Şrift:
İraq Türkmən Cəbhəsinin sözçüsü: Xalq ordusu deyilən Həşdi-Şəəbi Tehran tərəfindən dəstəklənir – Müsahibə
23.11.2016 [11:14] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan, Müsahibə
Bir neçə gündür İraq parlamentinin Kərkükdən olan millət vəkili Əli Mehdi Azərbaycandadır. 1957-ci ildə Kərkükdə doğulan Əli Mehdi 80-ci illərdə Türkiyə Çuxuroba Universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirib. 1997-ci ildə İraqdakı siyasi gərginlik səbəbindən Almaniyaya mühacir etsə də, 2003-cü ildə, Səddam hakimiyyətdən gedəndən sonra vətənə dönüb. Hazırda İraq parlamentində Kərkük türkmənlərini təmsil edir. Eyni zamanda, İraq Türkmən Cəbhəsinin sözçüsüdür. Onunla görüşüb son günlərin dünya siyasi gündəmini zəbt edən İraq olayları barədə suallarımıza cavab almağa cəhd etdik.

- Əli bəy, rifah şəraitində yaşadığınız Almaniyadan İraqa qayıdarkən müharibənin indiyə qədər davam edəcəyini gözləyirdinizmi və hansı səbəbdən qayıtdınız?
- Bizim davamız və inandığımız əqidəmiz var, bu, İraq türkmənliyini yaşatmaqdır. 100 ildən bəri İraq türkmənləri sıxıntı halında yaşayırlar. Amma içimizdə inandığımız bir yol var, o yolu başa çatdırmaq üçün çalışmaqdayıq. İnanırıq ki, bu davanın uğurla bitməsi üçün İraqda, Kərkükdə yaşamağımız və ordakı insanlarla torpağımızı, dilimizi qorumağımız lazımdır.

- Hazırda İraqda nə baş veri? Uzun müddətdir davam edən müharibə neft, geosiyasi maraqlar, yoxsa məzhəblə bağlıdır?
- Təəssüf ki, 2003-cü ildən sonra Amerika İraqın dövlət sistemini məhv etdi. Sonda anladıq, Amerika ordusu İraqa diktaturanı yıxıb sülh və rifah yaratmaq üçün yox, neftə görə daxil olub. Nefti isə İraqı parçalamaqla əldə etdi, təəssüf ki, Vaşinqtonun İraq siyasəti parçala və faydalan şüarı üzərindədir. Beləliklə, 2003-cü ildən sonra İraqda o zamana qədər olmayan məzhəb çatışmaları başladı. Hazırda ölkədə sünni-şiə məzhəb və kürd-ərəb və türkmən etnik çatışmaları adi hal alıb. Bu gün İraqda hansı tərəfin gücü, silahı varsa, hakimiyyət ondadır, qanun, konstitusiya (anayasa) işləmir. 2014-cü ildən, yəni İŞİD ölkənin böyük hissəsini ələ keçirdikdən sonra vəziyyət daha da gərginləşdi və ən çox zərər görən də türkmənlər oldu.

- Siz Amerikanın neft maraqlarına görə İraqda indiki vəziyyəti yaratdığını dediniz, amma Vaşinqton əsrin əvvəlində artıq slans neft üzərində çalışırdı. Belə olduqda Amerikanın neft maraqları o qədər də vacib olmamalıydı. Razılaşırsınızmı?
- Mən yalnız neft amilini qabartmıram. Məsələ ondadır ki, Orta Doğu bölgəsinin yenidən düzənlənməsi planı da Vaşinqtonun maraqlarına daxil idi. Baxın, Amerika İraqa 2003-cü ildə daxil oldu, bir müddət sonra neftin qiyməti artdı və bu artım az müddət qalmadı, hətta 130 dolları ötdü, qiymət yalnız 2 il əvvəl 100 dollardan 40-50 dollara endi. Amerika və Avropa dövlətləri nefti Orta Doğu dövlətlərindən alırdı, neft maraqları arxa plana keçdiyindən başqa maraqlar ortaya çıxdı. Nəticədə neftin qiyməti endi. Məsələ ondadır ki, bölgədə neft maraqları və dövlətləri zəiflətmək maraqları var, söhbət sərhədlərin dəyişməsindən gedir.

- Parçalanma hansı sərhədlərdə özünü göstərəcək?
- Bağdaddan cənuba doğru ərazilər şiələrin, şərqdə olan Ramadi, Mosul sünnilərin, Ərbil, Süleymaniyyə, Mosulun yanındakı Dhok isə kürdlərin. Türkmənlər də Mosul və Kərkükdə qalacaq, bunların bir qismi kürdlərin, qalanı sünnilərin içində qalmağa məhkum olacaq. Təəssüf ki, hazırda bu gerçəkliyə doğru gedirik.

- İŞİD-in sonunun yaxınlaşması haqda deyilənlər doğrudurmu?
- İŞİD Mosul və Telaferdə qalıb, çox güman ki, ordan da Suriyaya gedəcək, orda nə zaman bitəcəklər, bəlli deyil. Amma İŞİD-dan sonra həyat necə olacaq, peşmərgə döyüşdüyü ərazilərdən geri çəkiləcəkmi, bilinmir. Qısası, bizi İŞİD-dan sonra başqa problemlər gözləyir. Ehtimal edirəm ki, sünni-şiə, ərəb-kürd çatışmaları olacaq.

- İraq parlamentində şiələrin çoxluq təşkil etdiyini dediniz, bəs idarəetmədə durum necədir?
- Yenə şiələr çoxdur, təxminən 70 faiz. Ordunun, polisin əksəriyyəti onlardan ibarətdir, məsələn, xalq ordusu deyilən Həşdi-Şəbini şiələr qurub və Tehran tərəfindən dəstəklənir.

- İndiki hadisələr X-XI əsrlərdə Bağdadın mənşəcə fars sülələsi olan buveyhilər tərəfindən işğalını xatırlatmırmı?
- Mən belə deyərdim: İraqda sünniylə şiə bundan sonra bir yerdə yaşamaz. Bu, Avropa, İran və Amerika tərəfindən planlanmış bir siyasi oyundur. Təəssüf ki, Türkiyə İraqın vahid dövlət halında olmasına çox çalışdı, amma Ankaranı dinləmədilər.

- Türkiyədən umduğunuz nədir?
- Biz yalnız Türkiyədən deyil, bütün türkdilli xalqlardan dəstək istəyirik. Bizim dədələrimiz Azərbaycandan gəliblər. Ona görə bütün türk dövlətlər İraqdakı türkmənlərin sıxıntılarını paylaşsınlar, söhbət mədəni, səhiyyə və təhsil sahəsində bizə dəstəkdən gedir. Azərbaycan və bütün türk dövlətləri bilsin ki, İraqda 3 milyona yaxın türkmən var, onlar böyük sıxıntıda yaşayır, ən azından bizim üçün dua etsinlər və bir hadisə olan kimi 6-8 min insan ayağa qalxıb etirazını bildirsin. Bir məsələni deyim, mən bir türkmən kimi Türkiyədə vətəndaşlığa qarşıyam, Ankara qapını açsa, İraq türkmənlərinin yarısı gedəcək. O zaman Kərkük, Türkməneli torpaqlarımız boş qalacaq, Türkiyə yetərincə dəstək verib, amma ayaqda dayanmağımız üçün daha çox dəstəyə ehtiyac var. Məsələn, səhiyyə, iqtisadi, təhsil və mədəniyyət məsələlərindəki sıxıntılarımızın aradan qaldırılmasına dəstək lazımdır. Çünki İraqdakı digər millətlərlə müqayisədə türkmənlər maliyyə-iqtisadi, səhiyyə, təhsil və kültür məsələlərində geridə qalıb. Düzdür, öz dilimizdə ibtidai və orta məktəblərimiz var, amma universitetlərimiz yoxdur. İraq konstitusiyasında bu hüquqlar verilsə də, olanları da çox çətinliklə əldə etmişik. Konstitusiyaya görə, türk dili türkmənlərin yaşadığı bölgədə rəsmi dildir. Ancaq bölgədə hakimiyyət kürdlərin və ərəblərin əlində olduğundan konstitusiyanın bu tələbinə əməl olunmur.

- İraq hakimiyyət yetkililərilə görüşüb bu problemləri gündəmə gətirmisinizmi?
- 10 gün öncə mən də daxil olmaqla 5 türkmən İraq prezidenti Fuad Mahsumu, parlament başqanını və digər rəsmiləri ziyarət etdiyimiz zaman danışdığım sıxıntıları onlara anlatdıq. 10 ildir belə davam edir, amma heç bir reaksiya olmur.

- Bu gedişlə gözləntiniz nədir?
- Bu, 100 ildir davam edən türklük davasıdır. Yenə də davam edəcəyik, Kərkükdə, Telaferdə, Mosulda mücadiləmiz dayanmayacaq.
Bu xəbər oxucular tərəfindən 918 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed