Şrift:
Milli Məclisdə “Hərbi vəziyyət haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb
08.11.2016 [16:41] - Xəbərlər, Siyasət
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənədi Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov təqdim edib.
O deputatlara məlumat verib ki, hazırda qüvvədə olan analoji qanun 1994-cü ildə hazırlanıb: "Ötən müddətdə ölkənin qanunvericilik bazasında mühüm dəyişikliklər olub. Yeni qanun layihəsi əsas normativ-hüquqi baza kimi Azərbaycan Konstitusiyasına, eyni zamanda son vaxtlar qəbul edilən bütün qanunlara uyğunlaşdırılıb. 6 fəsil, 27 maddədən ibarət olan bu qanun layihəsi Azərbaycanın bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan olunması və ləğv edilməsi, onun qüvvədə qalma müddətinin uzadılması, həmçinin hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir".
Komitədə çıxış edən deputatlar Zahid Oruc, Hikmət Məmmədov, Vüsal Hüseynov, Fərəc Quliyev, Elman Məmmədov, Əliağa Hüseynov qanun layihəsinin əsasən yaxşı hazırlandığını, təkmil layihə olduğunu, eyni zamanda bəzi irad və təkliflərini qeyd ediblər.
Ziyafət Əsgərov müzakirədə səslənən fikirlərə münasibət bildirdikdən sonra komitənin eksperti Elşad Nəsirov millət vəkillərini maraqlandıran suallara cavab verib.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bu xəbər oxucular tərəfindən 605 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed