Şrift:
Dini Komitə falçılığa qarşı görülən tədbirlərdən danışdı (MÜSAHİBƏ)
09.08.2016 [11:52] - Gündəm, İslam dini, Müsahibə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini-mətbuat katibi Bəhruz Müslümovun müsahibəsi

- Ölkədə falçılıq adı altında fəaliyyət göstərən şəxslərlə bağlı ümumi vəziyyət necədir və Dövlət Komitəsinə bununla bağlı şikayətlər olurmu?

- Falçılıq adı altında fəaliyyət göstərən şəxslərə qarşı hazırda Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində tədbirlər görür. Ümumilikdə bu sahədə vəziyyəti müəyyən etmək olduqca çətindir. Çünki bu qəbildən işbazların əməllərinə düçar olmuş şəxslər çox az hallarda bu əməlləri etiraf edir və aldadıldıqlarını bacardıqları qədər hər kəsdən gizlətməyə çalışırlar. Lakin bununla bağlı müraciət daxil olduqda aidiyyəti qurumlarla birlikdə müvafiq işlər aparılır.

- Falçılıqla məşğul olanların fəaliyyətini qanunla məhdudlaşdıran hər hansı maddə təsbit olunubmu?

- Vətəndaş aldadılaraq inamından sui-istifadə edilməsi, pulunun mənimsənilməsi kimi dələduzluq faktı ilə üzləşibsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Dələduzluq faktı əsasında falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı cinayət işi qaldırılır. Mənimsənilən məbləğ 100 manatdan yüksəkdirsə, yəni böyük ictimai təhlükə törətməyən dələduzluq faktı zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsinə əsasən 100 manatdan 700 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlərə cəlb oluna və ya 2 il müddətinə azadlıqdan məhrum edilə bilər. Əgər vətəndaşın 3000 manatdan – 10000 manata qədər pulu mənimsənilibsə, falçılıqla məşğul olan şəxsi həmin məcəllənin 178.2.4 maddəsinə əsasən 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir. Külli miqdarda dələduzluq faktıdırsa, yəni 10 min manatdan yuxarı məbləğdə dələduzluq faktı qeydə alınıbsa, bu zaman təqsirləndirilən şəxsi həmin məcəllənin 178.3.2 maddəsinə əsasən 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir. Həmçinin dələduzluq nəticəsində mənimsənilən məbləğ 100 manatdan aşağıdırsa, bu halda da şəxs cəzadan kənarda qalmır. Dələduzluq əməlini törətmiş şəxsə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə cəza tətbiq edilir.

Dələduzluq yolu ilə özgəsinin əmlakını 100 manata qədər talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bu cür əməllərdə əsas problem əməlin latent (qapalı) olmasıdır. Belə ki, zərərçəkmiş şəxs ya aldadılması faktını, ümumiyyətlə, qəbul etmir, qəbul etdiyi təqdirdə isə ictimai qınaqdan çəkinərək müvafiq qurumlara şikayət etmir. Nəticədə bu cür işbazların hərəkət arealı genişlənir və zərərçəkmişlərin sayı artır. Şikayətin çox sadə prosedur qaydası var ki, dələduzluğa məruz qalmış şəxslər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yazılı, şifahi və elektron formada müraciət edə bilirlər. Hər bir halda, burada zərərçəkmiş şəxs şikayətdən çəkinməməlidir. Bu növ şəxslərə qarşı mülki qaydada iddianın verilməsi də istisna edilmir.

2009-cu ildə “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnamə”sinin 7.9-cu bəndinə edilmiş əlavə və dəyişikliyə görə müvafiq inzibati xətalar haqqında işlərə baxmaq Dövlət Komitəsinin vəzifələrindən biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi yeni qəbul olunduğu üçün orada bəzi xətalarla bağlı protokolun hansı qurum tərəfindən tərtib edilməsi ilə bağlı hazırda iş aparılır. Düşünürəm ki, 227-ci maddə ilə bağlı inzibati protokol tərtib etmək hüququ Dövlət Komitəsinə də verilərsə, bu hallara qarşı mübarizə daha da intensivləşdirmək mümkün olar.
Bu xəbər oxucular tərəfindən 1231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed