Şrift:
Elşan Manafov: “Rusiya forpostu olan Ermənistana təzyiqləri gücləndirəcək”
15.07.2016 [00:46] - Gündəm, Siyasət
Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədəki nitqində Prezident İlham Əliyev bildirib ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər: "Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var".
Qeyd edək ki, aprel döyüşlərində Azərbaycan ordusunun qazandığı uğurlar fonunda münaqişə ətrafında danışıqlar prosesi də intensivləşib. Həmin dövrdən keçən 3 ay ərzində Vyana və Sankt-Peterburqda münaqişə tərəflərinin iki görüşü baş tutdu. Növbəti görüşün də yaxın zamanlarda Parisdə olacağı söylənilir. Halbuki tərəflər keçən il cəmi 1 dəfə görüşmüşdülər. Eyni zamanda, aprel döyüşləri Ermənistana və onun hamilərinə bir daha əyani şəkildə göstərdi ki, onlar artıq Azərbaycanın hərbi və digər sahələrdə mövcud olan gücü qarşısında tab gətirmək iqtidarında deyillər. Bu isə istər-istəməz işğalçıya bir dərs olmalıdır.


Görəsən, prezidentin müşavirədə səsləndirdiyi yuxarıda qeyd olunan fikirləri fonunda cari il ərzində Qarabağ münaqişəsinin çözümü istiqamətində əməlli addımlar atılacağını gözləmək olarmı?

Politoloq Elşan Manafov güman edir ki, münaqişənin həlli istiqamətində məhz danışıqlar yolu ilə bu və ya digər irəliləyişlərə nail olmaq mümkündür: "Münaqişənin tənzimlənməsi istiqamətində biz ABŞ-la yanaşı Rusiyanın fəallaşdığını qeyd etməliyik. Rusiyanın tərəflərə verdiyi təkliflər əsasən 2011-ci ildə Kazan sammitində əldə edilən razılıqlara əsaslanır. Bu təklifdə əvvəlcə 5, ardınca 2 rayonun azad edilməsi, sonda da status məsələsinə aydınlıq gətirilməsi yer alıb. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağda referendum keçiriləcəyi təqdirdə burada müharibə nəticəsində didərgin düşmüş Azərbaycan icması da iştirak etməlidir. Ermənistan tərəfinin mövqeyi isə bu məsələdə fərqlidir. Çox güman ki, Rusiya forpostu olan Ermənistana təzyiqləri gücləndirəcək. Çünki Moskva gerçəkdən bölgədə mövcud status-kvonun saxlanılmasını istəmirsə, daha fərqli formatda danışıqların aparılmasında maraqlı olmalı və Ermənistana təzyiq etməlidir. Ermənistana təzyiqi həmçinin ABŞ və Fransa da gücləndirməlidir.
Güman edirəm ki, Lavrovun Azərbayana səfəri və avqustda Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşündən sonra problemin çözümü istiqamətində danışıqların hansı istiqamətdə gedə biləcəyilə bağlı məsələlərə xeyli aydınlıq gətirəcək”.



Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed