Şrift:
Rusiya Ermənistanda RLS tikintisinə başlayıb?
06.04.2012 [12:04] - Sosial
"Alte Et Certe" analitik bürosunun rəhbəri bildirib ki, stansiya Armavir vilayətində tikilir

Rusiya artıq Ermənistanın Armavir vilayətində yeni radiolokasiya stansiyasının (RLS) tikintisinə başlayıb. Bu informasiyanı REGNUM agentliyinin müxbiri ilə söhbətində Moksvada yerləşən Alte Et Certe analitik bürosunun rəhbəri Andrey Yepifantsev verib. Andrey Yepifantsev Armavirdə tikiləcək radiolokasiya stansiyasının Azərbaycanın Qəbələ rayonundakı RLS-in yerinə yetirdiyi funksiyanı həyata keçirəcəyini bildirib.

Xatırladaq ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin raketdən müdafiə kompleksinin 8 əsas stansiyalarından biri olub. Hazırki müqavilə ilə Rusiya Qəbələ Radiolokasiya Stansiyasının icarəsinə görə, ildə 7 milyon dollar ödəyir. Bu ilin sonunda Qəbələ Radiolokasiya Stansiyasının icarə müddəti başa çatır.

Ekspertlərin sözlərinə görə, Azərbaycan bu məbləği 15 milyon dollara qədər artırılmasını istəyir. Bundan əvvəl, Azərbaycanın bir sıra əlavə şərtlər irəli sürdüyü barədə məlumatlar yayılsa da, Rusiyanın xarici işlər naziri Sergey Lavrov onları təkzib edərək əsas məsələnin icarə haqqı olduğunu demişdi. Lavrov iki ölkə arasında icarə məsələsində prinsipial fərqin olmadığını bildirmişdi.

Bütün bu deyilənlərin fonunda Ermənistanın baş naziri Tiqran Sarkisyan aprelin 4-də çıxış edərək Ermənistan ərazisində RLS tikintisi üçün Rusiya tərəfi ilə danışıqlar aparmağa hazır olduğunu bildirmişdi.

Ekspertlər bu bəyanatın ortaya atılmasında Rusiya tərəfinin maraqlı olduğunu hesab edirlər. Belə ki, Rusiya bu amildən Azərbaycan tərəfi ilə danışıqlar zamanı Qəbələ RLS-in icarə haqqının aşağı salınması üçün təzyiq vasitəsi kimi istifadə edə bilər.

Erməni hərbi ekspert David Arutyunov isə Qəbələ RLS-in coğrafi mövqe baxımından geosiyasi gücə malik olduğunu etiraf edib: “Qəbələ RLS-in yerləşdiyi geostrateji ərazi Rusiyaya ABŞ-la Raketəleyhinə Müdafiə Sistemi sahəsi üzrə siyasi ticarət aparmağa imkan verir”, - deyə hərbi ekspert bildirib.

Qəbələ radiolokasiya stansiyası Rusiyanın hava hücumundan müdafiə sisteminin mühüm elementi sayılır və Yaxın Şərq, Fars körfəzi regionununda hava məkanında baş verənləri izləmək iqtidarındadır.
Bu xəbər oxucular tərəfindən 1210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed