Şrift:
Milli Şura milli satqınların dəstəyinə möhtac qalıb
09.09.2016 [16:08] - Gündəm, Siyasət
Taleh Bağırzadə kimi radikal dindarlar alət kimi istifadə olunur

Sentyabrın 11-də Milli Şura mitinq keçirməyə hazırlaşır. Artıq mitinqin keçiriləcəyi məkan və zaman bəllidir. Ənənvi olaraq mitinq məsələsində Milli Şura AXCP ilə birgə hərəkət edəcəyini bəyan edib. Ancaq məsələ orasındadır ki, Milli Şuranın mitinqinin baş tutma ehtimalı sıfıra bərabərdir. Çünki, müxalifət düşərgəsində təmsil olunan siyasi təşkilatlar dəfələrlə Milli Şura-AXCP toruna düşdüklərindən bu cütlüyə qarşı olan inamlarını tamamilə itiriblər. Odur ki, müxalifətin aparıcı qüvvələrindən sayılan Müsavat, Milli İstiqlal, ADP və sair partiyalar "papaqlarını boş yerə yandırmaq" niyyətindən vaz keçiblər. Elə parlamentdə təmsil olunan müxalifət partiyaları da mirinqi dəstələməyəcəklərini bəyan ediblər.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib ki, hazırda müxalifət kütləvi aksiyalar üçün güc toplamaq imkanına malik deyillər: "Siyasət elə bir sahədir ki, orada görülən işlərin nəticəsi olmalıdır. Vaxt vardı müxalifət kütləvi şəkildə insanları mitinqlərə toplaya bilirdi. İndi isə müxalifət nəinki mitinqə adam toplamaq gücündədir, heç sosial şəbəkələrdə də bunu edə bilmir".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev isə deyib ki, hazırki şəraitdə köhnə bayağı davranışlarla küçələrə çıxmağın mənası yoxdur: "Müxalifətin mitinqlərində təbii ki, iştirak etməyəcəyik. Düzü, heç bilmirəm, bu müxalifət hansı tələblərlə, hansı istəklərlə mitinq keçririr. Görünən odur ki, digər mitinqlərə qatılmadığımız kimi bu mitinqə də qatılmayacağıq".

Göründüyü kimi özünə bir qədər hörmət edən, fəaliyyətində dövlətə və millətə azacıq da olsa sayğısı olan heç bir siyasi təşkilat Milli Şura-AXCP aksiyasına qoşulmaq niyyətində deyil. Təbii ki, belə halda cütlük ya xaricdə, ya da radikal dini ekstremislər arasında dəstək ovuna çıxmaq zorunda qalır. Çox təəssüf ki, belə milli satqınlar yox deyil və onlar Azərbaycan dövlətinin məhv olması naminə bütün çirkinliyə getməyə hazırdırlar. Eyni yolu tutmuş, ölkənin sabitliyini, təhlükəsizliyini pozmağa cəhd edən qrupun maliyyəsi ilə dilə gəlmiş Taleh Bağırzadə mitinqdə iştirak etmək üçün xalqa müraciət edib. Sözügedən müraciət xeber.nur-az.com saytında yayılıb. Yeri gəlmişkən xatırladaq ki, bu sayt hələ Nardaran hadisələrində radikal dindarları dəstəkləmklə tanınıb. Qeyd edək ki, Milli Şura və AXCP-nın Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırzadədən dəstək alması heç də təsadüfi deyil. Xatırladaq ki, məhkəmə istintaqı zamanı AXCP liderlərinin milli satqın olan Taleh Bağırzadə ilə əməkdaşlığı üzə çıxdı. Deməli, dövlətə, xalqa xəyanət yolunda eyni məsləkə, eyni amala xidmət edən kəslərin bir-birinə dəstək verməsi təəcüb doğurmamalıdır. Məsələ orasındadır ki, görün Milli Şura -AXCP birliyi nə hala düşüb ki, dəstəyi heç bir sosial bazası, siyasi təcrübəsi, təşkilatçılıq bacarığı olmayan Taleh Bağırzadədən alır. Nəzərə almaq lazımdır ki, hazırda T. Bağırzadənin məhkəməsi gedir və məhkəmə araşdırmaları zamanı onun dövlətə və xalqa qarşı hazırladığı çoxsaylı çinayətlərinin üstü açılıb. Əslində demək olar ki, Milli Şura Taleh Bağırzadənin timsalında dini radikallardan dəstək almaq niyyətindədir. Belə halda nəzərə almaq lazımdadır ki, sözügedən dini radikalların önündə T.Bağırzadə kimi milli satqınlar durur ki, onların da xarici xüsusi xidmət orqanlarının əlində alət olduğu hamıya bəllidir. Sirr deyil ki, bu radikal dindarların sırasında xarici dairələrin marağını təmsil edən və din pərdəsi altında ölkəyə xəyanət edən şəxslər var ki, Taleh Bağırzadəni də onların sırasına daxil etmək olar. Bu kəsim insanlar ölkəmizin mənafeyini düşünməyən şəxslər, xəyanətkar simalardır. Odur ki, cəmiyyət bu tipli insanlara qarşı həssas olmalı, onlara qarşı mübarizə aparmalıdır. Çünki həmin şəxslər ölkəsinə düşmən olan insanlardır.
Suda batmamaq üçün saman çöpündən yapışan Milli Şuranın bel bağladığı Taleh Bağırzadə əslində xaricdən ələ alınan, ölkəmizin maraqlarını satmaqla özünü həm dini liderə çevirməyə çalışan, həm də bu yolla özlərinə dolanışıq yolu seçən bir ünsürdür. Azərbaycanda təklif olunan Konstitusiyaya dəyişiklikdə də bu məsələlərə ciddi önəm verilib. Beynəlxalq aləmdə baş verən hadisələrin gedişi göstərir ki, dini təmayüllü qruplar çevriliş cəhdində maraqlıdırlar. Əgər dövlət zamanında bunun qarşısını ala bilirsə, deməli, o güclüdür. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan prezidentinin yürütdüyü həm daxili, həm də xarici siyasət uğurlu və ağıllı siyasətdir. Lakin ölkəmizdə çox təəssüf ki, Taleh Bağırzadə kimi din pərdəsi altında gizlənmiş radikal ünsürlər var. Bütün sadalananlara baxmayaraq Azərbaycan dövləti öz maraqlarını qorumaq iqtidarındadır. Dini siyasətə çevirmək istəyinə dəfələrlə cəhd olunmasına baxmayaraq onun qarşısı məharətlə alınıb. Artıq Azərbaycan dövləti və xalqı öz yolunu müəyyən edib. Odur ki, minlərlə Taleh Bağırzadələr olsa belə, ölkəni inkişaf yolundan döndərə bilməzlər.

Alim
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed