Şrift:
İranın“Hizbullah” təşkilatından Bakıya növbəti hədə məktubu gəlib
27.03.2012 [13:57] - Güney Azərbaycan xəbərləri
“HİZBULLAH”dan AZƏRBAYCAN PREZİDENTİNƏ HƏDƏ MƏKTUBU
İran-Azərbaycan münasibətlərindəki gərginlik səngimir
“Hizbullah Ənsarı” Təşkilatının Təbriz nümayəndəliyinin baş katibi Ruhulla Becani and içir ki, “Eurovision”a görə Azərbaycan konsulluğunu dağıdacaq; Becani bundan əvvəl də rəsmi Bakını təhdid edib



İranla Azərbaycan arasında gərginliyin davam etdiyi bir vaxtda “Hizbullah” təşkilatından Bakıya növbəti hədə məktubu gəlib. “Hizbullah”ın İran qolu olan “Hizbullah Ənsari” təşkilatının Təbriz nümayəndəliyinin baş katibi, höccətülislam Ruhulla Becani prezident İlham Əliyevə ünvanladığı məktubunda and içərək bildirib ki, onun hakimiyyəti “antiislam siyasətinə” son verməsə, bu şəhərdəki Azərbaycan konsulluğunu dağıdacaq. R.Becaninin məktubu barədə onun təmsil etdiyi təşkilatın ansar-tabriz.com saytı xəbər verir. İranlı ruhani Azərbaycanın “antiislam siyasətini” pisləyərək yazır: “Əgər sən Bakıda ”Eurovision" müsabiqəsi və gey-parad keçirilməsinə şərait yaradırsansa, and içirəm ki, ölkəmin mövqeyindən asılı olmayaraq sənin Təbrizdəki konsulluğunu bağlayacağam. Bu halda mən heç bir prezidentin, o cümlədən Əhmədinejadın çağırışına qulaq asmayacağam. Bu, mənim son xəbərdarlığımdır və Allah şahiddir ki, bu müqəddəs addım üçün hətta öz qanımı axıtmağa da hazıram".


“Hizbullah Ənsari” təşkilatı və onun Təbrizdəki təmsilçisi R.Becani bundan əvvəl də Azərbaycanı təhdid edib. O, Azərbaycanın İsraillə tərəfdaşlığına cavab olaraq fevral ayında ölkəmizin Təbrizdəki konsulluğuna hücum təşkil edəcəyini bildirmişdi və aksiyanın tarixini də açıqlamışdı. Lakin görünür İran hakimiyyətinin işə qarışmasından sonra Becani konsulluğa hücumu təxirə salıb. Bununla belə, Becaninin ansar-tabriz.com saytında Azərbaycanın ünvanına təhdidlərlə dolu çıxışının mətni qalmaqda idi. “Hizbullah” təmsilçisi bildirirdi ki, Azərbaycanın konsulluğu İsrail agentlərinin “yuvasına” çevrilib və onun fəaliyyəti dayandırılmalıdır. Qeyd edək ki, XİN rəhbərlərinin Naxçıvan görüşündən və müdafiə naziri S.Əbiyevin Tehrana səfərindən sonra İranla Azərbaycan arasında gərginliyin yumşaldığı barədə fikirlər yaranmışdı. Lakin Əbiyev Tehrandan dönən kimi MTN İranın xüsusi xidmət orqanlarına işləyən 22 nəfərlik casus şəbəkəsinin ifşa olunması ilə bağlı məlumatı yaydı. Bu, o demək idi ki, Əbiyevin səfərinin pərdəarxasında cərəyan edən danışıqlardan heç bir nəticə hasil olmamışdı; tərəflər ortaq məxrəc tapa bilməmişdilər. Bu səbəbdən də Azərbaycan əlində saxladığı kozırı dərhal ortaya çıxartdı. Nəticədə münasibətlər əvvəlki məcrasına döndü. İran Azərbaycana növbəti etiraz notası verdi və Bakını ikitərəfli münasibətlərin qaydaya salınmasına dair az əvvəl əldə edilmiş razılaşmaları pozmaqda günahlandırdı. Ardınca iranlı din xadimlərinin Azərbaycanı hədəf alan çıxışları başladı.
“Hizbullah” nümayəndəsinin hədəsinin Tehranın siyasəti ilə birbaşa bağlılığı olmasa da, Becaninin məktubu İranın Azərbaycana qarşı təhdidlərinin tərkib hissəsi sayıla bilər. İranda real hakimiyyətin məhz ayətullahların əlində olduğunu nəzərə alan ekspertlər bu çevrələrin Bakıya qarşı daha sərt mövqeyə tərəfdar olduğunu qeyd edirlər. İndiki halda prezident Əhmədinejadın və ona tabe olan xarici işlər nazirinin Azərbaycanla normal qonşuluq münasibətlərini saxlamaq cəhdləri ayətullahların müqaviməti ilə qarşılaşır. Bu mövzuda əldə edilən digər xəbərə görə, Novruz bayramı günlərində Azərbaycana səfər edən İran vətəndaşlarına bu ölkədə xəbərdarlıq edilib ki, onların hər biri potensial agent kimi həbs edilə bilər. Xəbərdarlığın təsiri ilə bu il Novruz bayramı günlərində Bakıya gələn iranlıların sayının kəskin azaldığı bildirilir. Baxmayaraq ki, İranla sərhəd cənub rayonlarında iranlı turistlərin sayının az olmadığı görünüb.
Bu xəbər oxucular tərəfindən 1301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed