Şrift:
Zəngibasar
12.03.2012 [11:32] - Qərbi Azərbaycan-İrəvan
Zəngibasar mahalı
İndiki adı Masis
Ərazi 2096 km²
Zəngibasar – Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngibasar mahalı ərazisində rayon.


İlk dəfə 1937-ci il, dekabrın 31-də, ikinci dəfə isə 1969-cu il yanvarın 14-də yaradılıb. Rayon mərkəzi Uluxanlı (dəyişdirilmiş adı Masis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir.
Rayonun indiki ərazisi 428-640-cı illərdə Ayrarat qəzasının tərkibində, VII-XI əsrlərə qədər ərəb işğalı altında olmuşdur. XI əsrdən Səlcuq türklərinin, 1230 – cu ildə monqol-tatarlarının tabeliyində olmuşdur. XVI əsrdən Çuxur Səd bəylərbəyliyinin, XVIII əsrdən XIX əsrin əvvəllərinə kimi İrəvan xanlığının tərkibinə, XlX əsrdən XX əsrin 20-cı illərinə qədər İrəvan quberniyasının İrəvan qəzasının tərkibinə daxil edilmişdir.
Zəngibasar mahalı özünün Uluxanlı (sonradan Zəngibasar və Əzizbəyov adına məktəb) məktəbi ilə Azərbaycan tarixində mühüm yer tutur. 1887-ci ildə Cəlil Məmmədquluzadə bu məktəbdə işləmək üçün təyinat almış və uzun müddət burada çalışmışdır.
1937-i ilə qədər rayonun kəndləri əsasən Üçkilsə rayonu və Qəmərli rayonu arasında bölünmüşdür. 1937-ci il dekabrın 31-də Qəmərli rayonundan 18, Üçkilsə rayonundan isə 14 kənd ayrılaraq ümumi sahəsi 170 kv km olan Zəngibasar rayonu yaradılmışdır. Qədim Uluxanlı kəndi də adı dəyişdirilərək Zəngibasar rayonu adı ilə mərkəz elan edilmişdi.
Zəngibasar rayonunun kəndlərindən 21-də ancaq azərbaycanlılar, 6-da çoxu azərbaycanlılar olmaqla həm də ermənilər, 5 kənddə isə yalnız ermənilər yaşayırdılar. Vaxtilə Uluxanlıda 5, Zəngi, Şöllü, Qaraqışlaq, Mehmandar, Hacı Elləz kəndlərinin hər birində 2 məscid olub. Cəfərabad kəndində isə XIII əsrin yadıgarı olan günbəzli türbə olub. 1948 – 1951- ci illərdə Rəncbər kəndi istisna olmaqla bütün kəndlərinin azərbaycanlı əhalisi Azərbaycana köçürüldü. Lakin Stalinin ölümündən sonra azərbaycanlı əhali öz dədə-baba yurdlarına dönsə də artıq boş evlərdə məskunlaşan ermənilər yerli azərbaycan türklərini Elləz, Göykümbət, Arbat və digər kəndlərə buraxmırlar.
1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Haçapara ,Qaraqışlaq, Dəmirçi, Sarvanlar, Rəncbər, Donuzyeyən, Həbilkənd, Yuxarı Neçili, Aşağı Neçili, Rəhimabad, Mehmandar, Şöllü, Uluxanlı və s.
Zəngibasar



















Rayon ərazisində yerləşən Qaraqoyunlular dövrünə aid Pir Hüseyin türbəsi
XIX əsrin əvvəllərində İrəvan xanlığı 15 mahaldan – Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedi, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Səədli, Talın, Seyidli-Axsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə mahallarından ibarət idi. Xanlığın mərkəzini – İrəvan şəhərini 1804-1813-cü illərdə ruslar ələ keçirmək üçün iki dəfə cəhd göstərmişdilərsə də, buna nail olmamışdılar.
1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi 25 min erməninin yaşadığı həmin ərazilərə İran və Türkiyədən kütləvi surətdə ermənilər köçürülmüşdü ki, vilayətin etnik tərkibi ermənilərin say üstünlüyü ilə nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin.
Ermənilərin İran və Türkiyədən indiki Ermənistan ərazisinə kütləvi surətdə köçürülməsi ilə paralel olaraq Erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedi, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Saatlı (Səədli), Talin, Seyidli-Ağsaqqallı, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə (bir hissəsi) mahallarının, Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan, Dərələyəz mahallarının, Ordubad dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəp mahalları türklərinin əksəriyyəti əsasən Türkiyə və İrana köçməyə məcbur olmuşlar.
1930-cu illərdə Vedinın, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, Ağbabanın və digər bölgələrin əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxıstan çöllərinə sürgün edilmişdilər. Sərt iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Şöllü - Mehmandar 03.01.1935
Şöllü - Daştavan 25.01.1978
Zəngilər -Zorak 1991-ci il
Zəhmət -Xaçpar 1991-ci il
Yuxarı Neçili- Nizami 25.01.1978
Yengicə -Norabats 25.01.1978
Xarratlı -Arevabuyr 25.01.1978
Xaraberd -Nor Qyank 04.07.1938
Təzəkənd -Ayntap 10.09.1970
Sarvanlar -Sis 1991-ci il
Qaraqışlaq -Dostluq 25.01.1978
Mehmandar -Hovtaşat 25.01.1978
Kəllərə -Qukasavan 01.12.1949
Həbilkənd -Kalinin ...
Haçapara -Zəhmət 03.01.1935
Dəmirçi -Darpnik 1991-ci il
Dostluq -Hayanist 1991-ci il
Donuzyeyən -Zəngilər 03.01.1935
Cəfərabad -Arqavand 04.04.1946
Bulaqlı -Həbilkənd ...
Aşağı Neçili -Sayat-Nova 25.01.1978
Ağcaqışlaq- Getapiya 25.01.1978
Ağahəmzəli -Marmaraşen 25.05.1967
Bu xəbər oxucular tərəfindən 3659 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed