Şrift:
İslamabadda Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclası olub
28.04.2016 [07:50] - Gündəm, Siyasət
Azərbaycanın müdafiə sənayesi naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının ölkəmiz tərəfdən həmsədri Yavər Camalovun rəhbərliyi ilə böyük nümayəndə heyəti İslamabadda olub, Komissiyanın altıncı iclası keçirilib.

Komissiyanın iclasından əvvəl Pakistan prezidenti Məmnun Hüseyn və Baş nazir Nəvaz Şərif Yavər Camalovu qəbul edib.

Görüşlərdə Azərbaycan ilə Pakistan arasında siyasi, iqtisadi, hərbi, hərbi-texniki, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafından məmnunluğunu ifadə edən Nəvaz Şərif qeyd olunub ki, ölkələrimiz arasında energetika, ticarət, müdafiə sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bunlar da ölkələrimizin maraqlarına uyğundur.

Yavər Camalov Azərbaycanın Pakistanla bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsində, hərbi sənaye məhsullarının idxalında maraqlı olduğunu bildirib.

Y.Camalov Pakistanın Baş nazirini 2016-cı ilin sentyabrında Bakıda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etməyə dəvət edib.

Komissiyanın iclasında iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

İclasda Azərbaycanın Müdafiə Sənayesi ilə bərabər İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı, Təhsil nazirliklərinin, Dövlət Neft Şirkətinin nümayəndələri iştirak edib.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed