Şrift:
Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub
29.10.2016 [11:01] - Gündəm, Siyasət
Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.

Sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik oxunub.

Türkiyənin Naxçıvandakı Baş konsulunun birinci müavini Əhmət Özkan çıxış edərək türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Respublikasının bugünkü inkişaf və tərəqqisindən danışıb. Qeyd olunub ki, Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olublar. Əhmət Özkan Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Dövlət müstəqilliyi hər bir xalqın malik olduğu ən dəyərli sərvətdir. Türk xalqı 93 il bundan əvvəl dövlət müstəqilliyini elan etmişdir. Ali Məclisin Sədri qardaş Türkiyənin müstəqillik bayramı, Cümhuriyyət elan edilməsi münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib, inkişaf və tərəqqi arzulayıb.

Qeyd olunub ki, bir-birilərinin dövlət müstəqilliyini dəstəkləyən və həmrəylik göstərən ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz və xalqlarımız arasında möhkəm tərəfdaşlığa Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin bölgələri arasındakı əməkdaşlıq da öz töhfəsini verməkdədir. Bizim aramızda iqtisadi-ticarət, elm, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələr davamlı xarakterə malikdir və hər il genişlənir.

Ali Məclisin Sədri əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminliyini ifadə edib, çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Türkiyə və Azərbaycanın birliyi bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq və bundan sonra da qoruyacağıq”.
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed