Şrift:
Elşən Manafov: “Erməni cəmiyyətindəki təlatümlər, Sarkisyan iqtidarına münasibətdə etirazlar bitməyəcək”
27.07.2016 [11:59] - Gündəm, Siyasət
Ermənistanda son qanlı olaylardan sonra da aksiyalar səngimir. İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən post-patrul xidməti alayının binasının qarşısına yenidən əlavə polis qüvvələri cəlb olunub. Polis əməkdaşlarının qarşısında aksiya keçirən etirazçılar binanı ələ keçirən silahlıların ərzaqla təmin olunmasını tələb edirlər.
Bundan əvvəl isə polis əməkdaşları və silahlıları dəstəkləyən etirazçılar arasında baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb. O vaxt da aksiyaya başlayan iümayişçilər polis alayının binasında girovları saxlayan silahlıların əvvəlkik imi yeməklə təmin edilməsini tələb edirdilər. Qidaları radikallara müxalifət deputatı Nikol Paşinyan çatdırmalı idi. Lakin nümayişçilər rədd cavabı aldıqdan sonra binanın ətrafındakı mühasirəni yarmağa çalışıb. Polis cavab olaraq gözyaşardıcı qazı tətbiq edib və havaya bir neçə atəş açıb. Kiçik fasilədən sonra nümayişçilər polislərə daş atmağa başlayıb. Aksiya iştirakçılarının sözlərinə görə, vəziyyət nümayişçilərdən birinin tutulmasından sonra kəskinləşib.
Hazırda aksiyalar yenidən davam edir. Qiyamçılar da təslim olmağa hazırlaşmır. Qrupun liderlərindən biri Pavlik Manukyan deyib ki, qiyamçılar silahı yerə qoymayacaqlar: "Yaddan çıxarın ki, mən silahı yerə qoyacaq və ya təslim olacağam. Biz sizin hücumunuzu gözləyirik, yoxlaya bilərsiniz”. Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 3-ü yaralanıb. Radikalların əlində hazırda dörd girov var.

Prosesin gedişi görəsən bu ölkəyə nə vəd edir?

Politoloq Elşən Manafovun fikrincə, hazırda Ermənistanda cərəyan edən olaylar bu ölkəyə yaxşı heç nə vəd etmir: "Ermənistanda son zamanlar baş vermiş olaylarda diqqəti cəlb edən məqam ondan ibarətdir ki, bu ölkənin hüquq-mühafizə orqanlarına münasibətdə kifayət qədər radikal addım və qərarlar qəbul edən müəyyən qurumlar hər halda ciddi siyasi, maliyyə, inzibati, geopolitik resurslara malik deyillər. Bu və ya digər polis bölməsinə olan hücum, hətta İrəvanın baş polis idarəsi rəis müavininin girov götürülməsi və s. onların iqtidara münasibətdə irəli sürdüyü iddiaların arxasında konkret Rusiya, ya da Qərbin xüsusi xidmət orqanlarının dayandığını görmürəm. Bu mənada ciddi maliyə, media, inzibati, geopolitik resurslara malik olmayan qurumların Serj Sarkisyan iqtidarına qarşı iddiaları müəyyən problemlər yaratsa, iqtidara münasibətdə cəmiyyətdə radikal çağırışların artmasına səbəb olsa da, hər halda sonluqda hakimiyyətin dəyişə biləcəyilə bağlı ehtimalları doğurmur.
Çünki Sarkisyan iqtidarı birmənalı şəkildə Rusiya ilə bağlı olan iqtidardır və onların da həyata keçirdikləri bütün siyasət Rusiya və erməni diasporası ilə uzlaşdırılıb, razılaşdırılıb. Yeri gəlmişkən Sarkisyan iqtidarına qarşı təzyiq və təhdidlərin artması istiqamətində çıxış edən qüvvələrin Ermənistan diasporası ilə də bu və ya digər dərəcədə iş birliyində olması özünü hələlik büruzə verməyib. Bütün hallarda Ermənistan cəmiyyətində aktiv dövrün daha da fəallaşmasına, Sarkisyan iqtidarına münasibətdə daha ciddi tələblərin irəli sürülməsinə səbəb olacaq. Onsuz da Sarkisyan iqtidarı özünün imkanlarını kifayət qədər itirib. Son etiraz çıxışları da bir daha göstərir ki, Qərbin müəyyən dairələri tərəfindən həmin qurumlara maliyyə, media, siyasi köməyin olacağı halda bəlkə də, müəyyən olayların daha da sürətlənəcəyinə ümid etmək olar. Lakin hələlik bunları izləyə bilmirik. Ona görə də hazırda cərəyan edən çıxışlar istisna etmirəm ki, bir müddət sonra Ermənistan hüquq-mühafizə orqanları tərəfindən yatırılacaq. Amma təbii ki, erməni cəmiyyətindəki təlatümlər, Sarkisyan iqtidarına münasibətdə etirazlar bitməyəcək. Bu etirazlar həm də Sarkisyan iqtidarını Qarabağ məsələsinin çözülməsilə bağlı məsələyə müəyyən mənada digər rakusdan yanaşmağa da sövq edə bilər.
Sarkisyan hakim partiyanın son toplantısında etiraf etmişdi ki, Dağlıq Qarabağ problemini istəsək də, istəməsək də həll etmək məcburiyyətindəyik. Bu isə belə düşünməyə əsas verir ki, Azərbaycanla münasibətlərə daha önəm verən və bölgədə əsas söz sahibinin məhz Bakı olduğunu anlayan Rusiya bölgə ilə əlaqədar heç bir iqtisadi, siyasi əlaqələrin Azərbaycansız baş tutmayacağını da yaxşı başa düşür. Bu mənada Bakı ilə münasibətlər ciddi önəm verən Vladimir Putin iqtidarı Sarkisyana baş verən hadisələr fonunda təzyiqləri gücləndirərsə, Ermənistan hakimiyyəti də münaqişənin çözülməsi üzrə danışıqlarda məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ciddi güzəştlərə getməyə hazır olacaq”.




Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed