərlilərdən ibarət könüllü batalyon yaratmağın vaxtıdır: “Məsləhətləşib ümumi razılıq alıb bunu etməliyik”.

Onu da qeyd edək ki, Əlövsət Ağalarovun qardaşı Mahir Ağalarov 1993-cü ildə Kəlbəcər uğrunda döyüşlərdə şəhid olub.

Etibar SEYİDAĞA
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed