Şrift:
Qarabağ müharibəsindən bəhs edən - “Ümidlərin izi ilə” kitabı Qazaxıstanda təqdim olundu
26.01.2017 [11:13] - Gündəm
Qazaxıstanın Əl-Farabi Dövlət Universitetində Türkçə Danışan Jurnalistlər birliyi, “Global Karyera İnstitutu” və həmin universitetin Jurnalistika fakultəsinin dəstəyi ilə Qarabağ müharibəsi zamanı erməni vəhşiliyindən bəhs edən, Şəmil Sadıq və Müşfiq Xan tərəfindən qələmə alınan “Ümidlərin İzi ilə“ adlı kitabın təqdimat mərasimi keçirilib.

Əl-Farabi Universitetinin Jurnalistika fakültəsinin dekanı Prof.Dr. Meduebek Sagatbek tədbiri açaraq, Qazaxıstanda daim diqqətdə saxlanılan Dağlıq Qarabağ problemindən bəhs edib. O bildirib ki, bu kitab vasitəsilə Qarabağ müharibəsi, eləcə də bu müharibənin meydana çıxardığı problemlərlə yaxından tanış olmaq olar. Tədbirin ideya müəllifi və təşkilatçılarından olan “Global Karyera İnstitut”unun direktoru və Azərbaycan Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin son illər apardığı xarici siyasət əsasən Dağlıq Qarabağ probleminin həllinə köklənib. Biz də Türk dövlətlərində bu təbliğatın aparılmasını özümüzün vətəndaşlıq borcumuz hesab edirik. Bu gün türk xalqlarının ən böyük problemlərindən biri də bir-birlərini tam anlaya bilməməsidir. Bunu nəzərə alaraq romanın Qazaxıstanda nəşrini rus dilinə tərcümə etdirərək yayımladıq. Çalışacağıq ki, bu sahədəki fəaliyyətimiz davamlı olsun və Qarabağ mövzusundakı əsərlərin qazax türkcəsində nəşrinə nail olaq.

Azərbaycanda fəaliyyət göstərən aktiv QHT-lərdən biri olan Gənclər üçün Təhsil Mərkəzinin (GTM) icraçı direktoru Fəxrəddin Həsənzadə də çıxış edərək türkdilli xalqların ortaq problemlərindən danışıb. QHT rəhbəri bildirib ki, bu cür ortaq problemlərdən biri də Ermənistan tərəfindən Azərbaycan torpaqlarının – Qarabağın və ona bitişik rayonların işğalıdır. Bu işğal nəticəsində ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkün yaranıb. Daşnaklar tərəfindən Qarabağ müharibəsi zamanı amansızcasına qətllər törədilib. Müharibə qanunları pozularaq yaşlı, uşaq və qadınlar, əliyalın insanlar öldürülüb.

Qazaxıstanın Türkçə Danışan Jurnalistlər birliyinin sədri Naziya Zoyamərgənqızı Azərbaycanın problemlərinə işıq tutmağa hər zaman hazır olduqlarını bildirərək, iki dost və qardaş ölkənin ortaq problemi olan Dağlıq Qarabağ və Xocalı soyqırımının Qazaxıstan xalqını narahat etdiyini diqqətə çatdırıb. UNESCO təmsilçisi, TÜRKSOY təmsilçisi və çox sayda qonağın qatıldığı tədbirdə yekun nitqini kitabın həmmüəllifi Şəmil Sadiq edərək, iştirakçı və jurnalistlərin suallarını cavablandırıb. Sonda tədbir iştirakçılarına kitablar imzalanaraq hədiyyə olunub.
Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed