Şrift:
Erməni vandalları yenə mülki əhalini hədəfə alıb
07.04.2016 [11:16] - Gündəm, Siyasət
Elşən Manafov: “ATƏT-in Minsk qrupu bununla bağlı mütləq monitorinq keçirməli, baş vermiş bu hadisəyə münasibətdə kəskin mövqeyini ortalığa qoymalıdır”

Mais Səfərli: “Mülki əhalini atəş altında saxlamaq döyüşdə uduzan ermənilərin həmişə həyata keçirdiyi taktika olub”


Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.
Bununla Ermənistan müharibə dövrünün qaydalarına belə əməl etmədiyini, hərbi əməliyyatların gedişində mülki əhalinin atəş altında saxlanılmasının yolverilməz olduğu barədə beynəlxalq konvensiyalara zidd addımlarda bulunduğunu həyasızcasına bir daha ortaya qoymuş oldular.
Politoloq Elşən Manafov bildirdi ki, işğalçılar mülki əhalini hədəf götürməklə onlar arasında sanki bir xof yaratmağa çalışırlar, amma əbəs yerə: "Ermənilərin cənbə xəttində mülki əhalini hədəfə alması Çenevrə Konvensiyasının 68-ci maddəsilə ziddiyyət təşkil edir. Müharəbə aparmağın mövcud qaydaları var. Ermənilər danışıqlarda qeyri-konstruktiv mövqe sərgilədikləri kimi, müharibə qaydalarına da əməl etmirlər. Ermənilərin mülki əhalinin məskunlaşdığı bölgə və yaşayış məntəqələrinə zərbələr endirməsi Azərbaycan xalqında, xüsusən Ermənistanla həmsərhəd bölgələrində yaşayan əhalidə xof yaratmaq, insanların bu bölgələrdən köçməsinə təsir göstərmək, dolayısı ilə Azərbaycan dövlətinə də təsir etmək cəhdlərindən irəli gəlir.
Ermənilərə elə gəlir ki, onlar 1-ci Qarabağ müharibəsinin gedişatında tətbiq etdikləri bu taktikanı yenidən tətbiq edəcəkləri təqdirdə, hər hansı bir uğura imza ata bilərlər. Amma unudurlar ki, indi 90-cı illərin Azərbaycanı deyil. İndiki şəraitdə Azərbaycan Ordusunun sərrast zərbələrini müşahidə edirik. Azərbaycan Ordusunun əks zərbələri nəticəsində işğal olunmuş bir sıra ərazilərimiz azad olunub.
Bu gün iqtidarla xalq arasında daha ciddi etimad və inamın olduğunu müşahidə edirik. Belə bir inamın olduğu şəraitdə heç bir hədə-qorxu xalqda xof yaradıb onların köç etməsinə səbəb ola bilməz. Ermənilərin güc nümayiş etdirmək istəyi "əzələ” nümayiş etdirmək niyyətlərindən irəli gəlir. Amma bacarırlarsa, Azərbaycan Ordusuna qarşı vuruşsunlar. Ermənilərin mülki əhalini atəş altında saxlaması kimi vandal hərəkətlərinə qarşı Cenevrə Konvensiyasının məlum müddəalarını xatırlatmaq istərdim. ATƏT-in Minsk qrupu bununla bağlı mütləq monitorinq keçirməli, baş vermiş bu hadisəyə münasibətdə kəskin mövqeyini ortalığa qoymalıdır. Azərbaycan dərhal məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmasına nail olmalıdır. Azərbaycan diplomatik və siyasi kanallar vasitəsilə dünya ictimaiyyətinə, dünya dövlətlərinə yaranmış vəziyyətlə bağlı informasiya ötürməlidir. Dünya ictimai rəyinə baş vermiş hadisələrlə bağlı Azərbaycanın haqlı maraqlarına cavab vern rəyin ötürülməsinə çalışmaq gərəkdir. Bir sözlə, yaranmış şəraitlə bağlı, diplomatik və siyasi sahədə müvafiq tədbirlər görülməlidir”.
Yurddaş Partiyasının sədri Mais Səfərli qeyd etdi ki, mülki əhalini atəş altında saxlamaq ermənilərin xislətindən irəli gəlir: "Partiyamızda Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı ilə bağlı olaraq toplantı keçirilib. Partiyanın Siyasi Şurası Azərbaycan Ordusu və Prezidentinin yanında olduğunu bildirib. Ali Baş Komandan əmr verərsə, yaşından asılı olmayaraq bütün partiya üzvləri ordumuzun tərkibində torpaqlarımızı azad etməyə hazır olduğumuzu bildirmişik. Mülki əhalini atəş altında saxlamaq döyüşdə uduzan ermənilərin həmişə həyata keçirdiyi taktika olub. Onlar həmişə dinc, silahsız insanlara atəş açıb. Ermənilər Xankəndi, Xocavənd, Ağdərə ətrafı kəndlərinin boşaldılması zamanı da bu kimi vandalizmə yol vermişdilər.
Onlar dinc əhaliyə divan tutmaqla vahimə yaradırdı ki, əhali yaşadığı yerləri tərk etsin. Bu gün də məhz həmin məqsədi güdürlər. Amma artıq ermənilər, onların havadarları da yaxşı dərk edir ki, ölkəmiz 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil. Ordumuz artıq möhtəşəm bir gücə, döyüş hazırlığına sahibdir. Ona görə də ermənilərin arzuları ürəklərində qalır. İndi ermənilər özləri panikaya düşüb. Erməni kəndləri boşaldılır. Buna yol verməmək üçün ermənilər yeri gələndə öz millətindən olanlara qarşı da təzyiqdən istifadə edir ki, onlar həmin kəndləri tərk etməsinlər. Ermənilərin bu vəhşiliyinə qarşı ordumuz beynəlxalq hüquq normalarına uyğun şəkildə hərəkət edir, hücumla erməniləri susdurur. Eyni zamanda, Azərbaycan bu erməni vəhşiliyini beynəlxalq təşkilatların da diqqətinə çatdırmalıdır.
Müharibə zamanı dinc əhaliyə atış açmaq, onları öldürmək olmaz. Amma görürük ki, ermənilər bunun əksini edir. Hesab edirəm ki, hüquq mühafizə orqanları bu kimi faktları beynəlxalq qurumlara təqdim etməlidir. Bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyi, səfirliklər, diaspor təşkilatlarımız fəallıq göstərməlidir. Bir sözlə, erməniləri hərbi, diplomatik, siyasi yolla yerində otuzdurmalıyıq. Buna hər cür imkan və potensialımız var. Başlıcası isə bizim çox cəsarətli, ölkəni ağılla idarə edən, hadisələri nəzarətdə saxlamağı bacaran, düzgün addımlar atan Prezidentimiz var”.




Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed