Şrift:
Türkiyə, yoxsa Azərbaycan türkcəsi?
22.02.2012 [02:40] - Türk dünyası-Turan
Nizami Cəfərov: “Filmlər və televiziya verilişlərində tərcüməyə o qədər də ehtiyac yoxdur”

Rasim Heydərov: “Bu cür bərbad tərcümələrdənsə serialın türk dilində yayımlanması ən yaxşı variantdır”


Son günlər axşam saatlarında efirlərimizi türk serialları “bəzəyir”. Bütün ailə üzvlərinin bir yerə toplaşdığı saatlarda onlar maraqlı bir veriliş əvəzində əvvəllər seyr etdikləri seriallara ana dilində baxmaq məcburiyyətində qalırlar. Xarici filmlərin tərcümə olunaraq yayımlanması qədər, onun keyfiyyətli tərcüməsi də önəmlidir. Təəssüf ki, bu gün tərcümə olunan seriallar orijinaldakı kimi təsirli olmur. Bildiyimiz kimi, serialların əsas izləyiciləri evdar qadınlardır. Onlar ən yaxın “dostları” olan serialların yaxşısını pisindən seçməyi bacarırlar. Bir də həmin qadınların əksəriyyəti serial xəstəsi olduğundan bir neçə dəfə belə eyni seriala baxa bilərlər. Lakin bu gün onlar yerli telekanallarda yayımlanan və Azərbaycan dilinə tərcümə olunan seriallardan heç də razı deyillər. Bəlkə də onların bir çoxunun dil normaları haqqında heç məlumatları da yoxdur, lakin onlar aktyorun ilk cümləsindən tərcümənin bərbad olduğunu deyir və ona baxmaqdan imtina edirlər. Əlbəttə, biz bu formada tərcümə olunan serialları efirə verən insanların savadına şübhə etmirik, lakin dil normalarından xəbərdar olmayan insanların qəbul edə bilmədiyi bir serialı nə üçün efirə verdikləri də düşündürücü məqamdır. Ümumiyyətlə istər serial, istərsə də reklamların tərcüməsində ciddi problemlərin olduğu danılmaz bir həqiqətdir. Bəs tərcümənin effektli olmamasının səbəbləri nədir? Səbəbləri mütəxəssislərlə araşdırmağa çalışdıq. Nəsimi adına Dilçilik İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov tərcümələrdəki keyfiyyətsizliyin əsas səbəblərindən birini vaxt azlığında görür. “Bildiyiniz kimi xarici serialların yayımı mayın 1-də dayandırılacaq, ola bilər ki, bu səbəbdən televiziyalar tərcümə işində tələsiblər və buna görə də, iş bu qədər keyfiyyətsiz alınıb. Nəticənin belə bərbad olmasının başqa bir səbəbi isə, serial və filmlər tərcümə olunarkən professionalların cəlb olunmamasıdır. Kim harada, necə istəyir tərcümə etdirir. Nə təcrümə edilərkən, nə də tərcümədən sonra professional dilçilərə müraciət etmirlər. Tərcümə işində çalışanların əksəriyyəti ya tərcüməçi olmur, ya da Azərbaycan dilindən və dilçilikdən ümumiyyətlə xəbəri olmayanlardır. Bəziləri isə rusdilli olur, bəzən isə tərcümə proqramlarından istifadə edirlər. Bu proqramlar da keyfiyyətli olmadığından tərcümələri də anlaşılmaz olur. Əksər hallarda isə, proqramların etdiyi bu tərcümələr bir az düzəliş etməklə işlərini bitmiş hesab edirlər. Bu gün yayımlanan seriallarda Azərbaycan dil normalarının pozulması ilə bağlı kütləvi problemlər var”. Millət vəkili Nizami Cəfərov isə, tərcümələrin effektsiz olmasının əsas səbəbini Türkiyə türkcəsinin ekzotikasını bilməyimizdə görür. “Türkiyə türkcəsindəki bəzi sözlərin, məqamların tərcümə olunması Şəki dialektində danışan birinin sözlərini Qazax dialektinə tərcümə etmək deməkdir. Dəfələrlə bizim tanınmış dahi şəxsiyyətlərimiz bu haqda fikir bildiriblər, M.Ə. Sabir də deyib ki, “Osmanlıcadan Azərbaycan türkcəsinə tərcümə nə deməkdir?” fikrimcə, bədii əsərlərdə, xüsusən də filmlər və televiziya verilişlərində tərcüməyə o qədər də ehtiyac yoxdur. Çünki bu tərcümələr çox zaman özünü doğrultmur. Rəsmi sənədlərdə, diplomatik danışıqlarda tərcüməyə ehtiyac ola bilər, çünki bu zaman müəyyən spesifik məqamlar olur. Hətta düşünürəm ki, türkmən və özbəkcədən də Azərbaycan dilinə tərcüməyə ehtiyac yoxdur. Bu zaman müəyyən çətinlik olsa da, bu anlaşma çətinliyinin özündə bir gözəllik var”.

Çox xərc çıxmasın

Qeyd edək ki, tərcümələrin effektsiz alınmasında əsas səbəblərdən biri də, mütəxəssislərin də dediyi kimi professionalların bu işlərə cəlb olunmamasıdır. Bunun əsas səbəbi isə daha az vəsait sərf etməklə daha çox qazanmaqdır. R.Heydərov da dilçilərin tərcümə işlərinə cəlb olunmamasından narahatdır. “Seriallara baxarkən xeyli problemlər görürük, amma bir dilçi olaraq ən çox diqqəti çəkən dil problemləridir. Tərcümələr ümumiyyətlə istənilən keyfiyyətdə olmur. Xərclər çox olmasın deyə onlar çox zaman tanıdıqları və daha az maaş verəcəkləri insanlara üstünlük verirlər. Çox zaman telekanallar böyük bir quruma müraciət etməkdənsə, o qurumdan bir nəfərlə müqavilə bağlayıb onunla işləməyi daha üstün tuturlar. Bu onlara daha ucuz qiymətə başa gəlir, lakin anlamaq lazımdır ki, bir işi bir nəfərlə bir qurumun görməsi arasında çox böyük fərq var. Ümumiyyətlə tərcümə işinə nəzarət edəcək bir qurum olmalıdır. Ən azından həmin filmlər tərcümə olunandan sonra həmin qurumda ona bir daha baxılar və dil normalarına uyğun olub-olmamağı müəyyən olunar. Ümumiyyətlə dublyaj prosesi ilə konkret bir mərkəz məşğul olsa daha effektli olar”.


Tərcüməyə ehtiyac varmı?

Qeyd edək ki, tamaşaçılar bu gün yayımlanan serialların əksəriyyətinə həm Türkiyə kanallarında, həm də bir zamanlar yerli kanallarda Türkiyə türkcəsində verilib. Yəni, insanlar bir neçə dəfə orjinalda həmin seriallara baxıblar. Bəs bir daha serialların tərcümə olunaraq verilməsinə nə ehtiyac var? Ümumiyyətlə Türkiyə türkcəsində Azərbaycan dilinə tərcümə nə dərəcədə effektlidir? Bəzi izləyicilər serialların bu formada tərcüməsindənsə elə türk dilində olan variantın saxlanılmasının daha uğurlu olacağına inanırlar. N. Cəfərov bildirdi ki, çox vaxt buna görə Milli Televiziya və Radio Şurasını günahlandırırıq. Lakin bu təsadüfən yaranan bir fikir deyil. “Bir vaxtlar, televiziya kanalların açanda nəinki Türkiyə serialları, xarici serial və filmlər Türkiyə türkcəsində verilir. Televiziyaları Türkiyə türkcəsinin işğal etməsi qəbulolunmazdır. Çünki yaşı əsrlərlə ölçülən Azərbaycan ədəbi dili var, bunu da yaşatmaq lazımdır. Bu hal davam etdikcə televiziyalar tənbəllik etdilər. Xarici film və serialların tərcümə olunmasına əlavə vəsait ayırmamaq üçün Türkiyə türkcəsinə çevrilənləri yayımlayırdılar. Əgər o vaxtlar televiziyalar həmin filmləri lazımı limitdə versəydilər, bu gün belə bir problem ortaya çıxmazdı”. O həmçinin əlavə etdi ki, bir-birinin dilini anlayan xalqların danışıqlarını tərcümə edərkən dilin estetikası pozulur. “Yəni, bildiyim, hiss etdiyim, emosiyasını yaşaya bildiyidili eynilə o hissləri yaşaya biləcəyi dilə tərcümə edilməsi insana yad gəlir. Hətta tərcümə olunan doğma dil olsa belə. Mürəkkəbliyin səbəbi bundadır. Çünki nə qədər mükəmməl tərcümə də olsa, bu özünü doğrultmur. İstənilən tərcümə orijinaldan effektli ola bilmir. Xüsusən də filmlərdə eyni hissləri ifadə etmək olmur. Ümumiyyətlə isə, çox zaman bu tərcümələr heç də professional olmur, bəzən özfəaliyyət də olur”.

R.Heydərov da serialların tərcümə olunmadan yayımlanmasının düzgün olmadığını bildirdi. “Biz deyə bilmərik ki, Türkiyə, qazax və ya özbək türkcəsində olan bir serial tərcümə olunmadan verilsin. Yaxud da bizim seriallar digər türk dövlətlərində tərcüməsiz yayımlansın. Düzdür, Türkiyə türkcəsi bizə çox yaxındır, lakin istənilən halda mütləq tərcümə olunmalıdır. Bu gün Türkiyədə bizim filmlər tərcümə olunur və çox gözəl də alınır. Ona görə də əsas iş tərcümənin keyfiyyətidir. Bizdə serialların keyfiyyətsiz tərcümə olunması insanların ondan imtinasına səbəb olur. Əgər tərcümə keyfiyyətli alınsa insanlar həmin seriallara böyük maraqla baxarlar. Lakin biz istədiyimiz keyfiyyəti görmədiyimizdən, düşünürük ki, türkcə yayımlanması ən yaxşı variantdır. Lakin dillərin təsir gücünə gəldikdə deyə bilərm ki, ifadəlilik, təsirlilik və bir çox məqamlarda bəlkə də Azərbaycan dilinin imkanları türk dilindən daha genişdir. Bundan başqa tərcüməni səsləndirən aktyorların da seçimindən çox şey asılıdır. Bəzən, azyaşlı uşağı yaşlı kişi səsləndirir. Əslində bəzi məqamlara diqqət etdikdə düşünürəm ki, bu cür bərbad tərcümələrdənsə serialın türk dilində yayımlanması ən yaxşı variantdır”.

Gülxar Şərif
Bu xəbər oxucular tərəfindən 1466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed