Şrift:
“Belə getsə, bir gün gələcək ki, İraqda türkmən vardı, deyiləcək” – MÜSAHİBƏ
21.11.2016 [11:45] - Gündəm, Müsahibə
İraq Türkmən Cəbhəsinin sözçüsü, Kərkük Əyalət Məclisi üzvü Əli Mehdi Sadiq Bakıda səfərdədir.
Avropa.info-ya müsahibə verən Əli Mehdi Sadiq İraqda davam edən müharibə şəraitində türkmənlərin durumundan danışıb.
İraqın ümumi vəziyyəti heç də yaxşı deyil. Bunun üçün də ən çox zərər görən məhz türkmənlərdir. Türkmənlər bu zərəri və zülmü indi deyil, ta 2003cü ildən bəri görürlər. Təəssüflər olsun ki bu gün İraqda gücü və silahı olan, maddi imkanları güclü olan hökm edir. Qanunlar tapdalanır. İraqda artıq qanun deyə bir şey qalmayıb. 2003-cü ildən sonra Amerika İraqda iki millətə dəstək verdi. Bunlardan bri ərəblər, digəri isə kürdlər idi. Digər etnik qruplara isə heç kim kömək etmədi. Baxmayaraq ki, türkmənlər İraqda üçüncü xalqdır, bu ölkədə son 12 ildə hökumətdə olan istər baş nazir, istərsə də prezident heç biri türkmən kimliyini tanımayıb. Biz türkmənlərin daha çox yaşadığı 3 vilayət var ki, bunlar Kərkük, Mosul və Səlahəddin vilayətləridir. 2014-cü ildən sonra İŞİD ən çox da bu üç vilayətə təsir etdi. Mosul başda olmaqla türkmən vilayətlərindən təxminən 350-400 min, Tizxurmatudan 20-25 min türkmən öz doğma yurd-yüvalarından didərgin düşdü. Bunların çoxu İraqın güneyindəki Kərbəla, Nəcəf və Kərkük kimi vilayətlərə axın etdilər. Bunlardan bir hissəsi də Türkiyəyə və başqa xarici ölkələrə üz tutdular. Təəssüflər olsun ki, biz ümumi olaraq heç vaxt İraqda hüzur görməmişik.
Səddam dönəmində də türkmənlərin durumu pis idi?
Bəli Səddam dönəmində də. Hətta daha doğrusunu desək 1920-ci ildən bu yana. Çünki 1920-ci ildən bu yana İraqda hakimiyyətdə ya sünni, ya da şiə ərəblər olublar. Biz bu iki toplumun ikisindən də zərər gördük. 2003-cü ildən sonra da İraqı parçalayıb müxtəlif qruplara verdilər. Ölkənin bir hissəsi sünni ərəblərin, bir hissəsi şiə ərəblərin, bir hissəsi isə kürdlərin nəzarətinə verildi. Bu hal indiyə kimi belə davam edir. Biz həmişə özümüzə dost olaraq Türkiyəni görmüşük. Türkiyədən başqa bizə yardım əli uzadan olmadı. Təbii ki, Türkiyə də hər şeyi edə bilmir. Çünki İraqda 30-da çox ölkənin marağı var. Bu ölkələrin də heç biri Türkiyəni sevmir. Biz bu məsələdə Türkiyənin yalnız qalmamasını istəyirik. İstəyirik ki, Azərbaycan hökuməti də, xalqı da mənəvi olaraq bizim yanımızda olsunlar. Bu gün türkmənlər İraqda ümumi olaraq təzyiqlərə məruz qalmışdır. Bu təqyiqlar istər iqtisadi, istər təhsil, istər səhiyyə, istərsə də mədəniyyətdə öz təsirini göstərir. Bizim bu yaraları qardaşlarımızla paylaşmağımız lazımdır. Bir türk olaraq bütün türk dövlətlərindən yardım istəyir, səsimizin hamı tərəfindən eşidilməsini istəyirik. Biz Türkiyə və Azərbycan kimi türk ölkələrinin Avropaya, Amerikaya səslənməyini, burada belə bir xalq var və bu xalq zülm altındadır demələrini istəyirik ki, türkmənlər üçün çıxış yolu və türkmən probleminin həlli üçün addımlar atılsın. Mənim fikrimcə məsələnin həllinin yeganə yolu özümüzün özümüzü idarə etməsidir. Bunun üçün də təkcə bizim istəyimiz kifayət etmir və bizə beynəlxalq dəstəyin olması labüddür. Bu dəstəyin bir hissəsi Türkiyə tərəfindən təmin olunur. Bu dəstəyin bir hissəsi də Azərbaycandan olsa çox sevinərik. Yoxsa bir gün gələcək ki, İraqda türkmən var idi deyiləcək . Əgər belə davam edərsə türkmənlər əriyib yox olmağa məhkumdurlar.
Əli bəy Təlafərlə bağlı bəzi xəbərlər duyduq. “Haşdi Şəbi”nin Təlafərə girməsi ilə bağlı bəzi xəbərlər duyduq. Türkiyə prezidenti də bunların İŞİD kimi bir təşkilat olduqlarını deyir. Orada hazırda vəziyyət necədir və ümumiyyətlə bu qruplaşma haqda nə deyə bilərsiz?
“Haşdi Şəbi” tək məzəbə bağlı və şiələrdən təşkil olunan bir qruplaşma, bir silahlı qüvvədir. Mosul probleminin necə yarandığına baxaq, İŞİD Mosula necə girdi? İraqın ordusu var ikən bu qruplaşma Mosula asanlıqla daxil ola bildi. Bunun səbəbi nə idi? Bunun səbəbi o idi ki, İraq hökuməti mosullulara eyni gözlə baxmırdı. Ölkədə məzhəbçi bir siyasət var idi. Həmin siyasət İraqda indi də davam etməkdədir. Hökumətin xətaları səbəbilə İŞİD Mosula rahatlıqla girə bildi. Əslində bu məsələ ilə bağlı biz də narahatıq. Çünki Təlafərin 80 %-i türkmənlərdən ibarətdir və orada müharibə başlayacağı təqdirdə ən böyük zərəri məhz türkmənlər görəcək. 2014-cü ildən öncə türkmənlər arasında ayrım yox idi. Türkmənlər arasında şiə də var sünni də. Təəssüflər olsun ki. 2014-cü ildən sonra xarici qüvvələr bu ayrımı da etdilər türkmənlərin arasında. Həmin ildən sonra İranın təzyiqi və mərkəzi hökumətin xətası ilə türkmənləri də parçalanmaq istədilər. İŞİD gəldiyi zaman imkanlı mosullular Təlafərdən köçüb getdilər. İmkanı olmayanlar isə İŞİD-in nəzarəti altındakı bölgələrdə yaşamağa məcbur oldular. Orada qalan insanların hamısına İŞİD gözü ilə baxmaq da doğru deyil. Orada da minlərlə günahsız insan var ki, “Haşdi Şəbi” oraya daxil olarsa onların hamısını öldürəcək və orada böyük qətliam yaşanacaq. Türkiyənin və bizim də qorxumuz məhz budur. İraq ordusu ola-ola oraya başqaları niyə gəlməlidir? Türkiyə də Mosul xalqından bir ordu yaradılmasının tərəfdarı idi ki, Mosulu da həmin ordunun xilas etməsini istəyirdi. Amma təbii hamı bilir ki, İran İraqda öz nüfuzunu Ərbilə, Tamadiyə və Mosula qədər genişlətmək istəyir. İŞİD-dən əvvəl İranın nüfuzu Bağdada qədər idi. Bu gün isə İranın adamları Mosulun ətrafında və Kərkükün içindədirlər. Təbii ki, bu bir müharibədir. Türkiyənin bölgədə istəyi isə İraqın bölünməməsi, parçalanmaması, məzhəb müharibəsinin olmamasıdır. Əgər bu saydıqlaqrımız olarsa bu hamıya ziyan verəcək.
İraqda İranın təsiri çoxdurmu?
İraqın 70 %-i İranın nəzarətindədir.
Bəs buna kürdlər, sünni ərəblər və ya türkmənlər kimi digər toplumlar etiraz etmirlərmi?
İraq parlamentində 325 millət vəkili var. Bunun 200-ü İranın tərəfdarı olan şiə iraqlılardır. Təbii ki, onlar sayca çoxdurlar. Kürdlərin də elə bir problemləri yoxdur. Onların öz bölgələri və öz hökumətləri var. Burada ən çox sıxıntı çəkən türkmənlərdir.
Son dönəmlər kürdlərlə türkmənlər arasında münasibət necədir? İraq Kürdüstan Regional Birliyinin rəhbəri Məsud Bərzani mütəmadi olaraq Türkiyəyə səfərlər edir. Bərzaninin rəhbərlik etdiyi kürdlərlə türkmənlər arasında problem varmı?
Türkmənlər ən çox zərəri Tələbani tərəfindən gördülər. Çünki Tələbani İran tərəfdarıdır. İraqda bu gün bir etnik parçalanma var və heç kim heç kimlə yola getmir. İraqda birlikdə yaşamaq mədəniyyəti qalmayıb artıq. İraqın mərkəzi hökumətində də belə bir qütbləşmə var.
İraq hökuməti Mosul əməliyatının tez bir zamanda başa çatacağını açıqlamışdı. Sizcə, Mosul əməliyyatı niyə belə uzandı?
İraqda ən böyük problem mərkəzi idarənin olmamasıdır. Mosul əməliyyatını da kimin idarə etdiyi məlum deyil. Əməliyyatı ABŞ-ınmı, İranınmı, dövlətinmi yönətdiyi bilinmir. Onun üçün də qarışıqlıq var. Mosulda bir milyona yaxın insan var və bu insanların zərər görməməsi lazımdır. Onların zərər görməməsi üçün əməliyyat diqqətli aparılmamalıdır. Əməliyyatın uzanmasının səbəbi də buna görədir. Mosul İŞİD-in ən güclü olduğu yerdir və onun çəkilməsi də o qədər asan olmayacaq. Bizim üçün ən böyük problem isə İŞİD-dən sonra nə olacağıdır. İŞİD-dən sonra Mosulu kim idarə edəcək? Mərkəzi hökumət necə bir addım atacaq? İraqın problemi İŞİD-lə qurtarmayıb davam edəcək.
İbadinin Türkiyə ilə bağlı açıqlamaları olmuşdu. Daha sonra Türkiyə də buna cavab vermişdi. Bəs siz bu haqda nə düşünürsünüz?
İraqda 32 dövlət var və bu dövlətlər bu gün İraqda müharibə edirlər. Bu dövlətlərin heç biri müsəlman ölkəsi deyil. Niyə iraqlılar bu 32 dövləti qəbul edirlər, Türkiyənin isə ölkədə olmasını istəmirlər? Burada ABŞ, Rusiya, Almaniya və sair kimi ölkələr var. Təbii ki, bunu edən İraq deyil. Bunu edən İrandır. Sizə bir mühüm məsələni deyim. Bu gün İraq hökumətini təşkil edən şəxslər İran-İraq müharibəsi zamanı İranda əsrilikdə olan şəxslərdir.İran onların hamısının beynini öz xeyrinə dəyişib. Bu gün İraq kimi bir ölkədə elektrik enerjisi yoxdur. Elektrik enerjisi gündə 7-8 saat verilir. Bu da hökumətin uğursuzluğunun nəticəsidir. Təəssüflər olsun ki bəzi türkmənlər də bunları dəstəkləyir. Amma onu deyim ki, türk olan kəs heç vaxt Türkiyənin əleyhinə çıxmaz.
Mən İraq türkmənləri ilə Azərbaycan xalqı arasında bir əlaqənin yaradılmasını istəyirəm. Bu gün türkmənlərin nələr çəkdikləri Azərbaycan xalqına çatdırılsın. Burada bir dərnək qurulmasını, tələbələrin hökumətinizin dəstəyi ilə oxudulmasını istəyirik. Xəstələrimizi burada müalicə etsinlər.
Səfəriniz zamanı Azərbaycanda hökumətlə hansısa bir əlaqə qura bilmisinizmi?
Bu hələ başlanğıcdır. Bundan sonra işlərin istədiyimiz kimi getməsini təmənni edirik.
Ruslan Bəşirli
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed