Şrift:
Gələn il elm sahəsinə dövlət büdcəsindən 122,6 milyon manat ayrılacaq
12.10.2011 [15:47] - Mədəniyyət
2012-ci ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti sahələri üçün 4325,4 milyon manat vəsait ayrılacaq. Bu, ötən illə müqayisədə 10,8 faiz çoxdur. Maliyyə Nazirliyindən verilən məlumata görə, bu, 2012-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Sadalanan sahələr üzrə nəzərdə tutulmuş xərclər dövlət büdcəsinin xərclərinin 25,5 faizini təşkil edəcək.

Gələn il elm sahəsinə 122,6 milyon manat vəsait ayrılacaq. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşməsinə yönəldiləcək.

Elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi müəssisələrin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat vəsait ayrılacaq.
Bu xəbər oxucular tərəfindən 1384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed