Şrift:
Şimali Kipr Türk Respublikası təhlükəsiz bir ölkədir
08.11.2016 [11:42] - Xəbərlər, Müsahibə
Ufuk Turganer: "Ora gedən hər bir şəxs özünü orada təhlükəsiz, rahat hiss edə bilər"

Bu günlərdə Şimali Kipr Türk Respublikası quruluşunun 33-cü ildönümünü yaşayır. Bu ada dövlətinin tarixinə qısaca nəzər yetirərkən aydın olur ki, bir çox dövlətlərin əsarəti altında olan Kipr eramızdan əvvəl 1500-cü illərdə Qədim Misirin idarəsi altında olub. Eramızdan əvvəl 333-cü ildə isə müharibədə farsları məğlub edən Makedoniyalı İskəndərin idarəsi altına keçib. Bu tarixdən sonra adada yunan mədəniyyəti inkişaf etməyə başlayıb. Eramızdan əvvəl 58-ci ildə ada Roma İmperiyasının vilayəti şəklinə düşüb və 350 il boyu Roma İmperiyasının əsarətində qalıb. Sonralar Kipr adası Osmanlı dövlətinə aid gəmilərə silsilə hücumlar həyata keçirən xristian dəniz quldurlarının məkanına çevrilib. Həmin dəniz quldurları əsasən dəniz ticarət gəmilərinə və həccə gedən sərnişinləri daşıyan gəmilərə hücumlar təşkil edirdilər. Bunun üçün Kipr adasının nəzarətə götürülməsi tarixi zərurət kimi gündəmə gəlmişdi. Beləliklə, 1 İyul 1570 - 1 Avqust 1571 tarixlərində II Səlimin hökmdarlığı zamanı Lələ Mustafa Paşanın komandanlığı altındakı ordu və Piyale Paşanın dəniz donanmasının birgə hücumu ilə ada Osmanlı dövlətinin idarəçiliyinə keçir. Kiprin fəthi ilə Şərqi Aralıq tamamilə Osmanlı dövlətinin nəzarətinə düşür. 15 Sentyabr 1570-ci ildə Lələ Mustafa Paşa təntənəli şəkildə Lefkoşa şəhərinə daxil olur. Kiprin fəth edilməsi zamanı adada çox az sayda rum var idi. 1571-ci ildə adada siyahıya alınma keçiriir və 150 000 əhali qeydə alınır. Adadakı türk əsgərinin sayı isə 30 000 nəfər idi. XX əsrdə Kiprdə vəziyyət daha qaynar və maraqlı olur. Belə ki, 1974-cü ildə başladılan Kipr Hərəkatının nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılır. 15 Noyabr 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti öz müstəqilliyini bəyan edir. Günümüzdə Şimali Kipr Türk Respublikası dünyanın bir çox dövləti ilə münasibətlər qurmaqdadır. Həmçinin Azərbaycanla da Şimali Kipr Türk Respublikası arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur. Uzun illərdir ki, Azərbaycanda Şimali Kipr Türk Respublikasının nümayəndəliyi fəaliyyət göstərir. Biz də bayram ərəfəsində Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganerlə görüşüb təmsil etdiyi ölkənin 33 ildə keçdiyi yola qısaca nəzər saldıq. "OLAYLAR"-a verdiyi müsahibədə Ufuk Turganer hazırda Şimali Kipr Türk Respublikasının dünya ölkələri ilə əlaqələrindən də söz açıb.


“HDP hər zaman PKK-nın siyasi qanadı funksiyasını icra edib”-

-Ufuk xanım, bu günlərdə Şimali Kipr Türk Respublikasının quruluşunun 33-cü ili tamam olur. Bayram ərəfəsində Şimali Kipr Türk Respublikasının təmsilçisi olaraq hansı hisslər keçirirsiniz?

-Bu il Şimali Kipr Türk Respublikasının quruluşunun 33-cü ildönümünü böyük bir coşku ilə qeyd edəcəyik. Mən də bu coşkunun qürurunu Bakıda, buradakı qardaşlarımızla qeyd edəcəyəm. Məlum olduğu kimi hər il Şimali Kipr Türk Respublikasının quruluşunun ildönümü Bakıda böyük bir coşku ilə qeyd edilir. Bizim üçün gözəl bir gün olacaq. Təbii ki, Şimali Kipr türkləri bu günlərə asanlıqla nail olmayıblar. Bir çox çətin yollardan, sınaqlardan keçib. Amma artıq irəliyə baxmaq, daha güclü bir şəkildə irəli addımlamaq lazımdır. Hesab edirəm ki, qarşıda Şimali Kipr türklərini daha yaxşı günlər gözləyir. Bu anlamda Şimali Kipr Türk Respublikasının güclü bir şəkildə yaşaması bizim üçün önəmlidir. Fürsətdən istifadə edib Şimali Kipr türklərinin bayramənı təbrik edirəm.

-33 il ərzində Şimali Kipr Türk Respublikasında nələr dəyişdi, hansı nəticələr əldə olundu?

-Əslində çox şeylər dəyişdi. İlk növbədə insanlarımızın rifah halı yaxşılaşdı. Xüsusilə, Türk əsgərinin adaya gəlməsi bizim üçün güvən ortamı oldu. Bizim üçün əsas olan hər kəsin rahat bir şəkildə, təhlükəsiz olaraq yaşamasıdır. Özünü təhlükəsiz, rahat hiss etmək bir xalq üçün çox önəmli amildir. Bu məsələdə bizim əsas zəmanətçimiz təbii ki, Ana Vətən Türkiyədir. Ötən 33 il ərzində heç şübhəsiz ki, bir çox müsbət dəyişikliklər baş verdi. Şimali Kipr Türk Respublikası məlum sanksiyalara rəğmən inkişaf etdi, irəliyə doğru addım atdı. Təbii ki, bu bizim üçün qürurvericidir. Beynəlxalq aləmdə tanınmasaq, yalnız Türkiyə Cümhuriyyəti tərəfindən tanınsaq da, yenə də beynəlxalq platformalarda iştirak etməyə çalışırıq. Ancaq dediyim kimi idman, rahat bir şəkildə ticarət əlaqələri qura bilməmə, öz pasportu ilə səyahət edə bilməmək kimi problemlərimiz var və qeyd edilən istiqamətlərdə sanksiyalarla üzləşmişik. Bütün bunlara rəğmən yenə də Şimali Kipr türk xalqı çalışqandır və öz ayaqları üzərində durmaq üçün böyük əmək sərf edir. Qısaca, ötən 33 il ərzində Şimali Kipr Türk Respublikası bir çox nailiyyətlər əldə etdi. Təbii ki, bəzi çatışmamazlıqlarımız da var. Ancaq zaman içərisində onlar da öz həllini tapacaq və hər şey daha yaxşı olacaq.

-Hazırda dünyada az sayda ölkələr var ki, həmin ölkələrdə ciddi siyasi böhran, daxili qarşıdurma, qeyri-sabit vəziyyət yoxdur. Azərbaycanda olduğu kimi Şimali Kipr Türk Respublikasında da bütün bunlar yüksək səviyyədədir. Şimali Kipr bu sabitliyə, təhlükəsiz şəraitdə inkişaf etməyə necə nail olur?

-Şimali Kipr Türk Respublikası həqiqətən də təhlükəsiz bir ölkədir. Şimali Kiprə gedən hər bir şəxs özünü orada təhlükəsiz, rahat hiss edə bilər. Şimali Kipr Türk Respublikasının polis və digər hüquq mühafizə orqanları yüksək səviyyədə fəaliyyət göstərirlər. Bütün bunlardan dolayı Şimali Kipr Türk Respublikası təhlükəsiz, rahat şəkildə səyahət ediləcək bir ölkədir.

-Elə bunun göstəcisidirmi ki, daha çox xarici ölkə gənci Şimali Kiprə təhsil almağa gəlir?

-Təbii ki, Şimali Kipr Türk Respublikasının təhlükəsiz bir ölkə olması xarici ölkə gənclərinin burada təhsil almasına böyük maraq, həvəs yaradır. Bu gün Avropadan tutmuş Afrikaya qədər əksər ölkələrdən olan gənclər Şimali Kipr Türk Respublikasına ali təhsil almağa gəlirlər. Ona görə də hər kəs heç nədən ehtiyat etmədən övladını rahat bir şəkildə Şimali Kipr Türk Respublikasına ali təhsil almağa göndərir.

-Bu ilki tədris dönəmində Azərbaycandan ali təhsil almaq üçün Şimali Kipr Türk Respublikasına gedənlərin sayında əsaslı bir irəliləmə qeydə alındımı?

-Yox, qeydə alınmadı. Əslində ciddi bir artım gözləmirdik. Çünki dünyadakı iqtisadi böhran hər kəsə bəllidir. Bundan dolayı insanların maddi durumları da istənilən səviyyədə deyil. Bütün bunlara baxmayaraq biz Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən universitetlərlə müəyyən müzakirələr aparmaq istəyirik ki, Azərbaycandan bizim ölkəmizə təhsil almağa gedəcək gənclərlə bağlı müəyyən güzəştlər tətbiq edərək daha uyğun qiymət təklif etsinlər. Nəticə etibarilə insanlar da ciddi bir iqtisadi çətinlik çəkmədən övladlarını ali təhsil almaq üçün Şimali Kipr Türk Respublikasına göndərsinlər. Mən hər kəsə Şimali Kipr Türk Respublikasına səfər etməyi tövsiyyə edirəm. Çünki bizim zəngin tariximiz, gözəl turistik məkanlarımız, tarixi abidələrimiz var. Şimali Kipr Türk Respublikasına səfər edən hər bir şəxs oradakı gözəlliklərədən məmnun qalar, yenidən ora səfər etmək arzusunda olar.

Süleyman İsmayılbəyli
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed