Şrift:
"Azərbaycanda növbədənkənar seçkilərə gediləcəyi istisna deyil" — Politoloq
07.10.2016 [10:47] - Gündəm, Siyasət
Referendumdan sonra prezidentin növbədənkənar seçkilərə gedəcəyi barədə xəbərlər çoxalmağa başlayıb.

Hətta prezidentin bu addımı bu ilin sonunda atacağı deyilir. Prezidentin bu ilin sonunda bu addımı ata biləcəyini isə 2 il sonra prezident seçkisinə müxalifətin və qərbin hazırlaşa bilməməsi ilə əlaqələndirilər. Bundan əlavə prezidentin ölkə parlamentini də buraxacağını iddiası var. Buna səbəb kimi isə parlementdə nurçu şəbəkəsinin üzvlərinin olması əsas gətirlir.

Ölkədə növbədənkənar prezident seçkisi ola bilərmi? Prezident parlamenti buraxacaqmı?

Bu sualların cavabını politoloq Elşən Manafov Ölkə.Az-da cavablandırıb:

"Referendumdan sonra ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı məsələ ətrafında fikir söyləyərkən nəzərə almaq lazımdır ki, referendumun keçirilməsi ölkədə çevik idarəetmənin tətbiq olunması zərurətindən irəli gəlir. Türkiydəki hadisələr göstərdi ki, Türkiyə kimi kifayət qədər güclü bir dövlət fors-major stiuasiyası yaranarkən çevik idarəetmə prinsiplərinə müraciət etdiyindən mövcud siyasi böhrandan çıxa bildi və çevrilişin qarşısını ala bildi.

Əslində Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti ölkənin milli təhlükəsizlik maraqlarına və Qarabağ probleminin yaratdığı olaylardan irəli gəlir. Azərbaycan regional dövlətlərlə, o cümlədən beynəlxalq güc mərkəzləri ilə münasibətlərində subardinasiyanın güclənməsinə çalışır və heç bir dövlət, güc mərkəzi ilə münasibətlərində bu və ya digər problemin yaranmasına yol vermək istəmir. Bu həm Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı siyasətinin doğmuş reallıqlardır ki, biz ölkənin karbohidrogen ehtiyatlarını müxtəlif nəqliyyat kəmərləri vasitəsi ilə dünya bazarına çıxarmaq mövqeyində durduq və bu bugünkü Azərbaycanın təhlükəsiziliyinin və stabilliyinin qarantı oldu. Qərb zamanında kəmərlərin çəkilməsində maraqlı olduğuna görə, Azərbaycanda stabilliyinin pozulmasına yönələn siyasətin həyata keçirilməsində maraqlı deyildi. Azərbacan İran və Rusiya faktorlarını da nəzərə alıb. Gürcüstandan fərqli olaraq Azərbaycan Qərbə sürətli inteqrasıyanın tərəfdarı da olmayıb. Bu inteqrasiya məlum regional dövlətlərlə münasibətlərdə digər problemlərin yaranmasına gətirib çıxara bilərdi. Hal-hazırda dünyada elə bir geopolitik durum yaranıb ki, bu durum Cənubi Qafqaz kimi regionda kifayət qədər fərqli bir şəraitin yaranmasına səbəb ola bilər. Bu baxımdan düşünürəm ki, prezident ən azı referendumdan sonra ona verilmiş hüququn səlahiyyətlərini həyata keçirmək üçün növbədənkənar prezident seçkilərinə gedə bilər. Məlum məsələdir ki, referendumda prezidentə verilmiş səlahiyyətlər 2013-cü ildə seçilmiş prezidentə aiddir. İstisna edilmir ki, prezident referendumun ona vermiş olduğu geniş hüquqi səlahiyyətlərdən istifadə etmək üçün ən azı fors-major stiuasiyanın yaranacağı halda parlamentin buraxılması və yaxud vitse-prezident inistitutlarının tətbiq olunması üçün növbədənkənar seçkilərə getsin.

Bəzi ekspertlər neftin dünya bazarında qiymətinin kəskin şəkildə düşə biləcəyi ilə bağlı fikirlər söyləyirlər. Azərbaycanın isə qeyri-neft sektoruna qoyulacaq sərmayə yaxın zamanda real nəticələr verməyəcək. İstisna deyil ki, ilin sonuna və ya gələn ilə manatın dollara nisbətən kursu daha da aşağı düşsün. Azərbaycanın dövlət büdcəsində 1 milyard manatdan çox kəsir var. Bu da əhalinin gəlirlərinə, əhalinin maddi durumu ilə bağlı məsələlərə təsir göstərəcək.

Düşünürəm ki, prezident 2 il sonra keçiriləcək prezident seçkiləri zamanı 5-ci kalonun daha da fəal olacağını və Qərbin bu kalonla münasibətlərində daha fərqli məqamların yarana biləcəyini nəzərə alır. Hər halda 2016-cı ildə keçirilcək prezident seçkiləri İlham Əliyev üçün daha böyük şanslar vəd edir, çünki 2 il sonra müəyyən mənada vəziyyətin dəyişə biləcəyini istisna etmək olmaz. Referendum göstərdi ki, seçkiyə gələn seçicilərin mütləq əksəriyyəti prezidentin Konstitusiya islahatlarını dəstəklədi. Ona görə də, prezidentin növbədənkənar seçkilərə gedəcəyi istisna deyil".

Parlamentin buraxılması məsələsinə gəldikdə isə politoloq bildirdi ki, əslində indiki parlament prezidentlə konstruktiv əməkdaşlıq mövqeyində duran bir parlamentdir:

"Onsuz da bu parlementdə hakim partiyanı təmsil edən deputatlar kifayət qədərdir. Bitərəflərin də mövqeyinə gəldikdə onların hakim partiyanın siyasətinə fərqli baxışları yoxdur. O ki, qaldı parlamentdəki müxalif düşərgəyə, onlar müxalifətin məlum radikal qanadı ilə müqayisədə ölkə iqtidarı ilə münasibəti konstuliktiv zəmində qurub və lazım gəldikdə ölkə prezidentinə dəstək verən siyasi qüvvələrdirlər.

Müəyyən xəbərlər sızır ki, ölkə parlamentində və bəzi nazirlik və dövlət komitələrində nurçular var. Güman edirəm ki, Türkiyədə yaşanan stiuasiya və şəraitin Azərbaycanda yaşana bilməməsi üçün prezidentin parlamenti buraxacağı ilə bağlı fikirlər bu ehtimalallara əsaslanır. Ölkədə nurçuların şəbəkəsinin nə dərəcədə fəal və çevik olması və onların ölkə nazirliklərinə və dövlət qrumlarına hansı təsir gücü ilə olması ilə bağlı məsələlərə ölkənin xüsusi xidmət orqanları daha səhih məlumata malikdirlər. Xüsusi xidmət orqanlarında bu məlumatlar varsa və gerçəkdən ciddi problem yarana bilərsə prezident növbədənkənar prezident seçkilərinə getməlidir və ondan sonra parlamenti buraxa bilər".

Səxavət Məmməd
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed