Şrift:
"NAXÇIVANDAKI VƏZİYYƏTLƏ BAĞLI ƏLAHİDDƏ TƏDBİRLƏR GÖRMƏLİYİK"
09.03.2017 [11:19] - Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkili Fərəc Quliyev: “Prezidentə müraciət edib limiti yüksəltmək mümkündür”

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi Tarif Şurasına sorğu göndərəcək

Naxçıvan Muxtar Respublikasının bir qrup sakini redaksiyamıza müraciət edib. Bildirirlər ki, son illər havaların ildən-ilə soyuqlaşmasını Azərbaycan üzrə ən çox hiss edən naxçıvanlılardır. Kəskin soyuqlardan əziyyət çəkən naxçıvanlılar istilik təminatı üzündən həm də maddi baxımdan zərərə məruz qalırlarlar. Çünki istilik enerjisi üçün əlavə kommunal xərc çəkməli olurlar. Ələlxüsus da kommunal xidmətlərin qiymətlərinin bahalaşmasından sonra məxaric daha da artıb.
Məlumdur ki, Tarif Şurası ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında təbii qazın pərakəndə satış tarifinə görə, əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrədək artırdı. Aylıq elektrik enerjisi istehlakı üzrə limiti isə 250 kilovat-saatdan 300 kilovat-saatadək artıb. Yəni təbii qazın illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün kubmetri 10 qəpik, 1700 kubmetrdən çox olanda isə 20 qəpikdən hesablanır. Aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək, mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Kürdəmirlə Naxçıvanın havası nə qədər fərqlidirsə, kommunal xərcləri də o qədər fərqlidir

Naxçıvanlılar isə təbii qaz və elektrik enerjisində güzəşt limitinin muxtar respublika əhalisi üçün daha yüksək olmasını istəyirlər. Belə ki, ölkə başçısına, Tarif Şurasına üzlərini tutub Naxçıvan əhalisi üçün daha humanist güzəşt tətbiq olunmasını xahiş edirlər: “Qışı soyuq keçməyən Kürdəmir havası ilə sərt qışı olan Naxçıvan havası arasında dağla dərə qədər fərq var. Odur ki, biz bu fərqin nəzərə alınmasını xahiş edirik. Daha yüksək güzəşt limitinin tətbiq olunmasını arzulayırıq”.
İqlimşünas alimlər də bildirirlər ki, tədrici qlobal soyuqlaşma Azərbaycan ərazisində ən çox Naxçıvan Muxtar Respublikasında özünü büruzə verir.

Ən sərt qış da, ən qızmar yay da Naxçıvanda

Bakı Dövlət Universitetinin müəllimi, iqlimşünas alim Əsgər Məmmədov deyir ki, Azərbaycanın digər regionları ilə müqayisədə ən sərt iqlim Naxçıvana məxsusdur.
Muxtar Respublikada mütləq maksimum temperatur +44 °C (Culfada); mütləq minimum temperatur - 32 °C (Culfada) qeydə alındığı tarixlər olub ki, bunu da mütəxəssislər kəskin kontinental iqlim tipi hesab edir.
Alimin sözlərinə görə, Azərbaycanın digər bölgələrində belə iqlim şəraiti olmayıb, kəskin soyuqlar da, qızmar istilər də ən çox Naxçıvanda olur: “Bizim tədqiqatlara görə, yavaş-yavaş qlobal soyuma prosesi gedir. Soyuq regionlarda isə daha çox enerji ehtiyatı tələb olunur. Məsələn, soyuq qurşaqda yerləşən Moskva kimi şəhərə bir qış ərəfəsində Bakıya nisbətən 5 dəfədən artıq enerji ehtiyatı lazımdır. Yəni büdcədən 5 dəfədən çox vəsait ayrılmalıdır ki, yalnız Moskva istiliklə təchiz olunsun. Naxçıvan sakinləri də kontinental ərazidə yaşayırlar, onlarda yay kəskin isti, qış kəskin soyuq olur. Ona görə də naxçıvanlıların qaz, işıq, istilik təminatı yüksək olmalıdır və bu fərqin gözlənməsi vacibdir”.
"NAXÇIVANDAKI VƏZİYYƏTLƏ BAĞLI ƏLAHİDDƏ TƏDBİRLƏR GÖRMƏLİYİK"
İnkişaf etmiş ölkələr iqlim fərqini nəzərə alıb, böyük qazanclar götürürlər

İqlimşünas alim dedi ki, inkişaf etmiş ölkələrdə də belə təcrübə var: “Naxçıvanda da əhalinin sıxlığı, istehsal müəssisələrinin həcmi, iqtisadi amillər nəzərə alınmalıdır. Bunun üçün konkret və dəqiq statistika lazımdır. Doğrudur, Bakı və digər bölgələrlə Naxçıvan arasında qurşaq fərqi bir o qədər də yoxdur. Amma iqlimin kontinental olması böyük rol oynayır. İnkişaf etmiş ölkələrin əksəriyyətində belə bir təcrübə var, ərazinin coğrafiyasına görə iqlim fərqi nəzərər alınır. Amerika Birləşmiş Ştatları ölkələrinin şimal bölgələri ilə cənub bölgələri arasında, Avropanın şimal hissəsi ilə cənub və orta hissəsində bu təcrübə tətbiq olunur və bundan böyük qazanclar götürürlər”.

Proqnozun düzgünlüyünün 1 faiz artması milyon dollar qazancdır

Alimin sözlərinə görə, bu nisbətin gözlənməsi iqtisadi baxımdan səmərə gətirir. Bunun üçün isə uzunmüddətli, düzgün hava proqnozlarının hazırlanmasına ehtiyac var: “Uzunmüddətli hava proqnozlarının özünü doğrultma dərəcəsinin yalnız 1 faiz artırılması dövlət büdcəsinə gələn gəlirin milyon dollarla ekvivalentidir. Çox təəssüüf ki, Azərbaycanda uzunmüddətli hava proqnozları hazırlanmır, proqnozlar hazır şəkildə alınır. Amma elmi-tədiqaqat işlərimizdə bu proqnozlar hardasa 70 faiz olur. Bütün dünyada da belədir, bu proqnoz 70 faizi keçmir. Yaxşı olardı ki, aidiyyəti qurum Azərbaycan, o cümlədən Naxçıvan üçün uzunmüddətli hava proqnozları hazırlasın. Bu, iqtisadi baxımdan da çox səmərəli və vacibdir”.

Deputat Siyavuş Novruzovun mövqeyi: “Vaxtım yoxdur”

Məsələyə Naxçıvandan olan millət vəkillərinin mövqeyini öyrənmək istədik. Ötən həftə 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Hürriyyət” adını eşitcək dedi ki, vaxtı yoxdur, 1 saat sonra zəng edək. Bir saat sonra telefona özü cavab vermədi, cavab verən şəxs dedi ki, Siyavuş müəllim iclasdadır. Sonrakı zənglərimizdə isə telefonu söndürdü.
Dünən təkrar zəngimizə yenə də telefonu söndürməklə cavab aldıq. Başqa mobil nömrədən telefon açdıq. Telefonu qaldıran Siyavuş Novruzov “Hürriyyət” adını eşitcək yenə də vaxtı olmadığını bəhanə gətirib, telefonu qapadı.

Deputat Eldar İbrahimov tanımadığı nömrələrə baxmır

4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə ümumiyyətlə, tanımadığı nömrəyə cavab verməyə görünür, ehtiyat edir. Bir neçə gün davamsız zənglərimizə cavab verməyib, telefonu söndürdü.

Deputat Fərəc Quliyev: “Naxçıvanda həqiqətən enerji istehlakı çoxdur”


Nəhayət mövzu ilə bağlı naxçıvanlılara vəkillik etməyə bir millət vəkili tapdıq. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərc Quliyevlə danışdıq. O, mövzu ilə bağlı verilən mütəxəsis rəyinə tam şərik olduğunu bildirdi: “Dedi ki, Muxtar Respublikada həqiqətən də enerji istehlakı çoxdur. Həm də Naxçıvan çox strateji və blokadada olan bir yerdir. Naxçıvan Azərbaycanın coğrafi mənada əsas ərazilərindən ayrı düşüb. Orda olan vəziyyətlə bağlı biz əlahiddə tədbirlər görməliyik. Mən həmişə onun tərəfində olmuşam ki, Naxçıvanın infrastruktur inkişafı üçün, əhalinin orda daimi yaşaması, Bakıya, başqa ərazilərə iş üçün getməməsi üçün ciddi iş yerləri olmalıdır, orda emal sənayesi inkişaf etdirilməlidir, kənd təsərrüfatı ilə bağlı inkişafa xüsusi səylər göstərilməlidir, fərdi istehsalla məşğul olan insanların öz məhsullarını kənara çıxarıb satmaq imkanları araşdırılmalıdır, dövlətin onlardan bu məhsulları təhvil alması üçün tədbirlər görülməlidir, gömrük taariflərinə xüsusi diqqət olmalıdır ki, insanlar bundan faydalana bilsinlər. Düşmən dövlətlər belə - Ermənistanı nəzərdə tuturam - sərhəd bölgələrdə yaşayanlara xüsusi imtiyazlar tətbiq edirlər”.

“Bu həm də Bakıdan Naxçıvana qayıdış üçün stimul olardı”

Millət vəkili dedi ki, Naxçıvanda həm qaz, həm işıq, həm də digər kommunal xidmətlərlə bağlı fərqli taariflər tətbiq etmək mümkündür: “Bunu Taarif Şurası da, başqa strukturlar da edə bilər. Ümumiyyətlə, elə bir stimul vermək lazımdır ki, insanlar daha çox Naxçıvandan Bakıya yox, Bakıdan Naxçıvana qayıtsınlar. Ordumuzun gücünü yox, həm də arxa cəbhədə yaşayanlarımızın gücünü də mütləq təmin etməliyik. Naxçıvanın statusu imkan verir ki, toxunulmazlığını təmin etsin. Ortada Qars müqaviləsi və digər müqavilələrə görə, Türkiyənin qarışmaq imkanı-filan var. Amma 1990-cı illərdə şahidi olduq ki, erməni qəsbkarları bunları nəzərə almayıb basqı edirdi və Naxçıvan camaatı fədakarcasına özünü müdafiəyə qalxırdı. Hansı ki, hələ onda Milli Ordu yox idi. Düşmənə qarşı hər kəs müqavimət göstərirdi. Ona görə mən həm mütəxəssislərin fikirləriylə razılaşıram, həm də bildirirəm ki, digər tədbirlər də görülməlidir”.

“Naxçıvanlılar cəbhə bölgəsində əsgər statusundadırlar”

Son vaxtlar Naxçıvanda çox ciddi inkişaf getdiyini deyən Fərəc Quliyev bildirdi ki, kəndlərin qazlaşdırılması, fasiləsiz elektriklə təmin olunma, yolların abadlaşdırılması kimi müsbət irəliləyişlər var: “Amma ümumi məsələlər var ki, bunlara da diqqət yetirməliyik. Ora kiçik bir ərazidir, o qədər də əhali yoxdur. Naxçıvanlılar cəbhə bölgəsində əsgər statusu ilə yaşayırlar. Onlara müəyyən güzəştlərin tətbiq olunması yaxşı olardı”.

“Prezidentə müraciət edib kvotanı artırmaq lazımdır”

Millət vəkili onu da dedi ki, bir neçə gün əvvəl Milli Məclisdə komitələrin birgə iclasında bu məslələrə toxunub və çağırış edib ki, məsələ ilə bağlı prezidentə müraciət edib, kovotanı artırmaq ən münasib variant olardı: “Mən ümumiyyətlə, təklif eləmişdim ki, qiymətlərin dəyişilməsilə bağlı Tarif Şurasının qərarı ləğv olunsun. Amma məsələ burasındaddır ki, qərar qəbul olunandan sonra hamı ona tabe olur və başlayır onu icra elməyə”.

Milli Məclisdə bu məsələni qaldırmaq olmazmı?

Deputat belə cavab verdi: “Əlbəttə, Milli Məclisdə də məsələni qaldırmaq mümkündür, amma hesab edirəm ki, Tarif Şurası, yaxud Naxçıvanın özündə də müəyyən strukturlar bunu edə bilər. Fikrimcə, ehtiyac olarsa, Milli Məclisdə də qaldırılan bu məsələyə dəstək verilər”.
Naxçıvan Ali Məclisinin mətbuat əlaqələndiricisi dinləyə bilmir
Məsələnin Naxçıvanda rəsmi dairələrinə çatdırılması məqsədilə Naxçıvan Ali Məclisinin mətbuat xidmətinin rəhbəri Ülvi Hüseynli ilə əlaqə saxladıq. Ülvi Hüseynli bizi sona qədər dinləməyib, telefonu söndürdü və sonrakı zənglərimizə cavab vermədi.
Bakıdakı Naxçıvan Daimi Nümayəndəliy iilə əlaqə saxladıq. Bu qurum da bizə ənənəvi cavab verdi: sorğunuzu yazılı göndərin, biz rəhbərliyə çatdırarıq.

Naxçıvanlılar Tarif Şurasına sorğu göndərir

İqtisadiyyat Nazirliyinin nəzdində olan Tarif Şurası yetkililərinin nəzərinə məsələni ərz etmək üçün nazirliyin mətbuat katibi Abas Əliyevlə əlaqə saxladıq. Abbas Əliyev bizi dinlədi və bildirdi ki, naxçıvanlıların müraciətilə əlaqədar onun elektron ünvanına sorğu göndərək, o da bu sorğunu Tarif Şurasına ünvanlasın. On u da dedi ki, müvafiq cavab olduqda bizi məlumatlandıracaq.
Nazirliyin mətbuat sözçüsünün dediyi kimi etdik. Ümid edirik ki, cavab alacağıq.

SEVİL, Hurriyyet.org

P.S. Mövzunu davam etdirəcəyik.
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed