Şrift:
İki deputatın söz savaşına həmkarlarından reaksiyalar gəldi
30.01.2017 [10:17] - Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Qaçqınkom”da bu cür halların olduğunu deyirsə..."
Elman Məmmədov: “Burada başqa məqsəd yoxdur”

Prezident İlham Əliyevin məcburi köçkünlərə 36 manat aylıq vahid müavinətin təyin edilməsi ilə bağlı verdiyi fərmana reaksiyalar müxtəlifdir.

Mövqelərin bir qismi bundan ibarətdir ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərini azaltmaq, qurum daxilindəki korrupsiya hallarını aradan qaldırmaq üçün belə fərman verilib. Digər bir mövqe də bununla bağlıdır ki, məcburi köçkünlərə edilən güzəştləri mərkəzləşdirmək üçün belə addım atılıb. “Qaçqınkom”un ləğv edilməsi üçün belə fərmanın imzalandığı barədə fikirlər də var.
Artıq fərmanla bağlı parlament daxilində də mövqelər fərqlənir. Deputat Çingiz Qənizadənin fərmana münasibət bildirərkən, “Qaçqınkom” daxilində korrupsiya hallarının olması ilə bağlı fikirlər səsləndirməsi onu həmkarı, zəngilanlı deputat İmamverdi İsmayılov ilə üz-üzə qoyub. Günlərdir iki deputat arasındakı “söz savaşı” səngimək bilmir.
Həmkarlarının iki deputatın savaşına mövqelərini aldıq.


Xocalılı deputat Elman Məmmədov deyilən fikirlərlə razı deyil: “Sizin qəzetə də bu barədə açıqlama vermişəm. Bu fərmanın verilməsində yeganə məqsəd dövlət büdcəsindən məcburi köçkünə ayrılmış vəsaitin heç kimin qarışacağı olmadan birbaşa həmin məcburi köçkünün özünə çatdırılmasıdır. Burada başqa məqsəd yoxdur. Doğrudur, cəmiyyət daxilində istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə neqativ halların olması ilə bağlı fikirlər səslənib. Aidiyyəti qurumlar arasında köçürmə əməliyyatları gedirdi, yəni qaz, işıq və su ilə bağlı xərcləri ”Qaçqınkom" aidiyyəti qurumlara köçürürdü. Bu zaman insanlar bəzi şeylər düşünürdülər. Bu versiyaların aradan qaldırılması, vəsaitin birbaşa məcburi köçkünə nəğd pulla çatması üçün cənab prezident bu fərmanı imzaladı. Yerinə imzalanmış çox müsbət bir fərmandır. Bu qərarı alqışlayıram. Artıq məcburi köçkün əmindir ki, dövlətimiz ayda ona 36 manat pul verir və o, nə cür istəsə, həmin məbləğdən istifadə edə bilər, müvafiq qurumların fəaliyyətini gözləmədən. Çünki həmin təşkilatların o pula müdaxilələri yoxdur. Nə qədər qaz, işıq, su sərf etsən, özün ödəyəcəksən".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev iki həmkarı arasındakı qarşıdurmaya münasibət bildirmək istəmədiyini söylədi: “Hər kəsin fikir bildirmək haqqıdır və bu baxımdan onlar barədə nəsə demək istəmirəm. Fərmanda bir çox məsələlər var. Orada açıq şəkildə göstərilib, hətta bunu məcburi köçkün deputatlar da deyiblər. Məcburi köçkünlər arasında ərazi dəyişiklikləri olub. Həmin ərazilərdə ödəmələrdə müəyyən anomal hallar yaranıb. Bu baxımdan ödəmələri məcburi köçkünlərin özlərinin ödəməsi daha münasib sayılıb. Digər tərəfdən zorla öz torpaqlarından çıxarılandan sonra məcburi köçkünlərin bir qismi işlə təmin olunub, dövlət idarələrində çalışırlar. Mənzillə təmin olunanlar da var. Bunlar əhalidən heç də fərqlənmirlər. Doğru olaraq müavinətlər onlara verilməyəcək. Amma imkanı zəif olanlar, iş yeri və evlə təmin olunmayanların müavinətləri kəsilmir. 36 manat kartlar vasitəsilə onların özlərinə veriləcək. Əgər deputat ”Qaçqınkom"da bu cür halların olduğunu deyirsə, ondan soruşmaq lazımdır ki, bunu əsaslandırsın".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 1119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed