Şrift:
ABŞ Qafqaz siyasətini dəyişəcək?!
04.11.2016 [17:04] - Gündəm, Siyasət
Elşən Manafov: “Klinton qalib gələrsə, ABŞ-ın xarici siyasəti daha radikal xarakter kəsb edə bilər” Aydın Ağayev: “Qafqazla bağlı kimin gəlməsindən asılı olmayaraq, inanmıram ki, Vaşinqtonun siyasətində dəyişiklik olsun”

Dünyanın fövqəl dövləti sayılan ABŞ-da 4 gündən sonra növbəti prezident seçkiləri baş tutacaq. Hazırda Demokratlar Partiyasından namizəd Hillari Klintonla Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında seçiciləri öz tərəflərinə çəkmək uğrunda qızğın mübarizə gedir. Özü də ABŞ-dakı budəfəki seçki əvvəlkilərindən bir qədər fərqli müstəvidə cərəyan edir. Belə ki, namizədlər bir-birini təhqir etməkdən, başqa dövlətin agenti adlandırmaqdan belə çəkinmirlər.

Seçkilərdə kimin qalib gəlmək şansının yüksək olduğuna gəldikdə, əvvəlki rəy sorğularında Klinton respublikaçı namizədi bir xeyli qabaqlayırdı. Amma son rəy sorğusuna görə isə, Tramp xanım Klintonu 1 faiz səs çoxluğu ilə qabaqlayıb. Bütün hallarda hazırda dünyanı düşündürən başlıca məsələ noyabrın 8-dən sonra Ağ Evdə kimin rəhbər ola biləcəyilə bağlı məsələdir. Çünki ABŞ-ın hansı xarici siyasət yürüdəcəyi indi dünya dövlətlərini maraqlandıran məsələlərdən biridir. Qeyd edk ki, Tramp seçiləcəyi təqdirdə hazırda Vaşinqtonun Moskva ilə gərgin vəziyyətdə olan münasibətlərinin normallaşdırılmasına çalışacağını bəyan edib. Lakin onun bu siyasəti heç Respublikaçılar daxilində belə birmənalı qarşılanmayıb. Klinton isə əksinə, bu qənaətdədir ki, son zamanlar aqresivləşən və yenidən militarist siyasət yürütməyə başlayan Rusiyanı yerində oturtmaq üçün Moskvaya münasibətdə siyasəti daha da sərtləşdirmək gərəkdir. Belə bir fonda ABŞ növbəti prezident seçkilərinə doğru addımlayır.

Politoloq Elşən Manafov Klintonun qalib gələcəyi halda Vaşinqtonun xarici siyasətində radikalizmin daha da şiddətlənəcəyini bildirir: “ABŞ-ın Federal Tədqiqatlar Bürosunun Klintonun elektron poçtu ilə bağlı yaydığı son məlumatlar fonunda namizədlər arasında fərq kifayət qədər azalıb. Bununla belə Klintonun qələbə çalmaq şansı yüksəkdir. Klinton qalib gələrsə, ABŞ-ın xarici siyasəti daha radikal xarakter kəsb edə bilər. Obamadan fərqli olaraq Klinton Suriya probleminin ABŞ ordusunun birbaşa hərbi müdaxiləsi kontekstində həll edilməsi tərəfdarıdır. Halbuki, Obama son məqama qədər Rusiya ilə birbaşa münaqişədən qaçmağı bacardı. Klinton Trampdan fərqli olaraq Rusiya ilə münasibətləri daha kəskin fazaya çıxartmağın tərəfdarıdır.
Respublikaçı namizəd Tramp isə bildiyiniz kimi Vladimir Putinə olan simpatiyasını gizlətmir və qlobal problemlərin həllində Moskva ilə əməkdaşlığı məqbul hesab edir, beynəlxalq terrorizmə qarşı mübarizədə də bu güclərin birgə olmasının vacibliyini vurğulayır. Klinton isə belə düşünmür. Güman edirəm ki, xanım Klintonun Rusiya ilə münasibətləri daha kəskin fazaya gətirmək cəhdləri Ukraynada yaxın zamanlarda daha ciddi qarşıdurmanın baş qaldırmasına gətirib çıxaracaq. Əslində, Ukraynanın özündə yaxın zamanlarda prezident Pyotr Poroşenkonun devirilə biləcəyilə bağlı xəbərlər də dolaşır. Çünki Poroşenko Qərbin Rusiya ilə bağlı ümidlərini doğrultmadı, problemləri həll etmək və birbaşa qarşıdurmaya getmək iqtidarında olmadı. Habelə Ukraynadakı kəskin korrupsiya, əhalinin maddi durumunun ağırlaşması da göstərir ki, ABŞ özünün bu namizədini dəstəkləməkdən geri çəkiləcək. Suriya məsələsinə gəldikdə, güman edirəm ki, Klinton daha fərqli və daha ciddi qarşıdurmaya gedəcək”.
E. Manafov Qarabağ probleminin həllində yeni Klintonun prezident olacağı halda ABŞ adminstrasiyasının fərqli mövqe sərgiləyəcəyini də düşünmür: “Zamanında onun dövlət katibi işlədiyi də nəzərə alınarsa, Klinton sözsüz ki, Qarabağ probleminin mahiyyətilə bağlı məsələlərdən də xəbərdardır. Con Kerri ilə münasibətdə Qarabağ probleminə baxışda onda ciddi fərq əmsalları özünü büruzə verməyib. Düşünmürəm ki, Klinton Ağ Evə sahib olduqdan sonra Qarabağ probleminin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün daha fərqli bir mövqe sərgiləsin. Amma enerji əməkdaşlığı və beynəlxalq terrorizmə qarşı mübarizədə Vaşinqtonun yeni hökuməti Bakı ilə əməkdaşlığı davam etdirə bilər. Amma Azərbaycan Prezidentinin son çıxışlarında Qərbə etdiyi mesajlar göstərdi ki, həmin məkanın ölkəmizə və Minsk qrupunun münaqişənin həllinə münasibətdə sərgilədiyi mövqedən narazı qalmağımıza kifayət qədər əsaslar var”.


Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev düşünür ki, indiki situasiyada Qafqazla bağlı məsələlər ABŞ üçün kimin iqtidara gəlməsindən asılı olmayaraq, ciddi önəm kəsb etmir: “Klintonun prezident olması ilə ABŞ-ın hazırkı siyasəti davam edəcək. Tramp olacaqsa təbii ki, hansısa dəyişikliklər olacaq. Amma məlum olur ki, Demokratların qalib gəlmək şansı daha böyükdür. İndiki rəhbərlik faktiki olaraq Klintonun qalib gəlməsi üçün çalışır.
Tramp yeni və gözlənilməz bir simadır. Ona münasibət də birmənalı deyil, ziddiyyətlidir. Hesab edənlər var ki, ondan nə desən, gözləmək olar. Başqa cür də düşünənlər var ki, seçkiqabağı ritorika ayrı şeydir. Trampın xarici siyasətlə bağlı dedikləri fikirlər hazırda ölkənin yürütdüyü siyasətdən xeyli dərəcədə fərqlənir. Amma nəzərə almaq lazımdır ki, ABŞ-da dövlət sistemi var və bu sistem digər dövlətlərdən fərqlidir. Onlar üçün dəyişməz dəyər və maraqlar var. Kimliyindən asılı olmayaraq, həmin siyasət davam etdiriləcək. Qafqazla bağlı məsələlər isə ABŞ üçün çox kiçik məsələlərdəndir. Amerika siyasəti böyük hədəflər üzərində işləyir. Suriyadakı qarşıdurmalar təkcə buradakı rejim və onun aqibətilə bağlı deyil. Bu, daha böyük planın bir hissəsidir. İndi ABŞ-ı düşündürən belə böyük məsələlərdir. Moskva Suriyadakı rejimin dəyişməsini istəmir. Çünki bunun baş verməsi fonunda Rusiyanın özü üçün də ciddi proseslər baş qaldıra bilər. Belədə Moskva geri çəkilmir. ABŞ-ı da hazırda bu məsələlər maraqlandırır.
İndiki şəraitdə ABŞ siyasəti üçün habelə Ukrayna amili çox vacibdir. Burada da baş verənlər təkcə Ukrayna ilə bağlı məsələ deyil, ətrafdakı böyük dövlətlər sistemilə bağlı bir məsələdir. Yəni görürük ki, Ağ Evin hədəfləri böyükdür. Qafqazla bağlı kimin gəlməsindən asılı olmayaraq, inanmıram ki, Vaşinqtonun siyasətində dəyişiklik olsun. Demokratlar neçə ildir hakimiyyətdədir, amma Qarabağ münaqişəsi istiqamətində bizi qane edəcək bir şey baş vermədi. Hər halda söhbət ölkəmizlə münasibətlərdən gedirsə, İstənilən hakimiyyət indikindən pis olmayacaq”.

Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed