Şrift:
Əmək və əhalinin sosial müdafiəsi naziri vətəndaşları narazı salan işçilərinə xəbərdarlıq edib
17.02.2012 [14:26] - Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) nazir Fizuli Ələkbərov bir qrup vətəndaşı qəbul edərək onların şikayətlərini dinləyib.
görüşdə şikayətçilərin ölkə prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, ƏƏSMN-ə və digər qurumlara şikayət ünvanladığı ərizələr araşdırılıb.

Vətəndaşların qəbulu prosesində nazirliyin müvafiq şöbələrinin mütəxəssisləri də iştirak ediblər. 30 nəfər vətəndaşı tək-tək qəbul edən nazir onların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələrinə dair şikayətləri ilə tanış olub. Nəticədə əsassız şikayət ərizələri ilə yanaşı, bir sıra əsaslı şikayətlər də üzə çıxarılıb. F.Ələkbərov ərizələrin obyektiv şəkildə araşdırılması üçün müvafiq strukturlara göstərişlər verib. Nazir ünvanlı dövlət sosial yardım almaq üçün müraciət edən bəzi əmək qabiliyyətli insanların işlə təmin olunması və birdəfəlik ünvanlı sosial yardım - “Özünüdəstək” proqramına cəlb edilməsi üçün aidiyyəti strukturlara tapşırıqlar verib.

Şikayətlərlə tanış olduqdan sonra F.Ələkbərov nazirlik əməkdaşlarına və yerlərdəki müvafiq şöbələrin rəhbərlərinə xəbərdarlıq edib: “Bu müraciətlərin bir çoxuna yerlərdə baxmaq və həlli etmək mümkündür. Mən bir daha xəbərdarlıq edirəm ki, işinizə məsuliyyətlə yanaşın. Əks halda, müvafiq ölçü götürüləcək və belə məsuliyyətsiz işçilər işdən çıxarılacaq”. Təkcə ötən il 500 vətəndaşı qəbul etdiyini deyən nazir bildirib ki, nazirliyə müraciət edən hər bir şəxsi qəbul edəcək və əsaslı müraciətlər həllini tapacaq, əsassız müraciət edənlərə isə müvafiq izah veriləcək.

Görüş zamanı bir nəfərə mənzilin, 1 nəfərə isə avtomobilin açarları təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 1144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed